!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bakıda baş tutacaq iki BÖYÜK MATÇ: Media kapitanlarının oyunla bağlı gözləntiləri nələrdir? - SORĞU

!Reklam – Yazi

Sabah UEFA Konfrans Liqasının III təsnifat mərhələsində saat 21:00-da “Neftçi Arena”da “Neftçi” – “Beşiktaş” futbol matçı keçiriləcək. Eyni zamanda, sabah saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” – “HJ Helsinki” futbol matçı baş tutacaq.

Maraqlıdır, media nümayəndələrimizin hər iki matçla bağlı gözləntiləri nədir?

Yenicag.az-ın əməkdaşı bu sualla bağlı mətbuatımızın tanınan simalarına müraciət edib.

Hər iki matçla bağlı “Medianews.az” saytının rəhbəri Ələsgər Süleymanlı Yenicag.az-a açıqlamasında bildirib ki o, “Qarabağ”ın azarkeşidir:

“Qarabağ”a azarkeşlik edəcəyəm. “Neftçi”- “Beşiktaş” matçında o qədər də nikbin deyiləm. Amma “Qarabağ”ın qələbəsinə inamım var. Hesablar hər iki matçda 2:1 olacaq. “Qarabağ” və “Beşiktaş”ın xeyrinə”.

“Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər bildirib ki, “Qarabağ”dan qələbə gözləyir:

“Qarabağ”dan fərqli olaraq, “Neftçi”nin Konfrans Liqasının 3-cü təsnifat mərhələsində ciddi bir nəticə göstərəcəyinə inamım yoxdur. Yaxşı olardı ki, “Neftçi” “Beşiktaş”ın yolunda mane törətməyəydi və “Beşiktaş” türkün şanlı bayrağını “Qarabağ” kulubu ilə birlikdə növbəti mərhələlərdə dalğalandırardı”.

“Bakupost.az” saytının rəhbəri Elçin Zahiroğlunun fikrincə, “Neftçi” – “Beşiktaş” oyunu Türkiyə komandasının qələbəsi ilə başa çatacaq. Hesab 2:1 və ya 3:1 ola bilər:

“Qarabağ” – “HJ Helsinki” oyununda isə ehtimalıma görə, “Qarabağ” iki top fərqi ilə qalib gələcək – 2:0 və ya 3:1. “Qarabağ”ın azarkeşiyəm. Qara Qarayev “Neftçi”yə transfer olduqdan sonra bu komandanı izləməyə başladım”.

“Azxeber.com” portalının baş redaktoru Hacıbəy Heydərli hesab edir ki, bu il avrokuboklarda Azərbaycan klublarından gözləntilər çox böyükdür:

“Qarabağ”la yanaşı, “Neftçi” və “Sabah” da bu il çox iddialıdır və ilk mərhələdə göstərdiyi oyunlar gözləntiləri daha da çoxaldıb. Düşünürəm ki, “Neftçi” – “Beşiktaş” oyununda bakılılar müqavimət göstərə biləcək və rəqibə asanlıqla təslim olmayacaq. Təbii ki, turun favoriti “Beşiktaş”dır. Çünki İstanbul klubunun heyətində dünya şöhrətli futbolçular var və onların hədəfi mərhələ keçmək yox, Konfrans Liqasında qalib olmaqdır. Ancaq “Neftçi” də bu il tamamilə yenilənib. Yeni klub rəhbərliyi, yeni baş məşqçi və yeni transferlə bakılılar “Beşiktaş”a şok yaşada bilərlər. “Neftçi” ilə müqayisədə “Qarabağ” – HİK cütünün favoriti, təbii ki, Qurbanovun yetirmələridir. Nə qədər tənqid olunsa da, ““Qarabağ” Azərbaycan futbolunun ən təcrübəli və azarkeşləri ən çox sevindirən klubudur. Düşünürəm ki, “Qarabağ” HİK-i asanlıqla məğlub edəcək və avroliqanın “play-off”una vəsiqə qazanacaq. Özüm sabahkı oyunlarda hər 3 klubundan uğurlu nəticə gözləyirəm. “Sabah” klubu da bu il Konfrans Liqasının qruplarına vəsiqə qazana bilər.

Azarkeşliyə gəlincə isə avroliqa oyunlarında bütün klublarımızı dəstəkləyirəm. Azərbaycan Premyer Liqasında isə uzun illərdir ki, “Neftçi” azarkeşiyəm”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Ceyhun Musaoğlu hesab edir ki, Qarabağ Azərbaycandırsa, Azərbaycan qalibdirsə, deməli, “Qarabağ” da qalibdir:

“Qarabağ”ın qələbəsinə inanıram, buna əminəm və gözləyirəm. Özümə və kainata da nikbin, müsbət enerji göndərirəm ki, özümüzə də qayıtsın. “Qarabağ”ın qalib gələcəyinə inanıram. Tapmaca xarakterli ola bilər deyə hesabı demək düzgün olmaz. “Qarabağ” hər yerdə qalib gəlib. Həm futbol komandası olaraq, həm də cənnət guşəmiz olaraq. “Neftçi”nin də qələbə qazanmasını arzulayıram. “Neftçi”yə, demək olar ki, azarkeşlik etmirəm, amma o da mənim doğma komandamdır. Titullu komandadır. İnamım azdır, arzum böyükdür. “Neftçi” ilə “Qarabağ”a, “Beşiktaş”a azarkeşlik edirəm”.

“Yeni Musavat” Media Qrupunun baş redaktorunun müavini Xalid Kazımlının fikrincə, daxili çempionatda kimin çempion olmasının o qədər də önəmi yoxdur:

“Mən başda“Qarabağ”” olmaqla, ölkəmizi avrokuboklarda təmsil edən bütün komandaların, o cümlədən milli komandamızın azarkeşiyəm. Sabah “Neftçi” – “Beşiktaş” oyununda Türkiyə klubunun 2 top fərqi ilə qalib gələcəyini, “Qarabağ”ın heç-heçə edəcəyini gözləyirəm”.

Qeyd edək ki, Avropa Liqasının III təsnifat mərhələsinin oyunları 10-17 avqust tarixlərində baş tutacaq.

Məsimə

www.yenicag.az

981
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv