Bakıda məşhur bazar bağlandı – FOTOLAR – Yenicag.Az

Reklam

Reklam

Sosial şəbəkələrdə “Şərq bazarı”nın sökülməsi ilə bağlı məlumatlar yayılıb.

Məsələni dəqiqləşdirmək üçün bazarın yerləşdiyi ərazidə olduq. Müşahidə etdik ki, “Şərq bazarı” kimi tanınan tarixi binada artıq ticarət köşkləri tamamilə yığışdırılıb. Yalnız bazarın ətrafında bəzi obyektlərə toxunulmayıb ki, onların da əslində “Şərq bazarı” nın binasına aidiyyəti yoxdur. Bundan başqa bazarın ətrafına dəmir hasar da çəkilib. Eyni zamanda girişlərdə mühafizə postu qoyulub və ətraf ciddi şəkildə mühafizə edilir.

Əvvəlcə onu qeyd edək ki, “Şərq bazarı”nda daha çox ucuz geyimlər, əşyalar satılırdı. Burada icarə pulu da aşağı olduğu üçün satıcılar mallarının üzərinə çox pul qoymurdular. Ancaq buna baxmayaraq son illər bazarda ticarət xeyli zəifləmişdi. Şəhərin mərkəzində tikilən iri ticarət mərkəzləri “Şərq bazarı”nın bazarını tamamilə öldürmüşdü. Bunun nəticəsində hələ ötən ildən etibarən “Şərq bazarı”nda “yarpaq tökümü” yaşanırdı. Bazarın girişindən kənarda yer götürən və vaxtilə güclü al-veri olan satıcılar, artıq müştəri olmadığı üçün yerlərini bağlayıb, bazarı tərk edirdilər. Hələ o zamandan bildirlirdi ki, “Şərq bazar”ı söküləcək.

Çünki bazarın ətrafında olan tikililər, yaşayış yerləri plana düşmüşdü və orada söküntü işləri aparılırdı. Ərazidə olduğumuz zaman öyrəndik ki, hazırda bazarda heç bir söküntü işi aparılmır. Sadəcə olaraq ətrafa hasarlar çəkilib. Mühafizəçilər bildirdilər ki, bu prosesdən sonra “Şərq bazarı”nın binası təmir olunacaq. Onlar qeyd etdilər ki, binanın tarixi qədim olduğu üçün heç bir əsaslı söküntü işləri nəzərdə tutulmayıb. Sadəcə olaraq restavrasiya işlərinin aparılması nəzərdə tutulub. Biz də bazarın ərazisində olduğumuz zaman hər hansı bir söküntünün şahidi olmadıq.

Məlumat üçün onu da qeyd edək ki, “Şərq bazarı” kimi qeyd olunan bina özünün memarlıq üslubuna görə 2001-ci ildən Nazirlər Kabinetinin qərarı ilə tarixi abidələr siyahısına salınıb. Buranın bərpa və yenidənqurma məsələlərinə görə Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafi və Bərpasi üzrə Dövlət Xidmətinə müraciət olunmalıdır.

Bina 1982-ci ildə memarlar – U.V.Revazov və P.İ.Yarinovsk layihəsi əsasında tikilib. Bina iki mərhələdə tikilib və burada hər bir detal Şərq üslubunda quraşdırılıb. Mütəxəssislər bildirirlər ki, əslində Azərbaycanda turizmin inkişafı üçün çalışılan bir vaxtda bu cür obyektdən də turizm məqsədləri üçün istifadə etmək olar. Bazar kimi fəaliyyət göstərdiyi ərəfədə bura tarixi binalıqdan demək olar ki, çıxıb, xarabalığı xatırladırdı. Çünki ticarətçilərin əksəriyyəti necə gəldi piştaxtalar qurub, bazarın çöl hissəsində çalışanlar selofan, köhnə taxtalar vasitəsilə özlərinə dam düzəltmişdilər.

Bazarın sökülməsi ilə bağlı yayılan məlumatlara Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov da münasibət bildirib. Belə ki, Ş. İbadov lent.az saytına açıqlama verərək bildirib ki, bazarın yerləşdiyi tikili tarixi əhəmiyyətə malikdir və tam sökülməyəcək: “Şərq bazarı” artıq 5-6 aydır fəaliyyətini dayandırıb. O bina tarixi memarlıq nümunəsidir, bu səbəbdən də sökülə bilməz. Onun içərisindəki konsuriksiyalar bərbad vəziyyətə salınıb. Bazarın içərində hərə bir arakəsmə, taxta ilə özünə bir obyekt düzəltmişdi. İndi həmin artıq şeylərin hamısı söküləcək. Ora gözəl bir tarixi memarlıq əsəri kimi başqa bir təyinatla istifadə olunacaq”.

RİH başçısının birinci müavini əlavə edib ki, hazırda “Şərq bazırı”nın daxilində təmir işləri aparılır: “Binanın əhatəsi bağlanıb və təxminən 6 aydan sonra “Şərq bazarı”nda işlər yekunlaşacaq. Təmir bitəndən sonra ətrafı gül-çiçəkli olan memarlıq abidəsi görünəcək”. (musavat.com)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1812
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."