!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda “Özbəkistan – Şərqin incisi” adlı sərginin açılışı oldu - FOTOLAR

!Reklam – Yazi

Aprelin 21-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Bakı Fotoqrafiya Evinin dəstəyi ilə Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən təşkil edilən “Özbəkistan – Şərqin incisi” adlı fotosərginin açılışı baş tutub.

Yenicag.az xəbər verir ki, “Новая Эпоха” (“Yeni Çağ”) onlayn analitik qəzetinin redaktoru, jurnalist və səyyah Rüstəm Qasımovun Özbəkistanın müxtəlif regionlarına səfəri zamanı çəkdiyi fotoşəkillərdən ibarət sərginin açılış mərasiminə Özbəkistanın Azərbaycandakı səfiri Bəhram Əşrəfxanov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, müxtəlif ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin rəhbərləri, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, mədəniyyət və ictimaiyyət xadimləri, tanınmış jurnalistlər qatılıblar.

Mərasimdə çıxış edən səfir Bəhram Əşrəfxanov Özbəkistan şəhərlərinin tanıdılmasında sərginin önəminə diqqət çəkib, bu şəhərlərin gözəllik və unikallığını əks etdirdiyini bildirib. Özbəkistanın şəkillərdə təsvir olunan bölgələrində tarixilik və müasirliyin həmahəng olduğunu qeyd edən səfir həmin şəhərlərin orta əsr və sonrakı dövrlər islam tarixi memarlıq abidələri ilə postmodernist dönəmin mədəniyyət əsərlərinin çulğaşdığı məkan kimi turistlərin diqqətini çəkəcəyini, bu mənada, sərginin Özbəkistanın turizm potensialını tanıdılmasında mühüm rol oynadığını vurğulayıb.

Şahin Seyidzadə isə çıxışında Özbəkistana Azərbaycan arasında mövcud mədəni münasibətlərdən bəhs edib, bu əlaqələrin tarixinin minilliklərə dayandığını bildirib, Bakıdakı karvansaralardan birinin adının “Buxara” olmasının bunu təsdiqləyən fakt olduğunu xüsusilə qeyd edib. Şahin Seyidzadə həmçinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu tərəfindən Özbəkistanın tarixi şəhər və məkanları ilə bağlı yeni layihələrin həyata keçiriləcəyinin anonsunu da verib.

Fotoların müəllifi Rüstəm Qasımov çıxış edərək Özbəkistanın tarixi şəhərlərinə səfərinə yardımçı olduqları və sərgi təşkil edilməsi təşəbbüsünə görə səfir B.Əşrəfxanov timsalında əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Sərginin Özbəkistanın Daşkənd, Səmərqənd və Buxara şəhərlərinin tarixi və modern mənzərələrini birləşdirdiyini diqqətə çatdıran R.Qasımov fotolarda zəngin mədəniyyətə, adət-ənənələrə və böyük irsə malik Özbəkistan xalqının həyat və məişət tərzinin əks olunduğunu qeyd edib.

Daha sonra iştirakçılar fotolarla tanış olub, müəlliflə öz fikirlərini bölüşüblər.

Qeyd edək ki, Bakı Fotoqrafiya Evində keçirilən sərgi 22-23 aprel tarixlərində saat 10:00-dan 19:00-dək ziyarətçilərin üzünə açıq olacaq. Sərgiyə giriş sərbəstdir.

www.yenicag.az

2020
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv