!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının Baş planı üçün mümkün MALİYYƏ RİSKLƏRİ: “Özəl sektor o vəsaiti “cib”indən çıxarıb...”

!Reklam – Yazi

“Bakını Baş planı layihəsində monitorinq mexanizminə dair xüsusi müfəssəl sənədin hazırlanmasına da ehtiyac var”.

Bu fikirləri Bakının təsdiq olunan yeni Baş planına dair bəzi mümkün risklər haqda danışan iqtisadçı Eldəniz Əmirov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, zaman, keyfiyyət və büdcə sözügedən plan çərçivəsində nəzərdə tutulan layihələrin icrası üçün əsəs parametrlərdir:

“Bakının 225 səhifəlik yeni Baş planının yazılı izahının cəmi 64 səhifəsi icra proseslərinə dair effektiv tərəfi əhatə edir. Burada da ən “qorxulu məqamlar” 207, 208 və 209-cu səhifələrdə əks olunub. Çünki burada planın icrası üçün tələb edilən maliyyə vəsaitlərinin strukturu və ümumi 93 milyard 571 milyon manat vəsaitin lazım olduğu göstərilib. Bu hər il üçün ortalama 5 milyard 848 milyon manat deməkdir.

Müqayisə üçün deyim ki, işğaldan azad edilmiş ərazilər üçün bu il dövlət büdcəsində cəmi 3,9 milyard manat ayrılması nəzərdə tutulur. Yəni bu plana görə, təkcə Bakı üçün hər il nəzərdə tutulan vəsait işğaldan azad olunan bütün əraziləri əhatə edən iki iqtisadi rayonun yenidən qurulması və bərpası üçün xərclənən vəsaitdən illik 2 milyard manat çoxdur.

Amma ən mənfi cəhət odur ki, planlaşdırılan işlər üçün əslində, daha çox vəsait lazım olacaq. Ona görə ki, planın özündə belə cümlə var: “İnşa olunacaq hər hansı obyektin vahidinin dəyəri Bakı Dövlət Layihə İnstitutu tərəfindən aparılmış təhlillərə əsaslanır və bu dəyərlər Bakı şəhəri üzrə 2020-ci ilin cari orta qiymətlərini əks etdirir”.

İndi təsəvvür edək ki, 2040-cı ilə qədər 93,6 milyard manatlıq dəyər 20 illik ardıcıl inflyasiyanın təsiri ilə hansı səviyyəyə yüksələcək? Unutmaq olmaz ki, ölkə yalnız paytaxt Bakıdan ibarət deyil. Digər bir məsələ isə özəl sektorla bağlıdır. Yəqin planı sona qədər oxuyanlar onun maliyyə təminatında özəl sektorun xüsusi çəkisinə diqqət ediblər.

Burada “bərpa olunan enerji təsərrüfatları” üçün 2 milyard manat, “Ərazi inkişafı” üçün isə xərclərin 65 faizi, yəni 31 milyard manat özəl sektorun öhdəsinə düşəcək. Bu isə o deməkdir ki, xərclənəcək hər 100 manatın 35 manat 32 qəpiyi özəl sektorun payına düşür. Təbii ki bu zaman özəl sektor həmin vəsaiti “cib”indən çıxarıb dövlətə vermir. Bu sadəcə, biznes fəaliyyəti çərçivəsində, eləcə də infrastrukturların yaradılması və sair proseslər zamanı xərclənəcək vəsaitdir.

Buna görə “Ərazi inkişafı” üzrə xərclərin 65 faizi özəl sektorun payı kimi göstərilib. Ancaq əsas narahatedici məqam odur ki, yerdə qalan xərclərin 35 faizinin bir manatı belə heç bir halda hansısa qurumlar tərəfindən dolayı yollarla sahibkarların çiyinlərinə yüklənməməlidir. Bu, özəl sektorda ciddi fəsadlar yarada bilər.

O səbəbdən, 16 il davamlı ciddi nəzarət mexanizmi yaradılmalıdır. Nəzarət demişkən, 225 səhifəlik bu sənəddə planın icrasının monitorinqinə ümumi cümlələrlə yarım səhifədən də az yer ayrılıb. Halbuki bütün böyük proqram və layihələrin uğurunu şərtləndirən əsas mərhələ onun monitorinq hissəsidir. Bütün bunları nəzərə aldıqda, monitorinq mexanizminə dair xüsusi müfəssəl sənədin hazırlanmasına da ehtiyac olduğu açıq görünür”.

Nuray Məmmədzadə

www.yenicag.az

2071
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv