!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının tükənməyən tıxac PROBLEMİ: Sıxlığı necə azaltmaq olar? - AÇIQLAMA

!Reklam – Yazi

“Son dövrlər paytaxt yollarındakı tıxaclar Bakı sakinləri üçün ən ciddi problemlərdən birinə çevrilməkdədir”.

Yenicag.az xəbər verir ki, bunu Bakıda hər gün müşahidə edilən tıxac probleminə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, son 20 ildə Bakının infrastrukturunun kəskin inkişafı qeydə alınıb:

“Aydındır ki, infrastruktur genişlənməsəydi, o zaman daha kəskin tıxaclar müşahidə oluna bilərdi. Bu baxımdan, infrastrukturun inkişafı vacib idi və Bakı bu kontekstdən regionda seçilən şəhərlərdəndir. Tıxacların əsas səbəblərindən biri ölkədəki minik avtomobillərinin 70 faizindən çoxunun Bakıda istifadə olunmasıdır. Hər min nəfərə düşən avtomobillərin şəhərlər üzrə rəqəmləri göstərir ki, Bakı regionda ən çox avtomobilin istifadə olunduğu yaşayış məntəqələrindədir. Baxmayaraq ki, ölkə üzrə göstərici tamamilə fərqlidir. Bu baxımdan, tıxaclar əsasən Bakıda müşahidə olunur. Bu, digər iri şəhərlərimizdə ciddi çətinlik hesab olunmur. Tıxaclar iqtisadi fəaliyyətə də neqativ təsir göstərir. Belə ki, tıxaclarda itirilən zaman, həmçinin əksər hallarda iqtisadi dəyər yaratmayan vaxt intervalıdır. CNN kanalının hesablamalarına görə, ABŞ-nin iri şəhərlərində hər sürücü il ərzində 97 saat tıxacda qalır. Ən çox zaman Los-Ancelesdədir: 129 saat. Dünyada ən pis göstərici isə Moskva şəhərinə aiddir. Hər sürücü ildə 250 saatını tıxacda keçirir”.

Deputat qeyd edib ki, tıxacların aradan qaldırılması üçün infrastrukturun genişləndirilməsi vacibdir və bu istiqamətdə işlərin davam etdirilməsi təqdirə layiqdir:

“Bununla yanaşı, heç bir ölkə sadəcə inkişaf etmiş infrastruktur ilə tıxac problemini həll edə bilməyib. Xüsusən dolayı hesab olunan tədbirlərə ehtiyac var. Əksər inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, iş saatlarının dəyişdirilməsi tıxacların aradan qaldırılması və sıxlığın azaldılması baxımından vacib hesab olunur. Əksər Qərb ölkələrində olduğu kimi dövlət, özəl və təhsil müəssisələrinin fərqli iş saatlarında işə başlaması və fərqli saatlarda işi başa çatdırması imkan verir ki, vətəndaşlar tıxacda az zaman sərf etsinlər. Bu da, xüsusən avtomobildən istifadə edərək işə gələnlərin yanacağına qənaət deməkdir. Bakıda əksər dövlət və özəl sektor eyni vaxtda işə başlayır və iş saatı da eyni zamanda başa çatır. Bu da tıxacı artıran səbəblərdəndir. Bu baxımdan, dövlət sektorunun özəl sahəyə nisbətən daha tez işə başlaması və müqayisəli şəkildə əmək gününü daha tez bitirməsi tıxacları müəyyən qədər azalda bilər. Hətta dövlət sahəsində sektoral yanaşmanın da tətbiq edilməsi mümkündür. Oxşar mexanizm özəl sektor üçün də tövsiyə oluna bilər”.

V.Bayramov qeyd edib ki, digər metod bir sıra təhsil müəssisələrinin növbəli şəkildə paytaxtdan kənara köçürülməsidir:

“ABŞ-də aparıcı universitetlərin böyük əksəriyyəti kiçik şəhərlərdə yerləşir. Bu iri şəhərlərdə tıxacın azaldılmasına xidmət etməklə yanaşı, kiçik yaşayış məntəqələrinin inkişafını stimullaşdırır. İctimai nəqliyyatda xidmət keyfiyyətinin və tezliyin yüksəldilməsi Avropa ölkələrində tıxacın azaldılmasına xüsusi töhvə verib. Bakıda bu sahədə islahatların genişləndirilməsi və ictimai nəqliyyatdan istifadənin stimullaşdırılması olduqca vacibdir. Bütövlükdə, tıxacın azaldılması üçün alternativ metodlardan daha çox istifadə edilməlidir. Bir sıra ölkələrdə hətta bu problemin həlli üçün ayrıca proqramlar hazırlanıb və işçi qrupları fəaliyyət göstərir. Bu sahədəki tədbirlərin əlaqələndirilməsi və ünvanlığın artırılması tıxaclara qarşı mübarizəni gücləndirə bilər”.

www.yenicag.az

446
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv