!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“BakuBus” MMC aylardır qanunvericiliyin bu tələbinə ƏMƏL ETMİR

!Reklam – Yazi

Hazırda “BakuBus” MMC-də ictimaiyyətlə əlaqələr və mətbuatla iş mövcud deyil.

“Yeni Çağ”a daxil olan məlumata görə, Cəmiyyətdə Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi qurum Bakı Nəqliyyat Agentliyinin tabeliyinə veriləndən sonra, 2019-cu ildə ləğv edilib. Buna əsas kimi informasiyaların mərkəzləşmiş şəkildə BNA-dan yayımlanacağı göstərilib və “BakuBus” MMC ilə bağlı məlumatlar Agentlik tərəfindən mətbuata verilib. Cəmiyyətin müvafiq şöbəsinin bəzi əməkdaşları işdən kənarlaşdırlıb, bəziləri isə başqa vəzifələrə keçirilib. Lakin şöbənin ləğv olunmasına və “BakuBus”la bağlı məlumatların BNA-dan yayımlanmasına baxmayaraq, Cəmiyyətdə ictimaiyyətlə və mətbuatla əlaqələrlə bağlı kifayət qədər işi qalıb. Bu işlər isə ləğv olunmuş Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin keçmiş əməkdaşlarına həvalə edilib.

“BakuBus” MMC BNA-nın tabeliyindən çıxarılaraq Azərbaycan İnvestisiya Holdinqinin tabeliyinə veriləndən sonra isə məlumatların mətbuata verilməsi səlahiyyəti Cəmiyyətə qaytarılıb. Bu işləri də ləğv olunmuş Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin keçmiş əməkdaşları həyata keçirib. Buna baxmayaraq, 2022-ci ildə “BakuBus” MMC-nin yeni təsdiqlənən strukturunda mətbuat və ictimaiyyətlə əlaqələr işi üzrə heç bir vəzifə nəzərdə tutulmayıb. Buna görə də, bu iş üzrə çalışan şəxslər Cəmiyyətdən uzaqlaşıb.

Bundan sonra “BakuBus”ın müxtəlif şöbə və sektorları, eləcə də ayrı-ayrı şəxslər tərəfindən bu işin yerinə yetirilməsi cəhdləri olsa da, işin öhdəsindən gəlinməyib. Nəticədə “BakuBus” MMC-də mətbuat və ictimaiyyətlə əlaqələr işi acınacaqlı vəziyyətə düşüb. Təsadüfi deyil ki, “BakuBus” MMC-nin internet saytı və sosial şəbəkə hesabları aylardır yenilənmir. Sosial şəbəkələr vasitəsilə Cəmiyyətə ünvanlanan vətəndaş müraciətləri cavablandırılmır. Yeri gəlmişkən, qeyd edək ki, son aylarda yalnız ayda bir dəfə olmaqla, “BakuBus” MMC-nin rəsmi www.bakubus.az saytının “Xəbərlər” bölməsində avtobuslarda tapılan sənəd və əşyalara dair məlumat yayımlanırdı. Lakin artıq mart ayından etibarən saytda həmin məlumat da yerləşdirilmir.

“Yeni Çağ”a daxil olan məlumatda həmçinin bildirilir ki, bir neçə aydır “BakuBus” MMC-də mətbuat və ictimaiyyətlə əlaqələr işini bərpa etmək istəyirlər. Lakin hələlik real nəticə əldə olunmayıb.

Qeyd edilənlərlə bağlı “BakuBus” MMC-dən münasibət öyrənmək üçün (012) 404-11-10 nömrəli telefona zəng etdik. Amma zənglərə cavab verən olmadı.

Xatırladaq ki, qanunvericiliyə əsasən, müvafiq qurumlar internet informasiya ehtiyatlarını yaratmaqla yanaşı, malik olduqları və fəaliyyət nəticəsində yaratdıqları informasiyaları açıqlamalıdır. “BakuBus” MMC-də isə aylardır qanunvericiliyin bu tələbinə əməl edilmir.

“Yeni Çağ”

 

www.yenicag.az

928
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv