!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“BakuBus” MMC-də HƏRC-MƏRCLİK: Cəmiyyətin rəhbərliyi niyə TƏŞVİŞ İÇİNDƏDİR? - FOTOLAR

!Reklam – Yazi

Prezident İlham Əliyevin Sərəncamı ilə “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətin Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müavini Elnur Əliyevin rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovla əvəzlənməsi Cəmiyyətin rəhbərliyində təmsil olunan şəxslərdə narahatlıq yaradıb.

Bu barədə “Yeni Çağ”a daxil olan məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, “BakuBus” MMC 2014-cü ilin aprel ayında Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində dövlət müəssisəsi olaraq yaradılıb və 2015-ci ilin iyununda fəaliyyətə başlayıb. 2018-ci ilin iyul ayında Cəmiyyət Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyinə verilib. 2021-ci ilin yanvar ayından isə “BakuBus” MMC Azərbaycan İnvestisiya Holdinqinin tabeliyindədir.

Cəmiyyətə yaradıldığı vaxtdan 2020-ci ilin əvvəllinədək Nəcəf Məlikov direktorluq edib. Sonra bir neçə ay ərzində İlqar İbrahimov, ardınca Azər Qasımov rəhbər olub. 2021-ci ilin əvvəlindən Tural Mahmudov “BakuBus” MMC-yə direktorluq etməyə başlayıb. Lakin o, qısa vaxtdan sonra bu vəzifədən uzaqlaşmalı olub. Bir müddət bu vəzifəni Vüqar Cəlilov icra edib. 2021-ci ilin sonlarından isə Cəmiyyətin rəhbəri Elnur Qarayevdir.

“Yeni Çağ”a daxil olan məlumata görə, əslində Cəmiyyətə daim əvvəllər “BakuBus” MMC-nin direktor müavini vəzifəsində çalışan, sonra BNA-nın İdarə Heyətinin sədri təyin olunan Vüsal Kərimli “nəzarət edib”. Cəmiyyət BNA-nın tabeliyində olanda isə bu “nəzarət” daha da asanlaşıb. V.Kərimli müəyyən vaxtlarda gəlib “BakuBus”MMC-də direktorun otağında oturub və s.

Təsadüfi deyil ki, Cəmiyyət BNA-nın tabeliyində olduğu qısa müddət ərzində 4 direktor dəyişib. “BakuBus” MMC-nin hazırkı rəhbəri E.Qarayev də V.Kərimlinin müşaviri vəzifəsində çalışıb. Bildirildiyinə görə, Cəmiyyət Azərbaycan İnvestisiya Holdinqinin tabeliyinə keçəndən sonra təsdiqlənən struktur dəyişikliyinə dair sənəd də hələ “BakuBus” MMC BNA-nın tabeliyində olarkən hazırlanandır.

Məlumata əsasən, İqtisadiyyat Nazirliyi sistemində yüksək vəzifədə çalışan qardaşının himayəsi ilə “BakuBus” MMC-nin rəhbəri təyin edilən E.Qarayev Cəmiyyətdə V.Kərimlinin də maraqlarını qoruyur. V.Kərimlinin Cəmiyyət BNA-nın tabeliyində olarkən vəzifəyə təyin etdiyi şəxslər yerlərində qalır və s. E.Qarayev yalnız boş yerlərə və yeni yaratdığı bölmələrə özünə yaxın şəxsləri rəhbər təyin edə bilib.

Məlumatda o da bildirilir ki, E.Qarayev balansı qorumağa çalışsa da, V.Kərimlinin vəzifəyə təyin etdiyi şəxslərlə onun tərəfindən vəzifəyə təyin olunan şəxslər arasında müəyyən anlaşılmazlıqlar var. E.Qarayevin vəzifəyə təyin etdiyi şəxslər V.Kərimli tərəfindən vəzifəyə təyin olunan şəxslərin işin müsbət istiqamətdə inkişafına mane olduğunu bildirərək onların Cəmiyyətdən kənarlaşdırılmasını istəyirlər.  Digər tərəf isə buna müqavimət göstərir. Buna baxmayaraq, dövlət başçısının müvafiq qərarı hər iki tərəfi, eləcə də E.Qarayevi məyus edib və təşvişə salıb. Bu isə Cəmiyyətdə yeni dəyişikliklərin baş vermə və görülmüş işlərə yenidən baxılması ehtimalı ilə bağlıdır.

Qeyd edək ki, “BakuBus” MMC-nin Müşahidə Şurasının sədrinin dəyişdirilməsi BNA-nın fəaliyyətinin dayandırılması ərəfəsinə təsadüf edir. Belə ki, Prezident İlham Əliyevin bu ilin aprel ayında imzaladığı Fərmana əsasən, BNA ləğv olunub. Bu qurumun səlahiyyətləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib. Həmçinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) BNA-nın ona qoşulması formasında yenidən təşkil edilməli, BNA-nın balansındakı əmlak AYNA-nın balansına verilməlidir. Fərmanda müvafiq qurumlara bəzi işlərin 3, bəzilərinin isə 4 ay müddətində icra olunması tapşırılıb. Həmin müddətlər isə bitmək üzrədir.

“Yeni Çağ”

www.yenicag.az

811
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv