!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"BakuBus"ın fəaliyyətsiz saytı: MMC-nin yenilənməyən internet səhifəsi - FOTOLAR

!Reklam – Yazi

Depolarının açılışında prezident İlham Əliyevin iştirak etdiyi dövlət müəssisəsi olan “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti paytaxtda sərnişinlərin rahatlığının və təhlükəsizliyinin təmin olunması məqsədilə yaradılıb. Amma sərnişinlərin MMC-nin istismarında olan marşrut xətləri ilə bağlı şikayətləri bitmək bilmir. Cəmiyyətin işindəki ciddi nöqsanlar barədə müxtəlif vaxtlarda müvafiq qurumlar və kütləvi informasiya vasitələri tərəfindən də məlumatlar verilib. Lakin “BakuBus” MMC bu şikayət və məlumatlara əsaslı cavab verə bilmir. Bunu nəzərə alaraq, cəmiyyətin fəaliyyətinə internet üzərindən nəzər saldıq. Qarşılaşdığımız vəziyyət isə MMC-nin “fəaliyyət”inə uyğun oldu.

Apardığımız araşdırma zamanı məlum oldu ki, “BakuBus” MMC-nin feysbuk səhifəsində (https://www.facebook.com/bakubus) sonuncu məlumat 2022-ci il sentyabr ayının 23-də, instaqram səhifəsində 2022-ci il oktyabrın 19-da yerləşdirilib. Cəmiyyətin rəsmi internet saytındakı (www.bakubus.az) “Xəbərlər” bölməsində isə son vaxtlar ayda 1 dəfə olmaqlaq məlumat yerləşdirilir. Bu məlumat avtobuslarda tapılan sənəd və əşyalarla bağlıdır. Çoxlu qrammatik səhvlər olan bu məlumatlarda avtobuslarda tapılan sənəd və əşyalara dair məlumat verilməklə yanaşı, qeyd olunur ki, sərnişinlər avtobuslarda unutduqları (itirdikləri) sənəd və əşyaların “BakuBus” MMC-yə daxil olub-olmaması barədə www.alo141.az saytından məlumat əldə edə bilərlər. Cəmiyyətə məxsus avtobuslarda tapılan sənədlərlə əşyaların şəkilləri və müvafiq məlumatlar saytda “İtirilən və tapılan əşyalar” bölməsində (https://www.alo141.az/lost/view/1899?language=az) yerləşdirilir. Lakin saytda “İtirilən və tapılan əşyalar” bölməsinə nəzər yetirdikdə görünür ki, burada sonuncu məlumat təxminən 8 ay əvvəl, 2022-ci il avqust ayının 31-də yerləşdirilib.

“BakuBus” MMC-nin feysbuk və instaqram səhifələrinə baxdıqda həmçinin sərnişinlərin müraciət və şikayətlərinin uzun müddətdir cavablandırılmadığının şahidi oluruq. Burada elə müraciət və şikayətlər var ki, 7-8 aydır yazılıb, amma cavab verilməyib. www.bakubus.az-a nəzər yetirdikdə isə “Xəbərlər” bölməsi istisna olmaqla, bu saytın, demək olar ki, yenilənmədiyini görürük.

Belə ki, saytdakı “Haqqımızda” bölməsində yazılıb: “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.04.2014-cü il tarixli 92 nömrəli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində dövlət müəssisəsi olaraq yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 06 iyul 2018-ci il tarixli 181 nömrəli Fərmanına əsasən “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyət Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilmişdir”.

MMC-nin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsinə dair məlumat isə yoxdur. Halbuki lrezident İlham Əliyev 30 mart 2023-cü il tarixində “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” Sərəncam imzalayıb. Həmin sərəncama əsasən, cəmiyyətin tabeliyi dəyişdirilərək Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

Saytda “Biletlər və qiymətlər” bölməsində də yenilənmə aparılmayıb. Bölmədə göstərilib: “BakuBus” ictimai nəqliyyatında vahid kart (BakıKart) tətbiq olunur. “BakuBus” nağd ödəniş qəbul etmir. “BakıKart” beynəlxalq standartlara uyğun olaraq sərnişinlərin tələblərinə cavab verən yeni elektron ödəniş kartıdır. “BakıKart”ın alınması və istifadə qaydası çox rahatdır. Kartları metro stansiyalarındakı “BakıKart” terminallarından və sizə ən yaxın  “BakıKart” terminallarından əldə edə bilərsiniz. “BakıKart” terminalları yalnız nağd ödəniş qəbul edir. Vahid sistemdə 2 növ kartdan istifadə olunur. “BakıKart” – plastik kartın qiyməti 2 manatdır. Tarif Şurasının şəhərdaxili və şəhərətrafı  sərnişin daşınması ilə bağlı müəyyən etdiyi tariflərə əsasən, gedişhaqqı 1 km-dən 15 km-dək (15 km daxil olmaqla) 30 qəpik, 15 km-dən 30 km-dək (30 km daxil olmaqla) 40 qəpik təşkil edir. “BakıKart Məhdud istifadə üçün” – Kartın satış qiyməti 20 qəpikdir. Kart alındığı zaman 1, 2, 3 və 4 gediş yükləmək mümkündür. Terminallarda balansın artırılması mümkün deyil və  kartlar geri qaytarılmır”.

Göründüyü kimi, bu məlumatda kifayət qədər yanlışlıqlar var. Ən azı qeyd edək ki, Tarif Şurasının müəyyən etdiyi tariflərə əsasən, hazırda gedişhaqqı 15 km-dək (15 km daxil olmaqla) 40 qəpik, 15 km-dən 30 km-dək (30 km daxil olmaqla) 50 qəpikdir.

Saytda Cəmiyyətin istismarında olan marşrut xətlərinin sayı da düzgün göstərilməyib. M8, M3, M2, M1, Q1, Hava Limanı Ekspress, 1, 2, 3, 5, 6, 7B, 7A, 10, 11, 13, 14, 17, 21, 24, 30, 32, 35, 88, 88A, 125, 127, 175, 205, 211 olmaqla, cəmi 30 marşrut xəttinin “BakuBus” MMC-nin istismarında olduğu göstərilib. Lakin təxmini hesablamalarımıza əsasən, bu say saytdakından çoxdur. Yeri gəlmişkən, bu cəmiyyətin istismarına verilən yeni marşrut xətləri ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən yayımlanan məlumatlar da “BakuBus”ın internet resurslarında yerləşdirilmir.

Qeyd edək ki, Cəmiyyətin internet resurslarında müşahidə etdiyimiz halın səbəbini öyrənmək üçün www.bakubus.az saytındakı “Bizimlə əlaqə” bölməsində göstərilən (012) 404-11-10 nömrəli telefona zəng etdik. Lakin zənglərə cavab verən olmadı.

Bildirək ki, qanunvericiliyə əsasən, müvafiq qurumlar internet informasiya ehtiyatlarını yaratmaqla yanaşı, malik olduqları, fəaliyyət nəticəsində yaratdıqları informasiyaları açıqlamalıdır. “BakuBus” MMC-nin internet resurslarına baxış zamanı isə ciddi fəaliyyətsizliklə qarşılaşdıq.

“Yeni Çağ” Analitik Mərkəzi 

www.yenicag.az

816
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv