!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BAMF 2022-ci ildə vacib layihələrə imza atacaq - FOTO

!Reklam – Yazi

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) 1992-ci ildə dövlət qeydiyyatına alınmış müstəqil beynəlxalq qeyri-hökumət təşkilatı olaraq son 30 ildə hər il ölkə əhəmiyyətli yeni layihələrlə gündəmə gəlib. 

Eurasiya Diary (Avrasiya Gündəliyi) Analitik İnformasiya Portalı BAMF və Avrasiya Media Şəbəkəsinin müxtəlif regional və qlobal münaqişələrin dinc yolla həll olunması istiqamətində töhfələr vermək məqsədi daşıyan təşəbbüsü, ən böyük layihələrindən biridir.

Ednews.net (“Eurasiya Diary”) 2022-ci ildə yeni dizayn və format, yenilənmiş heyət və daha dolğun, operativ xəbərlər, araşdırılması vacib sosial problemlərin ortaya qoyulması ilə bağlı hazırlanan yazılar, nüfuzlu imza sahiblərinin köşə yazıları ilə xidmətinizdə olacaq. Bu barədə təşkilatın Vitse-prezidenti Günel Gözəlova məlumat verib: “Təəssüf ki, regional münaqişələrin indiki dövründə insanlar bütün bu çəkişmələr haqqında obyektiv informasiya əldə etməkdə uğursuzluqla üzləşirlər. Dünya mətbuatında kifayət qədər qərəzli mövqe hökm sürür və hər hansı bir mənbədən gələn informasiya müəyyən maraqlara görə yanlış və ziddiyyətli ola bilir. Eyni zamanda, ölkə mətbuatında da bəzən rəsmi mənbələrə istinadı olunmayan, qərəzli, ən pisi isə bilərəkdən ortaya atılan yalan məlumatlar yayılır. Ednews.net fəaliyyəti dövründə daim xəbərin dəqiqliyinə, rəsmi təsdiq olunmuş informasiyalara, eləcə də qərəzsiz informasiyanın cəmiyyətə təqdim olunması prinsipinə sadiq qalıb. Saytımızın qarşısına qoyduğu məqsədlərin bir istiqaməti də cəmiyyət arasında getdikcə artan məlumat boşluğunu doldurmaq, informasiya təminatını genişləndirmək, münaqişələr və mübahisəli məsələlərlə bağlı insanları düzgün istiqamətləndirməkdir”.

Eurasia Diary Beynəlxalq Analitik İnformasiya Portalı dünyada, xüsusən də Avrasiyada baş verən siyasi, iqtisadi problemləri, habelə münaqişələrin araşdırılmasını prioritet istiqamət olaraq seçib və bu istiqamətdə il ərzində bir çox tədqiqat və məqalələr hazırlanıb. Saytın əməkdaşı araşdırmaçı jurnalist Nicat İsmayılov daha çox Azərbaycan xarici siyasətinin və geosiyasi proseslərin politoloji təhlili ilə məşğul olub. Bu istiqamətdə politoloji tədqiqatlar həyata keçirib, müsahibələr alıb və müxtəlif köşə yazıları hazırlayıb. Saytın digər əməkdaşı jurnalist Gülnar Səlimova isə Azərbaycan xarici siyasətinin təhlili üzrə araşdırma və müsahibələrin həyata keçirilməsi ilə məşğul olub. Jurnalist Elnur Ənvəroğlu Orta Şərq və Avropa, jurnalist Yunis Abdullayev isə Cənubi Qafqaz və Cənubi Asiya regionlarında baş verən siyasi proseslərin təhlili məqsədilə araşdırma və müsahibələr həyata keçirib. Saytın jurnalistləri ölkə və dünya əhəmiyyətli mövzulara müraciət edərkən xarici ekspertlərin də yanaşmalarına üstünlük verirlər.

Eurasia Diary Beynəlxalq Analitik İnformasiya Portalı 1 avqust 2015-ci il tarixindən fəaliyyət göstərir. 4 dildə (Azərbaycan, ərəb, ingilis, rus dillərində) paylaşdığı informasiyaları ilə regionda və dünyada baş verən siyasi prosesləri, münaqişələri izləyir, bu istiqamətdə xəbərlər paylaşır və analitik məqalələrlə çıxış edir. Portalda dəqiq və qərəzsiz informasiya mübadiləsinin, jurnalistika təcrübəsində yeniliklər və inkişafın, vətəndaş cəmiyyəti dəyərləri və tolerantlığın təbliği həyata keçirilir”.

Günel Gözəlova əlavə edib ki, analitik portalın ərəb dili redaksiyası təxminən 400 milyonluq geniş kütləyə malik oxucu dünyası üçün Azərbaycanda və dünyada gedən proseslərlə bağlı informasiya təminatına dəstək olur. EDNews.net-in siyasətində ərəbdilli kontingent böyük önəm daşıyır və portal onların xəbər ehtiyaclarının ödənməsinə qatqı verməkdə iddialıdır. Ərəb dünyasında baş verən hadisələrlə bağlı beynəlxalq cameə üçün, eyni zamanda Azərbaycan üçün maraqlı ola biləcək məlumatların paylaşılmasına önəm verir.

Avrasiya regionu kimi böyük informasiya məkanının bir hissəsinə çevrilən EDNews.net Azərbaycan və ərəb dünyası auditoriyası arasında qarşılıqlı informasiya mübadiləsini daha da dərinləşdirmək və effektli təşkil etmək üçün Sizi əməkdaşlığa dəvət edir.

Günel Gözəlovanın sözlərinə görə, BAMF-ın dövlət əhəmiyyətli fəaliyyəti çoxşaxəlidir. Növbəti ildən də təşkilat yeni – həm ictimai əhəmiyyətli, həm də ölkə əhəmiyyətli layihələrə imza atacaq. Bunlardan biri də “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsidir. Bu layihə ilə azərbaycanlı tələbələrin təcrübə, iş probleminin aradan qaldırılmasına çalışılacaq, onların dövlət və özəl qurumlara əlçatanlığı təmin olunacaq, sosial problemlərinin həlli istiqamətində vacib işlər görüləcək:

“BAMF, fəaliyyəti dövründə İcma Mina Aksiyası Komandası ilə Azərbaycanın mina və müharibənin partlayıcı qalıqlarından ən çox əziyyət çəkən  torpaqlarında vacib işlər görüb və görür.  Avropa İttifaqının maliyyə yardımı, UNİCEF-in Azərbaycan nümayəndəliyinin və ANAMA-nın dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) layihəsi buna misal ola bilər. Layihənin məqsədi əhaliyə minalanmış ərazilərdə özlərini qoruma qaydalarını aşılamaq, böyük qayıdış zamanı qaydalara düzgün əməl etməyi öyrətməkdir. Eyni zamanda, təşkilat 2022-ci ildə “Minasız Azərbaycan, Təhlükəsiz Qarabağ” adlı beynəlxalq konfrans keçirilməsi təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüs BAMF tərəfindən müvafiq dövlət qurumlarının nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri ilə müzakirə olunub. Məqsəd mina təhlükəsi ilə mübarizədə maraqlı olan ölkələrin, beynəlxalq təşkilatların diqqətini Azərbaycanın, eləcə də müxtəlif ölkələrin qarşılaşdığı mina probleminə yönəltmək, problemi dünyaya çatdırmaqla “minasız həyat” təşəbbüslərinə dəstək göstərməkdir”.

Qeyd edək, ki, təşkilatın yenilikləri və layihələri bununla da bitmir. Nəzərə alsaq ki, 2022-ci il Beynəlxalq Avrasiya Mətbuat Fondu üçün həm də ona görə əlamətdardır ki, bu il qurumun 30 illik hesabat yubileyinin keçirilməsi nəzərdə tutulub. BAMF 2022-ci ilin əvvəllərində bir sıra beynəlxalq təşkilat və dövlət qurumları ilə əməkdaşlıq memorandumu imzalayacaq.

www.yenicag.az

472
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv