!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bank əmanətlərinin qaytarılmasında “OTKAT” MEXANİZMİ: “Rüşvət müqabilində güzəştlər...” - İqtisadçı

!Reklam – Yazi

“Bağlanmış banklardan pulunu ala bilməyən və ən çətin durumda qalanlar növbəli kreditorlardır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri bağlanmış banklara yerləşdirilmiş əmanətlərin qaytarılması mexanizmini dəyərləndirən iqtisadçı Əkrəm Həsənov deyib.

Əkrəm Həsənovun sözlərinə görə, kreditorlar pullarının geri qaytarılmasını istəyirlərsə, Əmanətlərin Sığortalanması Fondu (ƏSF) və Mərkəzi Banka yazılı müraciət edərək, Kreditorlar Komitəsinin yaradılmasına nail olmalıdırlar:

“Atabank”, “Amrahbank”, “NBC Bank” və “AGBank”ın bağlanması ən çox orada pulu qalanları narahat edir. Bu pulların qaytarılması prosesi fonunda Əmanətlərin Sığortalanması Fondu 3 ay ərzində 681 milyon manat təşkil edən qorunan əmanətləri vətəndaşlara tam qaytaracaq. Beləliklə, həmin şəxslər narahat olmaya bilər.

Bundan sonra ƏSF həmin bankların ləğvi prosesini həyata keçirəcək. Bu proses bir neçə il çəkəcək. Ləğvin mahiyyəti sözügedən bankların bütün aktivlərinin pula çevrilməsindən və kreditorlar arasında bölüşdürülməsindən ibarətdir. Yəni ƏSF bankların daşınar və daşınmaz əmlakını satmalı, verdiyi kreditləri isə qaytarmalıdır.

Aktivlər pula çevrildikcə, o vəsaitlər ƏSF tərəfindən aşağıdakı növbəlilik qaydasında bölüşdürüləcək:

1. ƏSF qorunan əmanətlərə sərf etdiyi 681 mln. manatı götürəcək (təbii, hər bank üzrə ayrılıqda);

2. ƏSF illərlə çəkən ləğv prosesinə çəkdiyi xərcini götürəcək. Məsələn, işçilərin maaşı, kargüzarlıq, nəqliyyat, hüquqi xidmət və sair xərclər. Xərcin limiti yoxdur. Deməli, ləğv prosesi mümkün qədər tez bitməlidir ki, xərc də çox olmasın.

3. Bankların işçilərinə olan borcu (maaş, müavinətlər).

4. Dövlətə olan borc.

5. Qorunmayan 5 milyon manat məbləğində əmanətlərin sahibləri olan vətəndaşlar, habelə 105 milyon manat məbləğində vəsaitin sahibləri olan fərdi sahibkarlar və hüquqi şəxslər.

Göründüyü kimi, ən çətin durumda olanlar sonuncu növbəli kreditorlardır. Yəni birlikdə 110 milyon manatlıq vəsaitin sahibləridir”.

Əkrəm Həsənov qeyd edib ki, əvvəllər bağlanmış bankların təcrübəsi sonuncu növbəli kreditorlara yekunda ya heç nə çatmadığını, ya da çox cüzi məbləğin ödənildiyini göstərir. ƏSF isə pul qurtardığını bildirir. Ola da bilər ki, pulun çatmaması ƏSF-nin öz vəzifələrini düzgün və vicdanla icra etməməsinin nəticəsidir:

“Ləğvedici kimi, ƏSF-nin səlahiyyətləri olduqca genişdir. Üzərində isə demək olar ki, nəzarət yoxdur. Formal olaraq, ona bu sahədə Bakı Apellyasiya Məhkəməsi nəzarət edir. Amma söhbət elə mürəkkəb işdən gedir ki, hakimlərin əksər hallarda lazımi nəzarətə həm bilikləri, həm də vaxtları kifayət etmir.

Cari və hərtərəfli nəzarət lazımdır. Bunu da əslində Kreditorlar Komitəsi vasitəsilə etmək olar. Əksər ölkələrdə ləğvedicini belə həmin Komitə təyin edir. Bizdə də “Müflisləşmə və iflas haqqında” Qanuna uyğun olaraq, digər hüquqi şəxslərdə mexanizm məhz belədir. Təkcə banklar nədənsə, istisna təşkil edir”.

İqtisadçının fikrincə, ƏSF üzərində nəzarətin olmaması bir sıra özbaşınalığa, hətta korrupsiya əməllərinə yol aça bilər:

“Əmanətlərin Sığortalanması Fondunun 4 istiqamət üzrə özbaşınalıq etməsi gözləniləndir:

1. Bankların əşyalarını formal olaraq ucuz satıb, “otkat” götürə bilər. Buna görə də əşyalar Kreditorlar Komitəsinin nəzarəti altında yalnız açıq hərraclarda satılmalıdır.

2. Bankların verdiyi kreditləri qaytarmaq əvəzinə, borc alanlarla sövdələşə və rüşvət müqabilində onlara güzəştlərə gedə bilər, hətta məhkəmə proseslərini də bilərəkdən uduza bilər. Buna görə də bütün borclulara qarşı məhkəmə işlərinin siyahısı Kreditorlar Komitəsində olmalıdır və o qurum bu proseslərin ƏSF tərəfindən necə aparılmasına nəzarət etməlidir.

3. Bankın müəyyən kreditorlarına pullarını qanunsuz olaraq, növbədənkənar qaytara bilər. O cümlədən “otkat” müqabilində və ya hansısa kreditorun tələbi ilə hansısa borclunun borcunun əvəzləşdirilməsi yolu ilə… Bu, qanunsuzdur, amma təcrübədə olub. Ona görə də kreditorların reyestri Kreditorlar Komitəsində olmalıdır və o, kreditorlara ödənişlərin aparılmasına nəzarət etməlidir.

4. Öz xərclərini şişirdə bilər. Məsələn, lazımsız işçilər (qohum-əqraba və sair) saxlaya, “otkat” müqabilində bahalı mallar və xidmətlər ala bilər və sair. Buna görə də, ƏSF-nin satınalamaları, əsasən, tender vasitəsilə həyata keçirilməldir və Kreditorlar Komitəsi xərclərə nəzarət etməlidir.

Kreditorlar Komitəsi “Banklar haqqında” Qanuna əsasən yaradılır. Bunun üçün ƏSF Mərkəzi Bankın dəstəklədiyi sorğu ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etməlidir.

ƏSF-ə yeni rəhbər təyin olunub. Ümid edirəm ki, o, bankların ləğvi işini daha savadlı, dürüst, şəffaf həyata keçirəcək. Ümumiyətlə, dürüst işləmək istəyən ləğvedicinin kreditorlardan, onların komitəsindən yaxşı dəstəyi ola bilməz. Buna görə Kreditorlar Komitəsinin olmasını istəməyən ləğvedicinin niyyətləri şübhə doğurmamalıdır”.

Gülşən Şərif

www.yenicag.az

1780
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv