Bankir həbsləri: Xarici investorları qaçırdan tendensiya güclənir

Azərbaycanda bankir həbsləri davam edir. Bu günlərdə ölkənin ilk özəl banklarından olan Atrabankın sahibi Elmidar Nəbiyev həbs edildi. Xatırladaq ki, xeyli müddət əvvəl ölkənin aparıcı banklarından olan Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyev də həbs cəzasına məhkum edilmişdi.

Qeyd edək ki, investorlar, hətta bank xidmətlərindən istifadə edən sadə vətəndaşlar da banklar ətrafında yaşanan hər bir olaya həssasdırlar. Belə ki, onlar bütün addımlarını məhz həmin qurumlar ətrafında cərəyan edən hadisələrə uyğun olaraq atırlar. Düzdür, kimliyindən asılı olmayaraq, pozuntu hallarına yol verən bankirlər də qanun qarşısında cavab verməlidirlər. Amma belə çoxsaylı halların baş verməsi birinci növbədə bank sektorunda sağlam mühitin formalaşmamasından xəbər verir.

Hər hansı bank ətrafında sağlam fikirlər yaranırsa, bu, həmin qurumun təbliğatına xidmət etməklə yanaşı, investorlar, sahibkarlar və sadə vətəndaşları onunla işləməyə həvəsləndirir. Bank və ya onun rəhbərləri barədə mənfi fikirlərin formalaşması isə təkcə bir bankda deyil, ümumiyyətlə, sözügedən sektorda ciddi fəsadlara rəvac verə bilər.

Görəsən, bankir həbsləri ölkəyə yeni investisiyaların yatırılmasına və bank sektoruna necə təsir edəcək? Bankir həbsləri hansı fəsadlara yol açacaq?

İqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında bildirdi ki, bankir həbsləri sözügedən sektora yaxşı heç nə vəd etmir:

“Əslində, bank sektorunda gedən ağrılı proseslər durulmadıqca, onun fəaliyyəti normallaşmadıqca, daxili və xarici investisiyaların sektora cəlb edilməsi imkanları demək olar ki, sıfıra bərabərdir. Belə vəziyyətdə bu sektorda ancaq dövlət investisiyaları və yaxud böyük enerji layihələri hesabına müəyyən artımlar ola bilər. Amma hər bir ölkə iqtisadi artımın daha da sürətlənməsi üçün çalışır ki, əsasən real sektora qoyulan birbaşa investisiyalar artsın. Lakin Beynəlxalq Bankın rəhbərinin həbsilə başlanan və digər bank rəhbərləri və yaxud rəhbərlikdə təmsil olunan şəxslərin həbsləri bank sektoru üçün bir təhhlükə aurası yaradır, iş görmək üçün oranın təhlükəli olduğu mesajını verir. Hansı ki, investorlar ümumiyyətlə, belə mesajları sevmir.

Onlar təhlükənin, problemin olduğu və hələ tam oturuşmayan sistemin olduğu bir yerə yatırım etməkdən qaçırlar. Bankir həbsləri öz növbəsində onsuz da çəkinən investorları ölkədən daha da kənarlaşdırır. Bank sistemində sağlamlaşdırma prosesi sistemli şəkildə aparılsaydı, banklar bu kimi problemlərdən çoxdan xilas olmuşdular. Amma 2 ilə yaxındır ki, hökumət bank sektorunun sağlamlaşdırılması barədə danışsa da, bankların bağlanmasından başqa real nəticələr yoxdur. Bəzi bankların bağlanmasından sonra sektora müəyyən güzəştlər də olmalı, uçot dərəcəsi aşağı salınıb, likvidlik artırılmalıdır ki, sözügedən sahəyə yerli əhali və xarici investorlarda bir etibar yaransın. Bu mənada bankir həbsləri xarici investorlar üşün heç də yaxşı hal deyil. Çünki həmin hərəkətlər sözügedən sektorda ciddi problemlərin olduğunun göstəricisidir. Hökumət Beynəlxalq Bankın özəlləşdirilməsi prosesinə xarici investorları cəlb etmək istəyirsə, ümumi bank sektorunda yaradılan mənfi ab-havanın aradan qaldırılmasına çalışmalıdır. Bu istiqamətdə mesajlar olmayınca və bankir həbsləri davam etdikcə, xarici investorların Beynəlxalq Bankın gələn il keçirilməsi gözlənilən özəlləşdirilməsinə marağı sıfır həddində olacaq. Hazırkı şəraitdə xaricdən ölkəyə valyuta gəlməsi vacibdir. Bu fonda da bankların sağlam olması mühüm şərtdir. Əslində, bütün bank sistemi XXI əsrin çağırışlarına cavab verməlidir. Rusiyanın ən böyük bankı onlayn şəklində fəaliyyət göstərir ki, bu əsasda da dövriyyəsi digər bankların hamısından çoxdur. Azərbaycanda da banklar bu yolla getməsələr, problemlərdən yaxa qurtara bilməyəcəklər.

Xarici investor üçün bankın fəaliyyətinin dayanıqlı olması, gəlir və rentabellə işləməsi, müştəriləri cəlbetmə potensialının olması maraqlıdır. Bu, baş vermədikcə, üstəlik bankir həbslərinin də davam etməsi fonunda prosesə xarici investorların marağı olmayacaq. İnvestisiyalar gəlmədikcə də ölkəyə əlavə valyutanın daxil olması məqsədinə çatmaq mümkün olmayacaq. Bir sözlə, bankir həbsləri bank sektoruna müsbət heç nə vəd etmir. Çünki bankir həbsləri əslində, təhlükələrin mövcud olduğunu göstərir və bu da investorların təhlükəni hiss edib, uzaqlaşması ilə nəticələnəcək”.

ELÇİN

COP29