“Baş nazir və başqa rəsmi şəxslər bu suallara cavab verməkdən yayınırlar” – Gürcüstanlı deputat

“Gürcüstandan Ermənistana silah keçirilməsi haqda məlumata Xarici İşlər Nazirliyi yox, daha kompetent orqanlar reaksiya verməliydilər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Serbiyadan Ermənistana göndərilən hərbi sursatın işğalçı ölkəyə Gürcüstandan keçirilməsinə dair xəbərin hələ tam dəqiqləşdirilmədiyini vurğulayan Gürcüstan parlamentinin deputatı Azər Süleymanov deyib.

Azər Süleymanovun sözlərinə görə, Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) bu məlumatı təkzib etsə də, ortada çox ciddi qeyri-müəyyənlik var:

“Bildiyiniz kimi, Gürcüstanın Xarici İşlər Nazirliyi bu məsələyə dair bəyanat verərək, həmin informasiyanın həqiqətə uyğun olmadığını bildirdi. Bəyanatda qeyd olundu ki, o cür məlumatların yayılmasında məqsəd iki ölkənin münasibətlərini korlamaqdır.

Lakin Serbiyalı diplomatın Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılması onu göstərir ki, bu ölkədən Ermənistana silah göndərilməsi haqda dəqiq məlumat var. Yaxşı, bəs o silah-sursat Ermənistana necə göndərilib? Bu, ya Gürcüstan, ya da İran vasitəsilə ola bilər. Amma Serbiyadan Ermənistana veriləcək sursatın İrana göndərilməsi, oradan da ünvanına çatdırılması o qədər məntiqli görünmür. Qalır Gürcüstan variantı…

Dünən Gürcüstanda əksər siyasi partiyalar və media bu qalmaqallı məsələni diqqət mərkəzində saxlayıblar. Hər kəs hökumətdən bununla bağlı qəti və aydın mövqe bildirilməsini tələb edir. Ancaq nə qədər təəccüblü olsa da, Baş nazir və başqa rəsmi şəxslər bu suallara cavab verməkdən yayınırlar. Xarici İşlər Nazirliyinin bəyanatı da birmənalı qiymətləndirilmir. Çünki Gürcüstandan Ermənistana silah keçirilməsinə Xarici İşlər Nazirliyi yox, daha kompetent orqanlar reaksiya verməliydilər.

Başqa bir məqama toxunmaq istərdim. Sosial şəbəkələrdə bir neçə yük maşınlarının və təcili tibbi yardım avtomobillərinin fotşəkilləri yayılıb. İddia olunur ki, Ermənistana silahlar məhz o yük maşınları ilə daşınıb. Lakin bu məlumatlara birmənalı yanaşmaq çətindir, ortada konkret sübut yoxdur. Ona görə də hesab edirəm ki, məsələyə tam aydınlıq gətirilənə qədər emosional bəyanatlardan yayınmaq lazımdır”.

A.Zeynalov

COP29