Baş nazirdən sərəncam – 5 milyon manat ayrıldı

Nazirlər Kabinetinin 22 may 2020-ci il Sərəncamı ilə Dövlət büdcəsinin Ehtiyat Fondundan kənd təsərrüfatı məhsullarının istehsalçılarının toxum təminatının dəstəklənməsi Kənd Təsərrüfatı Nazirliyinə vəsait ayrılıb.

Nazirlər Kabinetindən Yenicag.az-a verilən məlumata görə, sərəncamda məhsul yığımı başa çatmış ərazilərdə təkrar qarğıdalı əkinləri üçün toxum təminatına birdəfəlik dəstək məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə 5.000.000,0 (beş milyon) manat məbləğində vəsait ayrılması nəzərdə tutulur.

Sərəncama əsasən, Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti və yerli icra hakimiyyəti orqanları ilə birlikdə torpaq-iqlim xüsusiyyətləri, suvarma imkanları nəzərə alınmaqla təkrar qarğıdalı əkinləri üçün uyğun ərazilərin müəyyən edilməsi və suvarma suyu ilə təminatı istiqamətində tədbirlər görməli, 2020-ci ilin məhsulu üçün təkrar qarğıdalı əkini aparan kənd təsərrüfatı məhsullarının istehsalçılarına qarğıdalı toxumunun alınması məqsədilə hər hektara 60 manat məbləğində birdəfəlik vəsaitin verilməsini təmin etməlidir.

Maliyyə Nazirliyi bu sərəncamla ayrılan vəsaitin müvafiq qaydada ödənilməsini təmin etməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

COP29