!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş redaktordan prezidentə AÇIQ MƏKTUB: “Təhsil Nazirliyi Aparatının heç bir izah vermədən...”

!Reklam – Yazi

“Mənim üçün ürəkaçan olmayan bu hadisədən həm də gərəkli bir dərs aldım”.

Yenicag.az xəbər verir ki, “Bakı-Xəbər” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Aydın Quliyev Təhsil Nazirliyinin fəaliyyətindəki qeyri-şəffaflıqla bağlı prezident İlham Əliyevə açıq məktubla müraciət edib.

Müraciətdə deyilir:

“Çox hörmətli cənab Prezident!

Mərhum Ümummilli lider Heydər Əliyevin və Sizin prezidentlik dövrünüzün hələlik bir hissəsinin əhatə olunduğu son 29 ildə dövlətimizdən tək istəyim oldu. Oğlumun magistratura təhsili aldığı ölkədə fasiləsiz olaraq doktorantura təhsili üzrə Dövlət proqramına qəbul edilməsi üçün müraciət etdik. Həm də ABŞ, Fransa, Böyük Britaniya, İsveçrə kimi çox da bahalı ölkələrdə yox, biz ortabablara münasib Macarıstanda… Lakin, çox təəssüf….

Təhsil Nazirliyinin Aparatının heç bir izah vermədən övladımın müraciətini rədd etməsi dövlətçiliyimiz üçün müstəsna əhəmiyyət daşıyan belə müsabiqələrin qeyri-şəffaf aparıldığına ciddi şübhələr yaradır. Əgər övladım şəffaf və ədalətli seçimin zərərdidəsi olmuş olsaydı, nəticəni anlayışla qarşılayar, “Bizimkilər oxumasa da olar, təki nazirlikdəkilərin qohum-əqrəbası, dost-tanışları çətinə düşməsin”, – deyərək üstündən keçərdim. Lakin, təəssüf ki, bəzi sahə məmurlarının qeyri-şəffaf iş üslubu sayəsində mühüm strateji əhəmiyyət daşıyan və Sizin yenicə imzaladığınız 2022-2026-cı illərdə gənclərimizin xaricdə təhsil üzrə Dövlət Proqramının icrası belə başladı. Həm də bu neqativ təəssüratlar Sizin yüksək şəxsi etimadınıza söykənərək rəhbərliyi, əsasən, yeniləşdirilmiş bir nazirliyin işindən doğur.

Hörmətli cənab Prezident!

Daim təkmilləşdirilən dövlət idarəçiliyində etibarlı müttəfiq hesab etdiyiniz medianın bir nümayəndəsi olaraq məni çox narahat edən odur ki, belə qeyri-şəffaf qərarlar ictimaiyyətimizin köklü nəticələr gözlədiyi müasir kadr islahatlarına kölgə sala bilər.

Çox hörmətli cənab Prezident!

Mənim üçün ürəkaçan olmayan bu hadisədən həm də gərəkli bir dərs aldım. Başa düşdüm ki, dövlətimizdən şəxsi planda hansısa istəkdə olmaq haqqı bəzi məmurların üzündən heç də hamıya verilmir. Bununla artıq razılaşdım. Eyni zamanda, istədim ki, ADA Universitetinin bakalavr pilləsini, Macarıstanda magistraturanı uğurla bitirən övladımın haqq etdiyi doktorantura təhsilini də alması uçun bir valideyn olaraq əlimdən gələni etdiyimi hər kəs görsün. Övladım isə, “Dürüst və haqlı olanın üzünə heç bir məmur və ya məmur övladı qapı bağlaya bilməz”, – deyərək ona verdiyim özünü doğrultmayan həyat tərbiyəsinə görə məni bağışlasın.

Dəyərli cənab Prezident!

Dövlətçiliyimizə şəxsi münasibətimin hər hansı təmənna üzərində qurulmadığının bir daha altını cızmağı vacib bilirəm. Hər hansı gəldi-gedər məmurların subyektiv qərarlarının bunu dəyişmək gücündə olmadığının da altını cızıram. İnanıram ki, bu hadisənin tək mənim şəxsi mənafe məsələm olmadığını özünüzə xas yüksək anlayışla qəbul edəcəksiniz.

Dərin hörmətlə:

Aydın Quliyev, “Bakı-xəbər” qəzetinin baş redaktoru”.

www.yenicag.az

407
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv