!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BDU-da “Yaponiyada və Çində türkoloji araşdırmalar” mövzusunda elmi seminar keçirildi

!Reklam – Yazi

BDU-nun Filologiya fakültəsinin Türkologiya kafedrasında “Türkoloji araşdırmalar” ETL-in təşəbbüsü ilə “Çində və Yaponiyada türkoloji araşdırmalar” mövzusunda elmi seminar keçirilib. Tanınmış türkoloq alim, mərhum Şaməddin Xəlilovun xatirəsinə həsr olunmuş elmi seminarda kafedranın professor-müəllim heyəti, gənc tədqiqatçılar və tələbələr iştirak ediblər.

Yenicag.az xəbər verir ki, açılış nitq ilə çıxış edən Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov mərhum dilçi alim Şaməddin Xəlilovun ömür yolundan, BDU-da nümunəvi elmi-pedaqoji fəaliyyətindən, dilimizin tarixinin tədqiqi və tədrisi sahəsində xidmətlərindən söz açıb. Seminarın mövzusunun aktuallığına toxunan M.Məmmədov bildirib ki, türkologiyanın inkişafında Avropa ilə yanaşı, Asiya ölkələrindəki türkoloji mərkəzlərin də mühüm xidmətləri olub. Bu cəhətdən Çində və Yaponiyada aparılan türkoloji araşdırmaların öyrənilməsi Azərbaycan türkologiyasının elmi qaynaqlarının zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

“Yaponiyada türkoloji araşdırmalar” adlı məruzə ilə çıxış edən “Türkoloji araşdırmalar” ETL-in elmi işçisi Pərvin Eyvazov türk-yapon əlaqələrinin tarixi, Yaponiyada türkoloji düşüncənin inkişafına Altayşünaslıq nəzəriyyəsinin təsiri və yapon türkologiyasının inkişaf mərhələləri haqqında ətraflı məlumat verib. Məruzəçi bildirib ki, türklərlə yaponlar arasında əlaqələrin meydana gəlməsi iki istiqamətdə baş verib: bir tərəfdən, çar Rusiyasının müstəmləkəsində olan türklərin apardığı milli mübarizə zəminində, digər tərəfdən, Osmanlı imperiyası ilə rəsmi diplomatik münasibətlər səviyyəsində. Bu baxımdan müəllif türk-yapon əlaqələrinin möhkəmlənməsində Osmanlı imperatoru Sultan II Əbdülhəmidin və XIX əsrin sonu XX əsrin əvvəllərində tanınmış türk ziyalısı və səyyahı Əbdürrəşid İbrahim Əfəndinin xidmətlərindən, habelə “Ərtoğrul Fırkateyni” adlı gəminin faciəli Yaponiya səfərindən söz açıb.

Yaponiyada türkoloji düşüncənin inkişafına Altayşünaslıq nəzəriyyəsinin təsirindən bəhs edən P.Eyvazov yapon və koreya dillərinin Altay dillərinə aid edilməsi ilə bağlı görkəmli altayşünasların səsləndirdikləri elmi mülahizələri, həmçinin K.Fujioka, H.Sinkinçi, T.Sibata, N.Osada, S.Hattori kimi yapon türkoloqlarının bu nəzəriyyəyə dair görüşlərini iştirakçıların diqqətinə çatdırıb. Yapon türkologiyasının inkişaf mərhələlərinə toxunan müəllif Kurakiçi Şiratori, Konan Naito, Hitoşi Aşida, Koji Okubo, Fujio Mitsuhaşi, Akira Haneda, Masao Mori, Siro Hattori və başqa yapon alimlərinin türk xalqlarının tarixinə, dillərinə və ədəbiyyatlarına dair apardıqları araşdırmalar haqqında geniş məlumat verib. Yaponiya-Azərbaycan əlaqələrinə də diqqət çəkən məruzəçi Akira Matsunaqa və Koiçi Haneda kimi yapon türkoloqların dilimizin tədqiqinə dair gördüyü işlərdən də danışıb.
“Çində türkoloji araşdırmalar” adlı məruzə ilə çıxış edən filologiya üzrə fəlsəfə doktoru Ramil Bayramov öncə Çində yaşayan türkdilli xalqlar və onların mövcud vəziyyəti haqqında məlumat verib. Çində türk dillərinin tədrisi və tədqiqinin mövcud vəziyyətindən bəhs edən məruzəçi burada dil və yazı qaydalarını standartlaşdırma, terminlərin unifikasiyası və lüğətçilik, həmçinin türk dillərinin tarixi və təsviri metodla araşdırılması yönündə görülən işlər barəsində geniş söz açıb.

Məruzədə çinli türkoloqlardan Mirsultan Osmanov, Əbdüsalam Abbas və Aminə Qapparın uyğur ədəbi dilinin orfoqrafiya və orfoepiya lüğətlərinin hazırlanmasındakı xidmətləri, Şincan-Uyğur Muxtar Vilayəti Terminologiya Komitəsinin terminlərin unifikasiyası ilə bağlı atdığı addımlar, habelə 1980-ci illərdən sonra birdilli və çoxdilli lüğətlərin nəşri sahəsində həyata keçirilən işlər barəsində məlumat verilib. Bildirilib ki, Qulam Qopurinin “Klassik uyğur ədəbiyyatının müxtəsər lüğəti”, “Uyğur şivələri lüğəti”, Ablimit Əhməd, Dildar Memtiminlerin “Əski uyğur dili lüğəti”, Abdusalam Abbasın “Uyğur dili frazeologiyasının izahlı lüğəti”, habelə qazax dili ilə bağlı hazırlanan lüğətlər leksikoqrafiya sahəsində əldə edilən mühüm nailiyyətlərdir.

Çində türk dillərinin tarixi və təsviri metodla öyrənilməsinə toxunan R.Bayramov bu istiqamətdə Nəsrulla Yolbuldi, Turdi Əhməd, Rozi Yüsüp Əli, Qenq Şimin, Çin Simin və başqa Çin türkoloqlarının fəaliyyəti, xüsusilə uyğur dilinin öyrənilməsinə dair əsərləri haqqında da məlumat verib. Onu da diqqətə çatdırıb ki, dialektoloji materialların toplanmasında yaxından iştirak edən Mirsultan Osmanov, Qao Şice, Aminə Qappar, Li Sinq, Çen Zunqcin kimi alimlər əsasən uyğur dilinin dialekləri ilə bağlı əhatəli tədqiqatlar aparıblar.

Sonra mövzu ətrafında müzakirələr aparılıb, məruzəçilərə suallar ünvanlanıb.

www.yenicag.az

477
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv