!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Belələri Vətən sevgisi ilə hakimiyyət arzularının yerini hər zaman qarışıq salacaq” – Ülvi Quliyev

!Reklam – Yazi

Milli Məclisin deputatı Ülvi Quliyev müsahibə verib.

Yenicag.az müsahibəni təqdim edir:

– Son günlər Ermənistan-Azərbaycan sərhədində, xüsusən, Kəlbəcər və Naxçıvan istiqamətində atəşkəs rejimi mütəmadi surətdə pozulur. ABŞ, Rusiya, Almaniya, BMT, Avropa İttifaqı, ATƏT bundan ciddi narahatlığını ifadə edir və tərəfləri atəşkəsi gözləməyə çağırırlar, Fransanın xüsusi canfəşanlığı da öz yerində. Nə baş verir?

– Adlarını çəkdiyiniz və çəkmədiyiniz ölkə və təşkilatların narahatlığı anlaşılandır, həm də təqdirəlayiqdir. Lakin, çox təəssüf ki, 28 il ərzində işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan arasında bərabərlik işarəsi qoyulduğu kimi, indi də eyni mövqe sərgilənir, atəşkəsin pozulmasına görə məsuliyyət, haqsız olaraq, tərəflərin üzərinə bərabər şəkildə qoyulur və əmin-amanlığın pozulmasında yeganə təqsirkarın Ermənistan olduğu etiraf edilmir. 30 ilə yaxın müddətdə məhz bu cür “balanslaşdırılmış” yanaşma Ermənistanı yeni-yeni siyasi-hərbi təxribatlara şirnikləndirirdi. Cinayət və cinayətkar adı ilə çağırılmayanda, konkret ünvanı göstərilməyəndə növbəti təxribatların törədilməsi ehtimalı dəfələrlə artır. Torpaqlarımız işğal altında olduğu dövrdə Ermənistan tərəfindən Qarabağda qanunsuz məskunlaşdırılma siyasəti aparılırdı, başqa ölkələrin vətəndaşları Qarabağa yerləşdirilirdi. Bunun adı müharibə cinayətidir. Amma dediyiniz ölkə və təşkilatlar bunun qarşısını aldılarmı? Almadılar! 28 il ərzində Qarabağın işğal olunmuş bütün rayonlarında ermənilər 10 eşalondan ibarət müdafiə səddi, mühəndis-istehkam qurğuları yaradırdılar. Vasitəçilərin müşahidə-monitorinq missiyası həmin ərazilərə mütəmadi surətdə səfər etsə də, işğal faktının qorunmasına xidmət edən bu əməllərin qarşısını alırdımı? Almırdı! Bunları etməyə-etməyə, Azərbaycanı yenidən imitasiya xarakterli, mənasız danışıqlar masasına dəvət edirdilər. 28 il belə davam etdi. 27 il ərzində isə, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın xeyrinə olan və beynəlxalq hüquqa söykənən məlum dörd qətnaməsini Ermənistan dünyanın gözü qarşısında ayaqlar altına atdı. Amma ona gözün üstə qaşın var deyən oldumu? Olmadı! Əksinə, Prezidentimizin də qeyd etdiyi kimi, BMT-nin ayrı-ayrı ölkələrlə bağlı qətnamələri cəmi bir neçə gün ərzində icra olunduğu halda, Azərbaycana gəldikdə, eyni mahiyyətli qətnamələr 27 il ərzində yerinə yetirilmədi. Nə Ermənistan könüllü şəkildə onları icra etdi, nədə beynəlxalq təşkilatlar və vasitəçilər işğalçını qətnamələri yerinə yetirməyə məcbur edə bildilər. SondaBMT Nizamnaməsinə uyğun olaraq, Azərbaycan vasitəçilərin görməli olduğu işi təkbaşına görməli oldu və Ermənistanı döyüş meydanında buna məcbur etdi. Müharibə bitdikdən sonra Qarabağın halını bütün dünya görə bilir, işğaldan azad olunmuş torpaqlarımıza səfər edən xarici qonaqlar Ağdamı “Qafqazın Xirosiması” adlandırırlar.

Birinci Qarabağ müharibəsindən sonra Ermənistan işğal altında saxladığı rayon və kəndlərimizin mütləq əksəriyyətini həmin vəziyyətə salıb.

Söylədiyiniz ölkə və təşkilatlardan buna görə Ermənistanı eyni həmrəyliklə qınayan sərt çağırış, yaxud bəyanat eşitmişikmi?

Eşitməmişik! Axı, ərazilərimizin bu günə salınması da ən ağır müharibə cinayətidir. Bu illər ərzində Ermənistan Qarabağdakı tarixi, mədəni və dini irsimizi qəsdən məhv edib, məscidlərimizi, məzarlarımızı təhqir edib, goreşənliklə məşğul olub. Bəs, harada qaldı beynəlxalq qınaq, niyə əməllərinə görə vandala vandal, vəhşiyə vəhşi deyilmədi? Bütün bunlar öz zamanında edilmədiyinə görə, təbii ki, Ermənistan kimi istənilən işğalçı yeni təxribatlara, o cümlədən atəşkəsin pozulmasına həvəslənəcək. Xocalı soyqırımı ermənilər tərəfindən cəmi 29 il əvvəl törədilib. Dünyanın 13 dövləti onu tanıyıb. Adını çəkdiyiniz ölkə və təşkilatlar beynəlxalq hüquqa və tarixi ədalətə hörmət edib, Xocalı soyqırımını tanıyıblarmı?

Xeyr, tanımayıblar! Amma 106 il əvvəl guya törədilmiş uydurma “erməni soyqırımını” həmin dövlətlər böyük canfəşanlıqla, xüsusi həmrəylik nümunəsi göstərərək tanıyıblar. Görəsən, nədir bu ayrı-seçkiliyin səbəbi? Yaxud, görəsən, hansı səbəbdən sadaladığınız ölkələrdən bəziləri müharibənin qızğın cağında BMT-də Azərbaycana qarşı ədalətsiz qətnamənin qəbul olunması üçün təşəbbüs göstərirdilər?

Bu cür suallar, təəssüf ki, daha çoxdur, onlardan yalnız bir qismini səsləndirdim. Dərrakə səviyyəsindən və xislətindən asılı olmayaraq, Ermənistanın yerinə başqa birisi olsaydı belə, bu cür ayrı-seçkiliyi gördükdən, açıq və ya gizli dəstəyi hiss etdikdən sonra düşünə bilər ki, istənilən təxribatına və cinayətinə yenə də göz yumulacaq, tərəflər arasında bərabərlik işarəsinin qoyulması təcrübəsindən yenidən istifadə olunacaq.Ona görə də, minaladığı ərazilərin xəritəsinin əsas hissəsini hələ də gizlədir, siyasi əxlaq prinsipini və insanlıq anlayışını alver predmetinə çevirir. Bunu qınamaq əvəzinə, Ermənistana güzəştli kredit və qrant şəklində 2,6 milyard avro həcmində yardım edilməsi nəzərdə tutulur. Sanki, ermənilərin viran etdiyi Qarabağı və törətdiyi saysız-hesabsız müharibə cinayətlərini görmürlər. Belə ədalətsiz təcrübəyə son qoymağın, təhlükəli həvəsləndirmənin qarşısını almağın yalnız bir yolu var: müharibə günlərində olduğumuz kimi, indi də, hətta indi daha çox bir olmalıyıq, kimlərinsə onu zədələməsinə ümumi səylərimizlə imkan verməməliyik.

– Ermənistan hakimiyyəti hiyləgərliyindən əl çəkmir, iddia edir ki, atəşkəsi biz pozuruq. Bu qonşumuzun iyrəncoyunları kimlərə olmasa da, bizlərə yaxşı məlumdur. Amma dünən xaricdən yayımlanan bir-iki “Youtube” kanalını izləmək imkanım oldu. Orada öz azərbaycanlılarımız, bəzi ekspert və siyasətçilərimiz də eynilə ermənilər kimi iddia edirdilər ki, atəşkəsi biz pozuruq, guya bilərəkdən təxribat törədirik. Ülvi müəllim, o kanalları seyr etdikdən sonra, şəxsən mən deməyə söz tapmıram. Necə düşünürsünüz, bu cür anti-Azərbaycan əhval-ruhiyyəsi nədən qaynaqlana bilər?

– Bilmirəm, hansı kanalları izləmisiniz. Bu gün ermənilərin özləri də etiraf edirlər ki, müharibədə məğlub olublar, Azərbaycan qalib gəlib və bunu özlərinə nə bağışlaya, nə də həzm edə bilirlər. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan münaqişənin və müharibənin bitdiyi qənaətindədir, Qafqazda dinc birgəyaşayışın və davamlı sülhün tərəfdarıdır. Hətta Ermənistana təklif olunub ki, beynəlxalq səviyyədə təsbit olunan sərhədlər çərçivəsində ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması şərtilə aramızda sülh sazişi imzalansın, sərhədlərin delimitasiyası və demarkasiyası aparılsın, Ermənistan 10 noyabr və 11 yanvar tarixli üçtərəfli Birgə Bəyanatlara uyğun şəkildə nəqliyyat dəhlizlərinin açılması öhdəliyini yerinə yetirsin. Ermənistan bütün bunlardan yayınır, dünyanı münaqişənin bitmədiyinə inandırmaq üçün atəşkəsi məqsədli şəkildə pozur. Özü bir yana, Bəyanatların yeganə qarantı kimi çıxış edən Rusiyanın siyasi reputasiyası ilə oynamaqdan da çəkinmir. Məqsəd ATƏT-in Minsk qrupu çərçivəsində, ilk növbədə, Fransanın vasitəçi adı altında iştirakını reanimasiya etməkdir.

O Fransanın ki, müharibə günlərində beynəlxalq hüquqa, tərəfsiz vasitəçilik mandatına və BMT səviyyəsində imza atdığı qətnamələrə zidd olan belə bir bəyanatla çıxış etmişdi: “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir, biz buna icazə vermərik”.

Müharibədən sonra isə, Fransa Senatı Azərbaycan ərazisində qondarma rejimin tanınması ilə bağlı qətnamə təşəbbüsü ilə çıxış edib. Təbii ki, bu cür açıq-aşkar ermənipərəst mövqeyi ilə seçilən vasitəçinin yenidən gündəmə gətirilməsi yalnız Ermənistanın xeyrinədir. Təəssüf ki, azərbaycanlı siyasətçi və ekspertlərdən bəziləri də eyni mövqedən çıxış edir. Tamaşa etdiyiniz “Youtube” kanallarında çıxış edənlər çox az sayda olan belələrindən idisə, onda, anlaşılandır. Birdəfəlik bilməliyik, o şəxslərin ki, Vətən sevgisi yalnız siyasi maraqlar bucağından qaynaqlanır, belələri Vətən sevgisi ilə hakimiyyət arzularının yerini hər zaman qarışıq salacaq. Hətta bir anlığa nəzəri baxımdan təsəvvür edək ki, hansısa hərbi-siyasi hədəfə çatmaq üçün atəşkəsi biz pozmuşuq. Əgər qanı-qanımızdan, soyu-soyumuzdan olan kimsə bu nəzəri ehtimalı məqsədli şəkildə qabardıb ermənilərin və ona himayədarlıq edənlərin əlinə fürsət verirsə,o, demokratik düşüncəli və fransasevər adına iddia edə bilər, amma Azərbaycanı qəlbən və ruhən sevdiyinə xalqımızı inandıra bilməz.

Bu günlərdə sosial mediada sevimli sənətkarımız Flora xanım Kərimovanın əqidədaşları ilə söz debatını izlədim. Flora xanım deyəndə ki, Şuşa azad edildikdən sonra müxalifətçiliyə yer qalmayıb, təkcə öz fikrini ifadə etmir, cəmiyyətimizdə mütləq əksəriyyətin düşüncəsindən və yanaşmasından məlumatlı olduğu, qəlbinin səsini dinlədiyi üçün həqiqəti ictimai şəkildə etiraf etməkdən çəkinmir.

Dünyaca məşhur yazıçı və tənqidçi Anatol Fransın bu fikri tam yerinə düşür:

“ Ən nadir mərdlik-fikir mərdliyidir”. Xalqımız və millətimiz adına tarixi Qələbəyə imzasını atan Prezident İlham Əliyevi kimsə siyasi rəqibi hesab edə bilər. Lakin bu, o demək deyil ki, darçərçivəli siyasi maraqlar onun tarixi xidmətlərini etiraf etməyə mane olmalıdır. Böyük dövlət və siyasət adamı Uiniston Çörçill zamanında belə bir fikir söyləmişdi: “Böyük hadisələr və kiçik insanlar dövründə yaşayırıq”.

Deyəsən, tarix yenidən təkrarlanır və ona görə də təəccüblənməyə dəyməz.

Gördüyümüz dünya reallığını və şahidi olduğumuz tarixi hadisələri təhlil edib,olduğu kimi dəyərləndirməliyik. Şuşa Bəyannaməsini, yeni iqtisadi zonaların yaradılması ilə bağlı 2021-ci il 7 iyul tarixli Prezident Fərmanını və Bakı Bəyannaməsini gerçəkləşdirə bilən dövlətimizin başçısı böyük güclərin ikili standartları və ayrı-seçkiliyi qarşısında siyasi iradə nümayiş etdirir. Bunun nə qədər çətin olduğunu yalnız təsəvvür edə bilərik. İctimailəşdirilməyən məqamlar düşündüyümüzdən qat-qat çoxdur.

İctimailəşdirilənlərdən isə yalnız birini yada salmaq istəyirəm. Prezident İlham Əliyev aprelin 12-də Hərbi Qənimətlər Parkının açılışında münaqişənin 30 il boyunca ədalətli şəkildə həll olunmamasının səbəblərindən birini belə ifadə etmişdi:

“Çünki mən bu vəzifəyə təzə seçilmişdim, hələ böyük siyasətin, riyakarlığın nə dərəcədə geniş vüsət almasından xəbərsiz idim…Sonra anladım ki, bütün bu illər ərzində bizi aldatmağa çalışmışlar. Məsələni həll etmək yox, dondurmaq istəmişdilər. Bu məsələ ilə bilavasitə məşğul olan beynəlxalq qurumlar bu torpaqları erməni tapdağının altında daim saxlamaq istəmişdilər. Onu sonra anladım”.

Bu həqiqətlər ortada ola-ola, milli qürurumuzun xilasına xidmət edən tarixi Qələbəmizi qorumaq və onu gələcək nəsillərə ötürmək naminə sözdə də, əməldə də birliyimizi və ətrafında birləşdiyimiz siyasi Liderimizi qorumalıyıq. Biz bunu bacarmışıq, əminəm ki, bundan sonra da bacaracağıq. Bir də 30 il əvvəlkindən fərqli olaraq, artıq tək deyilik. Qardaş və dost ölkələr hər an yanımızdadırlar, eynilə biz də. Tarixi ədalət və beynəlxalq hüquq yenə bizim tərəfimizdədir.

www.yenicag.az

538
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv