“Daxili turizm infrastrukturu və xidmətlə qiymətlərin adekvat olmaması yerli turistlərin maraqlarına cavab vermir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında bu mövsüm Azərbaycandan Gürcüstana səyahət edənlərin sayındakı 8 faizlik artımı şərh edən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov deyib.
Ekspertin sözlərinə görə, bu artıma təsir edən əsas səbəb Gürcüstanda turizm infrastrukturunun vəziyyəti və tur-paketlərinin sərfəli olmasıdır:
“Azərbaycandan Türkiyə, Gürcüstan və Rusiyaya gedən turistlərin sayı daha çoxdur. Lakin qiymət cəhətdən ən münasib variant Gürcüstandır. Ona görə də, hər il Azərbaycandan Gürcüstana səfər edənlərin sayı ilbəil artır.
Bu gün sosial şəbəkələrdə paylaşılan xarici tur elanlarının böyük qismi məhz Gürcüstanla bağlıdır. Qısamüddətli turların qiymətlərinin sərfəli olması insanlarda təəccüb doğurur və yerli turistləri cəlb edir.
Azərbaycandan Gürcüstana yerli turist axını müəyyən neqativ hallar yaradır. Çünki turist səfərləri həm də ölkədən kapital axını deməkdir.
Daxili turizm infrastrukturu, xidmətlə qiymətlərin adekvat olmaması yerli turistlərin maraqlarına cavab vermir. O baxımdan, aidiyyatı qurumların bu məsələni diqqətə saxlamaları və ciddi tədbirlər görməsi zəruridir”.
Gülşən Şərif