“Bəyəm o rüşvəti bizə təklif etməyiblər..?” – Tahir Kərimli nazirləri topa tutdu – VİDEO

“Biz heç vaxt deyə bilmərik ki, mən nazirəm, komitə sədriyəm, rəhbərəm, yaxşıyam, amma ətrafım pisdir”.

Bu sözləri “Yeni Çağ” TV-nin “Müzakirə vaxtı” verilişinin qonağı olan Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.

Tahir Kərimli rüşvət mexnizminin piramida şəklində qurulduğunu və bu mexanizmi quranların çox vaxt məsuliyyətdən kənarda qaldıqlarını qeyd edib:

“Hər hansı bir nazirin həbs edilməsi Azərbaycanın beynəlxalq imicinə böyük bir zərbə olar ki, görün, korrupsiya nə həddədir, nazirlər həbs olunur. Şübhəsiz ki, istənilən adam məsuliyyətə cəlb olunmalıdır. Dəxli yoxdur, birinci adamdır, ya ikinci və sair.

Amma həmin birincilər o qədər səliqəli işləyirlər, sadiq adamları vasitəsilə piramidanı elə qururlar ki, sonra onların üzünə duran olmur. Sadəcə, mexanizmi qurub kənarda daynırlar. Həbs edilənlər gərək özləri deyələr ki, rüşvəti alıb nazirə vermişəm, ya kimə vermişəm.

Yetimin malını yeyən adamlar məsuliyyətdən kənarda qalmamalıdır. Deyirlər ki, yıxılanı baltalamaq olmaz. O adam dövləti kökündən baltalayıb, bəs bu, necə olsun? Bütün bunlarla yanaşı, rüşvət sistemi üzə çıxarılmalıdır”.

Partiya sədri qeyd edib ki, rüşvət mexanizminin sıradan çıxarılması üçün onun əsas səbəbkarları məsuliyyətə cəlb edilməlidir:

“Bağışlayın ki, efirdə bu sözləri deyirəm. Bəyəm o rüşvəti bizə təklif etməyiblər ki? Bizə ondan da çoxunu təklif ediblər. İndi mən açıq demək istəmirəm. Gərək sən dözə biləsən, özünün rifahını qurban verəsən. Bu, bir az pafoslu səslənir. Vallah, xalqımız inanmır.

Biz heç vaxt deyə bilmərik ki, mən nazirəm, komitə sədriyəm, rəhbərəm, yaxşıyam, amma ətrafım pisdir. Həzrəti Əlinin bir sözü var, deyir, işçisini pisləyən rəhbər pis rəhbərdir.

Mən Vəhdət Partiyasının sədriyəm və dəfələrlə mənim əleyhimə bəyanatlar verib partiyadan çıxanlar olub. Ancaq mən heç vaxt onların əleyhinə danışmadım. Çünki rəhbərəmsə, mən təqsirkaram. Yəni məsuliyyətə əsas səbəbkarlar cəlb edilməlidir”.

Veriliş tam versiyasını BURADAN izləyə bilərsiniz.

Aqil Bəkir