Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Beynəlxalq təşkilatlar cəbhədəki hadisələrə niyə göz yumur?

Reklam: High Technic

Son günlər cəbhə xəttində baş verən hadisələr Ermənistanın bir daha məkrli niyyətini ortaya qoymuş oldu. Lakin hansısa səbəbdən Ermənistanın Azərbaycana qarşı bu təxribatlarına beynəlxalq təşkilatlar konkret mövqe bildirmir.

Elə bu gün Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində son günlər baş verən qarşıdurmalara münasibət bildirib. Belə ki, səfirin sözlərinə görə, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir.

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan politoloq Elşən Manafov bildirib ki, Qarabağ münaqişəsinin tənzimlənməsi üçün mandat BMT tərəfindən məhz ATƏT-in Minsk qrupuna həvalə olunub:

“25 ildir ki, munaqişənin tənzimlənməsi ilə bağlı məsələlər məhz bu qrupun vasitəçiliyi ilə aparılıb. Əslində, münaqişəyə Minsk qrupu ilə yanaşı, ATƏT, BMT və digər regional təşkilatlar reaksiya verə bilərlər. Çünki ən azından söhbət Cənubi Qafqazda sabitlik və təhlükəsizlikdən gedir. Cənubi Qafqazın dövlətlərinə sərmayə qoymuş transmilli şirkətlər mövcuddur və onların arxasında dayanan dövlətlərin bölgəyə, Azərbaycana marağı var. Münaqişənin nəzarətdən çıxması, daha geniş masştabda hərbi əməliyyatların bərpa olunma ehtimalı Cənubi Qafqazın infrastruktur layihələrini, xüsusilə Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayan məlum kəmərlərin aqibətini ciddi şübhə altına ala bilər. Bu kontekstdə, beynəlxalq təşkilatlar cəbhədə baş verənlərə dərhal reaksiya verməli və atəşkəsin əldə edilməsi ilə bağlı razılığa əməl etməyə çağırmalıdırlar. Amma görünür həmin təşkilatlar Minsk qrupunun reaksiyası ilə kifayətlənirlər. Ola bilər beynəlxalq təşkilatlarda daha ciddi məlumatlar var ki, əməliyyatların nəzarət altından çıxma ehtimalı böyük deyil, sadəcə, cəbhə xəttində yaranmış vəziyyət Ermənistan hakimiyyətinin daxili auditoriyaya hesablanmış siyasəti ilə əlaqədardır. Ermənistanda seçkilər ərəfəsində müxtəlif klanlar arasında siyasi hakimiyyət uğrunda mübarizə yeni bir mərhələyə daxil olmaqdadır. Sarkisyan ölkəsindəki mövcud sosial-iqtisadi durumdan yəqin ki, narahat olaraq, erməni ictimaiyyətini iqtidarın məsləhət bildiyi hədəflərə yönəldir, milləti saxta millətçilik dalğasına kökləyir. Əgər həqiqətən də bölgədəki vəziyyətin dəyişməsində, status-kvonun aradan qalxmasında, sabitliyin və təhlükəsizliyin təmin edilməsində maraqlıdırlarsa, beynəlxalq təşkilatların məlum mövqeyi olmalıdır. Misal üçün, iki gün əvvəl ABŞ Dövlət Departamenti Gürcüstanın ərazi bütövlüyü ilə bağlı ciddi bir qətnamə ortalığa qoydu. Əslində, bu, daha çox Rusiyaya mesajdır. Həm də görünür böyük dövlətlərin (Gürcüstan istisna olmaqla) Dağlıq Qarabağla bağlı qeyri-rəsmi razılaşmaları var. Bu səbəbdən də cəbhədəki vəziyyətə konkret münasibət yoxdur”.

Konfliktoloq Əvəz Həsənov bildirib ki, bütün beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsində əsas vasitəçi kimi ATƏT-i görür və onun atdığı addımları məsləhətləşmiş bir addım kimi qəbul edirlər:

“Ona görə də beynəlxalq təşkilatların hər dəfə ATƏT-in fikrini səsləndirməsini həm bizdə, həm də Ermənistanda təbii qarşılamaq lazımdır. Sadəcə, cəbhədə baş verən son hadisələrlə bağlı dövlətlərin, o cümlədən beynəlxalq təşkilatların, məsələn, Avropa Şurasından tutmuş Avropa İttifaqına kimi özünün konkret fikrinin olmaması təəccüblüdür. Yəni Azərbaycanın üzv olduğu hər bir dövlətlərarası qurum cəbhədə baş verən insidentlə bağlı mövqeyini ortaya qoymalıdır. Bunu nə ATƏT-lə, nə də ATƏT-in Minsk qrupu ilə əlaqələndirməməlidir. Əgər orada hansısa pozuntular varsa, dinc əhaliyə qarşı ağır silahlardan istifadə olunursa və yaxud Azərbaycan əsgərinin cəsədi qaytarılmırsa, demək, beynəlxalq qanunvericilik pozulub. Belə olan halda, ATƏT-in Minsk qrupunu əlaqələndirməyin heç bir aidiyyatı yoxdur. Elə buna görə də bəzən Azərbaycan hökuməti Avropa Şurasından, Avropa İttifaqından, eləcə də BMT-nin bir sıra qurumlardan konkret mövqe tələb etməlidir. Xüsusilə, cəsədlərin qaytarılmasında, dinc əhaliyə qarşı ağır silahlardan istifadə olunmasında ittihamedici mövqeni ortaya qoymalıdır. Təbii ki, eyni şeyi onlardan Ermənistan tələb edir”.

BƏXTİYAR
Yeniçağ.az

www.yenicag.az

179