!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bəzi partiyalar az qala terror dəstələrinə çevriliblər” – MÖVQE

!Reklam – Yazi

“Əgər üzvləri nəyəsə görə imza atmaqdan çəkinəcəklərsə, deməli, o partiyanın heç bir fəaliyyəti yoxdur”.

Bu fikirləri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin parlamentdə keçiriləcək müzakirəsi ərəfəsində yaranmış durumu dəyərləndirən Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, sözügedən qanun layihəsi ölkədə siyasi partiyalar sisteminə düzən gətirilməsi baxımından əhəmiyyətlidir:

“Hazırda bu qanun layihəsinin müzakirəsi ilə bağlı siyasi partiyalar tərəfindən fəallığın olmamasına dair yanaşmaları birmənalı qiymətləndirmək doğru olmazdı. Bildiyiniz kimi, bir sıra partiyalar, o cümlədən bizim partiya həmin qanun layihəsi ilə bağlı öz təkliflərini artıq təqdim edib. Yəqin ki, partiyalar hazırda o qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılmasını gözləyirlər.

Bəli, açıqlanan layihədəki bir sıra müddəlar, xüsusilə üzvlərin sayı və partiya təsis etmək üçün qeyd olunan tələblər müəyyən narahatlıqlar yaradıb. Ancaq mən belə hesab edirəm ki, vurğulanan tələblər yetərincə optimaldır. Ümumiyyətlə, ölkədə siyasi partiyalar sisteminə nizam gətirilməsi baxımından, yeni layihəni uyğun qiymətləndirmək olar.

Razılaşaq ki, bu gün qeydiyyatdan keçmiş bir çox partiyaların fəaliyyəti heç bir formada nəzərə çarpmır. Onların normal strukturları olmadığı kimi, üzvlərinin sayı da çox azdır, təşkilatda sədrdən və onun ailə üzvlərindən başqa kimsə yoxdur. Hətta bəzi partiyalar artıq az qala terror dəstələrinə çevriliblər. Hesab edirəm ki, belə partiyaların qalmasına ehtiyac yoxdur.

Fikrimcə, Azərbaycanda real gücə malik partiyalar olmalı və öz imkanlarına görə mövqe tutmalıdırlar. Ancaq bu proses təbii getməlidir. Mənə belə gəlir ki, narahatlıq doğuran həmin müddəalara müəyyən korrektələr edilə bilər. Bu, müzakirələrin gedişindən asılıdır. Mən belə düşünürəm ki, bəlkə də o müddəların dəyişdirilməsinə ehtiyac yoxdur. İyirmi min imza toplaya bilməyən partiya mövcudluğunu necə davam etdirə bilər.

Belə fikirlər səslənir ki, bir sıra partiyaların üzvləri təzyiqlərdən çəkinərək imza atmayacaqlar. Əgər üzvləri nəyəsə görə imza atmaqdan çəkinəcəklərsə, deməli, o partiyanın heç bir fəaliyyəti yoxdur. Bu fikirdəyəm ki, tələb olunan imzaları normal qaydada toplamaq mümkündür. Sadəcə, bəziləri özlərinə əziyyət vermək istəmir”.

A.Zeynalov

www.yenicag.az

446
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv