!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bəzi qüvvələrin artan müharibə ritorikası: "Sülhlə atılan addımlar dünya tərəfindən..."

!Reklam – Yazi

“Sülhlə atılan addımlar dünya tərəfindən müsbət qarşılanır. Hər hansı bir müharibə etsək, təxribatla rus əsgəri qətlə yetirilsə, bunun acısını Azərbaycan çəkəcək”.

Bu fikirləri artan müharibə ritorikası, proseslərin gedişatı və atılmalı olan addımları şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, məsələnin siyasi, diplomatik yolla həlli imkanları tamamilə tükənməyib:

“Ciddi siyasətçi müharibə adı çəkməz. Siyasətçi fikrini, zikrini atacağı addımı ümumbəşəri qanunların altında gizlətməlidir. Edəcəksə də, bunu son anda atmalıdır. Düşünürəm ki, bəzilərinin danışması qeyri-peşəkarlıqdan irəli gəlir. Müharibə çağırışı edənlərin hansı biri müharibədə olub? Müharibə çağırışı edən adamlar 2 il bundan əvvəl baş vermiş müharibədən sonra baş verən münaqişələrdə öz həyatını itirənlərin yaxınları ilə maraqlanıblar, bilirlər ki, şəhid valideynləri hansı düşüncədədirlər?

Azərbaycan üzərinə istər şimaldan, istər cənubdan, istərsə də başqa istiqamətlərdən gələn təzyiqlərlə Azərbaycan ictimaiyyəti mübarizə aparır. Qalib orduyuq. Bundan sonra diplomatların həll etməli olduğu məsələləri biz güc yolu ilə həll edəcəyiksə, bunu düzgün saymıram. Çünki məsələnin siyasi, diplomatik yolla həlli imkanları tamamən tükənməyib. Bu gün bunun nümunəsi Şuşa-Xankəndi yolunda bir aya yaxındır davam edən aksiyada görürük. Gənclərimiz, ictimai təşkilatlarımız dinc aksiya keçirirlər. Bununla da bütün dünyaya, qarşı tərəfə yerini bildiriblər. Azərbaycanın Arayiki, Rubeni həbs edib gətirmək kimi gücü və imkanları var. Bunu etmədik, çünki öhdəlik götürmüşük. Öhdəliyi də digər tərəfdən tələb edirik. Buna qarşı gələndə artıq aksiya yoluna əl atdıq və çox yaxşı effekt verdi. Yaxın zamanda bunun nəticəsini görəcəyik.

Qarabağda üç qisim insan var. Bir qismi şəhərlərdə Ağdərə və Xankəndidə yaşayan imkanlı və ziyalı təbəqənin insanlarıdır ki, onlar bu hadisədən sonra köçmək istəyirlər. Digər bir qisim isə şəhərlərdə yaşayır və silahlı dəstələrlə birbaşa bağlı olan təbəqədir ki, onlar müharibə tərəfdarıdırlar. Üçüncü bir təbəqə var ki, onlar daim bizimlə təmasda olublar, işğaldan azad etdiyimiz ərazilərlə həmsərhəd kəndlərdə yaşayırlar. Onlar sadə insanlardır, deyirlər ki, biz bu vaxta qədər Azərbaycanla qonşuluq şəraitində yaşamışıq, bundan sonra da yaşamağa davam etmək istəyirik. Azərbaycanın apardığı son dinc, uğurlu siyasət ona gətirib çıxarıb ki, istədiklərimizin müəyyən qisminə nail olacağıq. Ora gedən nümayəndə heyəti, təbii ki, qəbul ediləcək. Yerdə qalan insanlarda da o fikir yaranacaq ki, Azərbaycan heç bir təzyiqə baxmadan tam şəkildə istəyinə nail oldu. Bu artıq Azərbaycan hakimiyyətinin orada bərqərar olmağa başlamasının nəticəsidir. Bütün bunlardan sonra biz niyə görə müharibə çağırışı etməliyik? Sülhlə atılan addımlar dünya tərəfindən müsbət qarşılanır. Hər hansı bir müharibə etsək, təxribatla rus əsgəri qətlə yetirilsə, bunun acısını Azərbaycan çəkəcək. Rusya ilə əlaqələrimizə böyük bir zərbə olacaq. İçi İran qarışıq, bütün dünya bizi qınayacaq. Düşünürəm ki, hökumətin apardığı diplomatik yollara dəstək verilməlidir”.

Səxavət Məmməd

www.yenicag.az

511
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv