!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Binalar 9 mərtəbədən hündür tikilməyəcək? - Ekspert bu qərarın nəticəsini açıqladı

!Reklam – Yazi

Türkiyədə 45 mindən çox insanın ölümünə səbəb olan zəlzələdən sonra Azərbaycanda hündürmərtəbəli binaların tikintisinin dayandırılması barədə bir çox təkliflər irəli sürülüb. Milli Məclisin deputatı Vahid Əhmədov isə bildirib ki, ölkə ərazisində 9 mərtəbədən artıq binaların tikilməyəcəyi nəzərdə tutulur.

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında bildirib ki, binaların 9 mərtəbəli tikilməsi kimi bir qərar tikinti şirkətləri üçün maraqlı olmayacaq:

“Müəyyən müddətdir ki, yeni tikili binaların 9 mərtəbədən hündür olmaması müzakirə olunur. Əslində, bu dəyişiklik şəhərin estetik görünüşü və təhlükəsizlik baxımından arzuolunandır. Sadəcə, bu məsələdə bir sıra problemlər mövcuddur. Hazırda Bakıda çoxmənzilli yaşayış binalarının tikintisi üçün yararlı torpaq sahələri məhdud saydadır və qiymətləri kəskin şəkildə bahadır. Torpaq sahələrinin baha olması isə yeni tikili binalarda mənzillərin qiymətinin artmasına səbəb olub. Ona görə də tikinti şirkətləri daha çox pilot layihələrə, yəni istismar müddəti bitən binaların sökülərək yerində yeni binaların inşa edilməsinə daha çox meyillidirlər. Bu halda tikinti şirkəti sökdüyü mənzilin əvəzinə köhnə binada mənzil sahibi olan vətəndaşa yeni binada daha böyük və tam təmirli mənzil verir. Bundan başqa, yeni bina tam hazır olan müddətə qədər mənzil sahibinə kirayə haqqı ödənir, köç və digər xərcləri qarşılanır. Tikinti şirkətləri məcburən hündürmərtəbəli bina tikirlər ki, sakinlərə verdikləri mənzillər qarşılana bilsin və köhnə mənzil sahibi üçün ödədikləri xərcləri yeni mənzilin satışından götürə bilsinlər. Ona görə də əmlak bazarında qiymətlər sabit deyil.

Əgər binaların 9 mərtəbəli tikilməsi şərt kimi qoyularsa, bu, tikinti şirkətləri üçün maraqlı olmayacaq. Bu baxımdan köhnə binaların söküntüsü səngiyə bilər. Bu gün Bakıda istismar müddətini bitirmiş minlərlə çoxmənzilli köhnə tikililər var. Bundan başqa, qəzalı kimi qeydə alınan binaların da sayı az deyil. Həmçinin binaların 9 mərtəbəli olması mənzillərin qiymətini ən azı üç dəfə artıracaq. Bu isə vətəndaşlar üçün əlçatanlığın olmaması ilə yanaşı, tikinti şirkətlərinin iflasa uğraması deməkdir”.

Gülşən Şərif

www.yenicag.az

562
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv