Binəli Yıldırım: “Kim nə deyir desin, Nizami Gəncəvi türkdür” – CANLI YAYIM

“Hər kim nə deyir desin, Nizami Gəncəvi Azərbaycan türküdür”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Milli Məclisdə parlament sədri Oqtay Əsədovla keçirdiyi görüş zamanı deyib.

“Nizami Gəncəvi 13-cü əsrdə yaşamış dahi şəxsiyyətdir, Azərbaycan türküdür. Hər nə qədər bəziləri ona sahib çıxmaq istəsə də, gerçək budur ki, Nizami Gəncəvi Gəncədə doğulub, Gəncədə yaşayıb və Gəncədə vəfat edib. Onun “Xəmsə”si bu gün dünya elm adamlarına, şairlərinə bir nümunədir. Belə bir dahi şəxsin adına beynəlxalq tədbirin təşkil olunmasını alqışlayıram. Ona görə də bu tədbirdə iştirak etmək istədim”, – deyə baş nazir vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsinin həllinə də toxunan Binəli Yıdırım, türkiyənin hər zaman Azərbaycanın yanında olacağını deyib:

“Əlbəttə ki, Azərbaycanın Dağlıq Qarabağ məsələsi hələ də qanayan bir yaradır və inanırıq ki, bir gün mütləq bu münaqişə öz həllini tapacaq. Bu haqlı davada Türkiyə hər zaman Azərbaycanın yanında olacaq”

Daha sonra Bakı-Qars dəmiryolu layihəsindən danışan baş nazir bunları deyib:

“2004-cü ildə Bakı-Qars dəmiryolu layihəsini gündəmə gətirdiyimiz zaman, heç kim layihənin gerçəkləşəcəyinə inanmırdı. Lakin başda hörmətli prezident İlham Əliyev və Ərdoğan olmaqla layihə üzərində ciddi iş getdi və biz də öhdəmizə düşəni uğurla tamamladıq. Bəlkə də bu, kiməsə adi dəmiryolu layihəsi kimi gələ bilər, amma bu layihədən də artıq, mühüm bir işdir. Bu, Azərbaycan və Türkiyə arasında fasiləsiz əlaqə olmaqla yanaşı, bütün Yaxın Şərq coğrafiyasını Qafqaz üzərindən Avropaya bağlayan strateji layihədir”.

Qeyd edək ki, B.Yıldırım VI Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfərə gəlib. Forum Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə keçirilir.

 

COP29