!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bir qadının təhsil alması gələcəkdə dünyagörüşlü bir ana deməkdir” – Nərmin Teymurova

!Reklam – Yazi

“Zaman keçəcək cəmiyyət və həyat daha da yüksək vəziyyətə çatacaq, lakin müəllimlik peşəsi bütün peşələrin zirvəsində dayanacaq”

Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının ibtidai sinif müəlliməsi, 2C sinifinin rəhbəri Nərmin Teymurova uşaqlarla maraqlı oyunlar keçirərək onları təhsilə, elmə həvəsləndirir. Oyunlar əsnasında keçirilən dərslər uşaqlara bir başqa təsir bağışlayır.

Biz də bu özəl gündə Nərmin Teymurovaya müraciət etdik. Gənc müəllim Medianews.az-a müsahibəsində müəllimlik peşəsinin aliliyindən danışdı. O, 8 Mart – Beynəlxaq Qadınlar Günü ilə bağlı bütün qadınları təbrik etdi.

– Təhsildə keyfiyyət ilk növbədə müəllimdən başlayır deyirlər. Sizcə, bu deyim nə qədər realdır?

– Xalq arasında belə bir deyim var ki, müəllim dəyişəndə cəmiyyət də dəyişir. Bu da onunla bağlıdır ki, insanların fikir və düşüncələrinin, həyata baxışlarının formalaşmasında, dəyişməsində müəllimlərin çox böyük rolu var. Cəmiyyətin şüuruna birbaşa təsir edən qüvvədir müəllim. İnsan bilik və təcrübəni yeni nəsillərə ötürülməsi ilə svilizasiyanın yüksək zirvəsinə çata bilir. Həmin təcrübəni yeni nəsillərə ötürmək missiyası da biz müəllimlərin üzərinə düşür. Müəllim gələcəyə yol açır. Müəllim peşəsini digər peşələrdən fərqləndirən əsas cəhət ondan ibarətdir ki, bütün insanlar müəllimlərdən öyrənir. Elə bir insan olmaz ki, onun müəllimi olmasın. Dünyanı dəyişən, yüksək texnologiyalar icad edən, tarix yaradan dahi şəxsiyyətləri belə müəllim yetişdirib. Dünyada gözəl, nəcib peşələr çoxdur. Həkim insanların sağlamlığının keşiyində dayanır, xəstələrə şəfa verir. Mühəndis fabrik və zavodları işlədir, hündür binalar ucaldır, yollar çəkir, körpülər salır. Kosmonavt fəzanı fəth edir, müxtəlif planetlərin sirlərini öyrənir…

Ancaq onlar da sənətin sirlərini məhz müəllimdən öyrənirlər. Müəllim elm, bilik xəzinəsinin qapısını insanların üzünə açan bir şəxsdir. Dünyada müəllim əməyinin bənzəri yoxdur. Əgər bu gün biz bəşəriyyətin çatdığı yüksək inkişaf səviyyəsi, elmi-texniki nailiyyətlər barədə məmnunluqla söhbət açırıqsa, bunun səbəbkarı müəllimlərimizdir.

Düşünürəm ki, müəllimlik elə bir peşədir ki, heç bir alternativi yoxdur. Zaman keçəcək cəmiyyət və həyat daha da yüksək vəziyyətə çatacaq, lakin müəllimlik peşəsi bütün peşələrin zirvəsində dayanacaq.

– İbtidai sinif müəllimi ilk qələm tutmağı öyrədən, ilkin təhsilin təməlini qoyan şəxsdir. Digər fənn müəllimlərinə nisbətən yükünüzün ağırlığının fərqindəsinizmi?

– Əlbəttə. Müəllimlik nə qədər çətin bir yükdürsə, ibtidai sinif müəllimi bundan daha məsuliyyətli və ağır peşədir. Təsəvvür edin ki, 6 yaşlı uşaq gəlir məktəbə, hələ körpədir. Əlindən tutaraq ilk hərifi, saymağı biz öyrədirik. Onlara “ana” kəlməsini yazmağı, vətənə, torpağa olan sevgini öyrədirik. El içində bəzən müəllim əməyini bağban əməyi ilə müqayisə edirlər. Bu, çox gözəl bənzətmədir. Bağban min bir zəhmətlə yetişdirdiyi bağın bəhrəsini görəndə necə sevinir?! Baxın, müəllim də elədir. Öz yetirmələrinin inkişafını görəndə doğrudan da müəlimin qəlbi dağa dönür. Şagirdlərimin olimpiadalarda, yarışlarda yaxşı yer tutduğunu görəndə onların valideynlərindən çox mən sevinirəm. Müəllim üçün bundan şərəfli və gözəl bir hiss yoxdur.

Ümumiyyətlə, məktəb parta arxasında keçən illərdə müəllimlər bizə qətrə-qətrə Vətənə, torpağa sevgi hissi aşılayırlar. Biz Azərbaycanın keçməkəşli tarixi, ana yurdumuzun təbiətinin gözəllikləri, xalqımızın dostları və düşmənləri barədə müəllimlərimizdən çox şey öyrənmişik. Sevimli müəllimlərimiz bizə şifahi xalq yaradıcılığının, dastanlarımızın ruhunu aşılayıblar, eləcə də yazılı ədəbiyyatımızın görkəmli nümayəndələrinin – Nizaminin, Füzulinin, M.Ə.Sabirin, S.Vurğunun, C.Məmmədquluzadənin, H.Cavidin əsərlərinin incəliklərini öyrədiblər. Biz onların sayəsində bütün varlığımızla xalqımızın əsrlərin sınağından çıxan adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə bağlanmışıq, dünyagörüşümüz, həyata sağlam baxışımız formalaşıb.

Əlbəttə, bütün bunlar ani olaraq baş vermir, uğurlarımızın arxasında müəllimlərimizin illər boyu çəkdikləri gərgin zəhmət dayanır.

– Tədris planınızda nəyə daha çox önəm verirsiniz, nəzəriyyəyə, yoxsa praktikaya?

– Nəzəriyyə və praktika bir-biri ilə vəhdət təşkil edir, nəzəriyyəsiz praktika olmaz, prakstikasız da nəzəriyyə. Mən də öz tədris prosesimdə bunları qarşılıqlı şəkildə aparır, təcrübyə çox üstünlük verirəm. Misal üçün, əvvəl müəllimlərimizdən görmüşdük ki, şagirdlər dərsi öyrənib danışır, bununla da dərs bitir. Amma indi texnologiyaların bu qədər inkişaf etdiyi bir zamanda təcrübə daha önəmlidir. Mən də öz dərslərimdə çalışıram ki, nəzəriyyə ilə yanaşı, təcrübəyə önəm verim.

– Bəzən valideynlər ibtidai siniflərdə dərs yükünün çoxluğundan və ağırlığından şikayət edirlər. Bəs, siz necə, şagirdlərə o proqramı qavramasında necə yardımçı olursunuz?

– Doğrudan da hazırda dərs yükü çox çətindir. Bizim 6-7-ci sinifdə keçdiyimiz Həndəsə fənnindəki proqramları biz 1-ci sinifdən keçməyə başlayırıq. Yuxarı siniflərə qalxdıqca tədris prosesinin yükü çoxalır. Elə düşünürəm ki, belə ağır proqramla şagirdləri soyutmamağın tək çıxış yolu ondan ibarətdir ki, şagirdlərə nəzəriyyə ilə yanaşı, əyləncəli zaman da ayırmaq lazımdır. Mən bundan çox istifadə edirəm. Məsələn, gündə 3-4 dərs Azərbaycan dili, Riyaziyyat keçiriksə, görürəm ki, uşaqların götürəcəkləri səviyyə budur. Bundan artıq nə keçsəm, baxacaqlar, dinləyəcəklər, ancaq başa düşməyəcəklər. Onların beyinləri yorulub. Buna görə də hər zaman tədris prosesində uşaqlara dərslə yanaşı, əyləncəli vaxt da ayırıram. Uşaqlar sadəcə məktəbə gedib dərs oxuyub gəlsin yanaşması ilə yanaşmıram.

– Sizcə, gənc müəllimlər daha prespektivlidir, yoxsa yaşı və təcrübəsi daha çox olan?

– Bununla razıyam ki, gənc kadrlar daha enerjili, kreativ və səbirli olur. Bunu özümdən götürürəm. Hər hansı dərsi keçərkən düşünürəm ki, necə edim ki, bunu fərqli yöndə keçim və uşaqlara sevdirim. Müəllimin əsas vəzifəsi öyrətməkdir, bu fərq etmir yaşlı oldu yoxsa gənc. O, şagirdlərə dərsi sevdirməli və maraqlı dərs keçməlidir.

– Bu gün 8 Mart – Beynəlxalq Qadınlar Günüdür. Azərbaycan qadınını necə görmək istəyirsiniz?

– Mən bütün xanılarımızı təbrik edirəm. Onlara can sağlığı, işlərində müvəffəqiyyət arzu edirəm. Qadınlar cəmiyyətin çox dəyərli, əvəzedilməz nümayəndələridir. Tarixin bütün dövrlərində cəmiyyətdə qadının tutduğu mövqe mühüm məsələlərdən biri olub. Qadınlar tarix boyu xalqımızın taleyində əhəmiyyətli rol oynayıblar. Onlar cəmiyyətədı həlledici təbəqədirlər. Bütün uğurlarda qadınların da imzası var. Şərqdə ilk dəfə seçib-seçilmək hüququ alan da məhz Azərbaycan qadınıdır.

Mən dərs keçəndə qız şagirdlərə qarşı da daha həssas yanaşıram. Hesab edirəm ki, qadınlar mütləq oxumalı, öz ayaqlarının üzərində durmalıdırlar. Bir qadının təhsil alması gələcəkdə həm savadlı bir qadın, həm də dünyagörüşlü bir ana deməkdir. Onlar heç kimdən asılı vəziyyətdə olmamalıdırlar. Bunun üçün savad almalı, öz yollarını bəlli etməlidirlər. Qadın cəmiyyətdə böyük rolu olan müstəsna varlıqdır. Onlar nə qədər vətənpərvər, iradəli, fədakar və aktivdirlərsə, gələcəyimiz də bir o qədər inkişaf etmiş olar.

www.yenicag.az

344
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv