!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Birinci kreslo”dan dar ağacına – Son 70 ildə edam edilmiş dövlət və hökumət rəhbərləri

!Reklam – Yazi

Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin ötən gün mühakimə olunduğu məhkəmə zalında dünyasını dəyişməsi, onun aqibətini bu və ya başqa formada yaşamış dünya ölkələrinin liderlərini yenidən yada salıb.

Yenicag.az İkinci Dünya Müharibəsindən sonra müxtəlif ittihamlarla edam olunmuş dövlət və hökumət başçıları haqqında materialı təqdim edir.

Laslo Bardoşi – 1941-42-ci illərdə Macarıstanın baş naziri olub. Bəşəriyyətə qarşı cinayət törətməkdə suçlanaraq, 1946-cı il yanvarın 10-da güllələnib.

Bela İmredi – Macarıstanın baş naziri (1938-39). Törətdiyi hərbi cinayətlərə görə 1946-cı il fevralın 28-də güllələnib.

Yozef Tiso – 1939-45-ci illərdə Slovakiyanın prezidenti olub və faşist Almaniyası ilə müttəfiqlik edib. Müharibədən sonra mühakimə olunaraq, 1947-ci il aprelin 18-də güllələnib.

Todzio Xideki – Yaponiyanın baş naziri (1941-44). “Toki prosesi” çərçivəsində bəşəriyyətə qarşı cinayətdə ittiham olunaraq, 1948-ci il dekabrın 23-də dar ağacından asılıb.

Hüsni əz-Zəym – Suriya prezidenti. 1949-cu il avqustun 14-də edam edilib.

Mühsin əl-Bərazi – Suriyanın baş naziri. 1949-cu il avqustun 14-də edam edilib.

İmre Nad – Macarıstanın baş naziri (1955-56). 1956-ci il üsyanından sonra Sovet işğal qüvvələri tərəfindən qapalı məhkəmədə mühakimə olunaraq, 1958-ci il iyunun 16-da güllələnib.

Adnan Menderes – Türkiyənin baş naziri (1950-60). Hərbi çevriliş nəticəsində devrilib və hərbi tribunalın hökmü ilə 1961-ci il sentyabrın 17-də İmralı adasında dar ağacından asılıb.

Əbdül Kərim Qasım – İraqın baş naziri (1958-63). 1963-cü il fevralın 9-da edam edilib.

Endelkaçeu Mekonnin – Efiopiyanın baş naziri (1974). 1974-cü il noyabrın 23-də edam olunub.

Məhəmməd Musa Şəfiq – Əfqanıstanın baş naziri (1972-73). İnqilabi tribunalın hökmü ilə 1978-ci ilin mayında edam edilib.

Zülfüqar Əli Bhutto – Pakistan prezidenti (1971-73) və baş naziri (1973-77). Siyasi rəqibinin öldürülməsində ittiham olunaraq, 1979-cu il aprelin 4-də dar ağacından asılıb.

Əmir Abbas Huveyda – İranın baş naziri (1965-77). İsrailə casusluqda ittiham olunaraq, 1979-cu il aprelin 7-də edam olunub.

Nikolae Çauşesku – Rumıniya prezidenti (1974-89). 1989-cu ilin dekabrında baş verən antikommunist üsyan nəticəsində devrilərək, həmin il dekabrın 25-də xanımı Yelena ilə birlikdə güllələnib.

Səddam Hüseyn – İraq prezidenti (1979-2003). ABŞ hərbi kontingenti tərəfindən yaxalandıqdan sonra, kütləvi qırğın törətməkdə ittiham olunaraq, 2006-cı il dekabrın 30-da dar ağacından asılıb.

A.Zeynalov

www.yenicag.az

6070
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv