!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bitmək bilməyən söküntü mübahisələri: Tikinti şirkətləri, yoxsa ev sahibləri HAQLIDIRLAR?

!Reklam – Yazi

Tikinti şirkətləri ilə evi sökülən vətəndaşlar arasında olan mübahisə və münaqişələrin sayı ilbəil artır. Problemlər əsasən həyət evlərinin söküntüsü zamanı baş verir. Belə ki, tikinti şirkəti vətəndaşa söküntü zamanı ancaq reyestrdən çıxarış və texniki pasportda göstərilən kvadratmetrə görə ödəniş edir. 

Lakin vətəndaşlar bir qayda olaraq bununla razılaşmırlar. 

Belə ki, istənilən həyət evində hansısa qanunsuz artırma və istifadədə olan boş sahələr olur. Bu sahələrdən vətəndaş müxtəlif məqsədlərlə – qaraj, yay eyvanı və digər təyinatlar üzrə istifadə edir. Bununla da vətəndaş şəhərin mərkəzində özü üçün kifayət qədər komfortlu şəraitdə yaşayır.

Lakin tikinti şirkəti boş sahələrə və əlavə tikintilərə görə vətəndaşa vəsait ödəmək istəmir. Bunu da onunla əsaslandırır ki, tələb olunan sahələr dövlət qurumları tərəfindən qeydiyyata alınmayıb. Çox təəssüf ki, mübahisə hüquqi müstəviyə çıxanda da tikinti şirkəti haqlı çıxır.

Bu da vətəndaş narazılığına səbəb olur. Ona görə də əksər tikinti şirkətləri “Alatava”, “Montin”, “Papanin”, “Kubinka”, “Dvatsatıy” (20-ci sahə) kimi ərazilərdə çoxmərtəbəli binalar tikməkdən yayınırlar.

Nə qədər ki, sənədləşdirmə aparılmayıb…

Mövzu ilə bağlı Bizim.media-ya danışan əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, hazırda Abşeron yarımadasında 500 minə yaxın sənədsiz ev var:

“Sənədsiz evlər siyahısına paytaxtımızın mərkəzindəki “Alatava”, “Papanin” və digər yaşayış massivləri də daxildir. Nə qədər ki, bu massivlərin dislokasiyası çıxarılmayıb və sənədləşdirilməyib, bir o qədər də mübahisələr davam edəcək.

Nəzərə alaq ki, Nazirlər Kabinetinin 2016-cı il tarixli 86 saylı sərəncamı ilə Bakı şəhərində istismar müddəti başa çatmış və qəzalı çoxmənzilli yaşayış binalarının, eləcə də fərdi həyət evlərinin olduğu massivlərin söküntüsünə başlanılıb. Bu günə qədər kifayət qədər qəzalı binalar və fərdi mənzilli yaşayış massivlərinin yerində yeni binalar inşa edilib. Hazırda da bu proses pilot layihələr üzərindən davam edir.

Amma söküntü-tikinti prosesi heç də rəvan getmir. Vətəndaşlarla tikinti şirkətləri arasında tez-tez mübahisələr olur. Binalar və fərdi həyət evləri sökülən zaman vətəndaşlara yeni mənzil hazır olana qədər aylıq kirayə haqqı və köçmək haqqı ödənilir. Razılaşma əsasən iki cür olur: şirkət vətəndaşa ya yeni tikiləcək binada əvvəlki mənzilinin sahəsindən 20 faiz artıq mənzil verir, ya da ki, alqı-satqı əməliyyatı həyata keçirilir”.

Elnur Fərzəliyev onu da qeyd edib ki, söküntü zamanı bəzi hallarda vətəndaşlar, bəzi hallarda şirkət haqlı olur:

“Bəzi vətəndaşlar tikinti şirkətindən daha böyük sahəli mənzil və yaxud daha yüksək məbləğdə pul tələb edirlər. Belə vəziyyətdə şirkət vətəndaşla razılığa gəlmir. Şirkətlərsə daha çox həyət evlərinin alqı-satqısı zamanı haqsız olurlar. Şirkətlər adətən reyestrdən çıxarışı olan sahə üzrə ödəniş etmək istəyir.

Belə vəziyyətdə isə çox zaman vətəndaş haqlı olur. Çünki vətəndaş uzun illər şəhərin mərkəzində özü üçün yaratdığı normal şəraitli mənzildə yaşayır. Ona görə də istəyir ki, şirkət ona qaraj və həyətindəki boş sahəyə görə də vəsait versin”.

Ekspert mübahisələrin sonlandırılması üçün təkliflə də çıxış edib:

“Bu cür mübahisələrin olmaması üçün yaxşı olar ki, müvafiq dövlət qurumları prosesdə iştirak etsinlər. Onda mübahisələr daha az olar. Həm vətəndaş razı qalar, həm də tikinti şirkəti. Ən əsası vətəndaşla tikinti şirkəti arasında etimad yaranar. Amma nə qədər ki, Şəhərsalma və Arxitektura Komitəsi bu məsələyə müdaxilə etməyib, bir o qədər də mübahisələr davam edəcək”.

www.yenicag.az

187
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv