“Bizi izləyən ölkələr həyata keçirtdiyimiz uğurlu layihələri gördükcə…” – Ramil Həsənov

Türk dövlətləri arasında fərqli sahələrdə əlaqələrin inkişaf etdirilməsi məqsədilə dövlət başçılarının iştirakı ilə 3 oktyabr 2009-cu ildə Naxçıvanda keçirilən zirvə toplantısında Türk Şurasının təsis edilməsinə qərar verildi. Şura 15 sentyabr 2010-cu ildə İstanbulda açıldı. Türkiyə, Azərbaycan, Qazaxıstan, və Qırğızıstanın daimi üzv olduğu şuranın baş katibi Ramil Həsənov İstanbul şəhərində Yenicag.az-ın suallarını cavablandırıb.

– Fəaliyyətinizə nəzər saldıqda 2017-ci ildə daha çox aktiv fəaliyyət göstərdiyiniz müşahidə olunur. Siz bu barədə nə düşünürsünüz?

– Qurulduğu ilk gündən etibarən Türk Şurasının əsas məqsədi türk dilli dövlət və topluluqları eyni damın altına yığmaq olub. Dövlət olaraq Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan tərəfdən heç bir çətinlik olmayıb. Bunun səbəbi üzv ölkələr arasındakı əlaqələrin ən yüksək səviyyəyə çatdırılmasında dövlət başçılarının nümayiş etdirdiyi siyasi iradə və dəstəkdir. İlk gündən etibarən Türkmənistan və Özbəkistanı da üzv ölkə kimi görmək istədiyimizi dəfələrlə dilə gətirmişik. 2017-ci ildə bizim üçün əhəmiyyətli hadisələrdən biri də 30 noyabr tarixində İstanbulda iqtisadiyyat nazirlərinin iştirakı ilə keçirilən iclasa Özbəkistanın iqtisadiyyat naziri müavininin də qatılması oldu. Həmin toplantıya Türkmənistandan da bir heyət qatılmışdı. Özbək təmsilçi çıxışı zamanı ölkəsinin şuraya daimi üzvlüyü yolunda ilk addımın atıldığını bəyan edərək bizi xüsusilə sevindirdi. Hal-hazırda isə mart ayında Qırğızıstanın paytaxtı Bişkekdə zirvə toplantısı keçirtməyə hazırlaşırıq. İnanırıq ki, yaxın gələcəkdə Türkmənistan və Özbəkistan da şuramızda ən yüksək səviyyədə təmsil olunacaqlar.

– Bişkekdə keçiriləcək Zirvə toplantısının iki dəfə təxirə salındığını bilirik. Amma bu dəfə çox qərarlı görünürsünüz və hətta dəqiq tarix də dediniz…

– Zirvə toplantıları ilə əlaqədar tövsiyə qərarları bizim səlahiyyətli şöbələrimizdə alınır. Bundan əlavə, ötən ilin sentyabr ayında BMT Baş Assambleyası çərçivəsində xarici işlər nazirlərinin Nyu-Yorkda baş tutan iclasında da Bişkek Zirvəsinin bu ilin mart ayında keçirilməsi barədə razılıq əldə olundu. Hazırlıqlar Novruz bayramından əvvəl başa çatmasa, tədbiri martın sonunda mütləq keçirəcəyik. Bunun üçün səylə çalışırıq.

– Rəhbərlik etdiyiniz təşkilatın adı əvvəldən bəri müxtəlif iddiaların ortaya atılmasına səbəb olurdu. Sizi də “turançılıq”da günahlandırırlar? Türk dilində danışan ölkələrin eyni bir təşkilat altında bir araya toplaşmasının məqsədi nədir?

– Hər şeydən əvvəl bunu qeyd etməli və yaxşı-yaxşı vurğulamalıyam ki, bizim təşkilatımız sülhə xidmət edir. Türk Şurasının qurulma məqsədi üzv ölkələr arasındakı əlaqələri dostluq və qardaşlıq səviyyəsinə yüksəltmək, qarşılıqlı şəkildə inkişaf edən münasibətlərin iqtisadi, mədəni, elm və incəsənət sahələrindəki inkişafına nail olmaqdır. Biz hərbi əməkdaşlıq təşkilatı deyilik, hamı ilə açıq və şəffaf şəkildə danışan, qarşılıqlı maraqların ortaq məxrəcə gətirilməsinə çalışan bir qurumuq. Bizə üzv olmayan ölkələrdə də əlaqələrimizi eyni sistem əsasında qururuq. Həmişə deyirik ki, bizimlə dialoqa girmək istəyən hər bir ölkəyə və təşkilata qapımız açıqdır. Bizim üslubumuz qarşılıqlı hörmət və inam prinsipləri əsasında qurulub. Türk Şurasının heç bir ölkənin torpağında gözü yoxdur, ola da bilməz. Buna görə də ünvanımıza deyilən şər-böhtanların heç birinin bizə “yapışmayacağına” əminəm.

– Fəaliyyət sahələrinizi getdikcə genişləndirəcəyinizə işarə vurdunuz. Şura olaraq beynəlxalq təşkilatlarla qurduğumuz əməkdaşlıq mexanizmləri özündə nələri ehtiva edir?

– ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, BMT nəzdində fəaliyyət göstərən YUNESKO, Dünya Turizm Təşkilatı, Azərbaycanın çox əhəmiyyət verdiyi Mədəniyyətlərarası Dialoq kimi müxtəlif qurumlarla bərabər səviyyədə əlaqələr qurduğumuzu bildirmək istəyirəm. BMT-nin İnkişaf Proqramı və Cənub- Cənub Ofisi ilə hər il ortaq tədbirlər həyata keçiririk. Cənub-Cənub ofisi ilə ən son iclasımızı keçən ilin payızında 1000 nəfərin iştirakı ilə Antalyada həyata keçirtdik. İqtisadiyyat sahəsindəki fəaliyyətimizin əsas məqsədi ölkələr arasındakı iqtisadi inkişaf tarazlığını yaratmaq, milli gəlir səviyyəsinin yüksəldilməsində və paylaşdırılmasında daha öndə olan ölkələrin təcrübəsini digərlərində sınaqdan keçirtməkdir.
XXI əsrdəki texnoloji inkişafın nəbzini öz imkanları hesabına tuta bilməyən ölkələr modern standartları da tətbiq edə bilməyəcəklər. Buna görə də dövlət başçılarının yerinə düşən tövsiyələri və güclü siyasi iradələri ilə şura olaraq biz bu sahəyə də ciddi şəkildə təsir edə biləcəyik. Üzv ölkərər arasındakı əməkdaşlığın artırılmasının ən əhəmiyyətli şərtlərindən biri də dəniz, dəmiryolu və quru yolla inteqrasiyanı sürətləndirmək üçün müxtəlif layihələrin həyata keçirilməsində şura öz üzərinə düşən koordinator vəzifəsini uğurla davam etdirir. Mərkəzi ofisi Qazaxıstanın paytaxtı Astanada olan Türk Akademiyası elm sahəsində, əvvəlcə müstəqil fəaliyyət göstərib, hazırda bizə tabe olan TÜRKSOY təşkilatı mədəniyyət-incəsənət sahəsində, yenə də bizə tabe olan TürkPA üzv ölkələrin parlamentləri arasındakı əlaqələrin inkişaf etdirilməsində üzərilərinə düşən məsuliyyəti uğurla yerinə yetirirlər. Bir baş katib kimi idarə etdiyimiz bütün sahələrdə Türkiyənin, Qırğızıstanın, Qazaxıstanın baş nazirləri və aidiyyatı üzrə nazirlərlə fikir mübadiləsi aparıram. Hər il dövlət başçılarının keçirtdiyi zirvə toplantısından əvvəl isə fəaliyyətimizə nəzər salır, hesabat hazırlayıram. Zirvə toplantılarında isə dövlət başçıları şuramıza öz dəyərli məsləhətlərini verirlər.

– Türk Şurasının cərgələri digər ölkələrin (Özbəkistan və Türkmənistan xaric) iştirakı ilə genişlənə bilərmi?

– Bir daha vurğulamaq istəyirəm ki, regionda və dünyada sülh, iqtisadi və mədəni inkişaf istəyən hər bir ölkəyə qapımız açıqdır. Verdiyiniz suala gəlincə, mən bunu bir ehtimal kimi yox, ehtiyacdan doğan reallıq kimi dəyərləndirirəm. Məsələn, Macarıstanın bizimlə əməkdaşlığa cəhd etməsinin müsbət nəticələrini örnək göstərə bilərəm. Türk Şurasına tabe olan bir sıra qurumlarda müşahidəçi üzv olan Macarıstanın yaxın gələcəkdə əlaqələri daha da yaxşı səviyyəyə yüksəldəcək addımlar atacağından əminəm. Bunu rahatlıqla deyə bilərəm ki, bizi izləyən ölkələr həyata keçirtdiyimiz layihələri gördükcə türk dilli olub-olmamasına baxmayaraq, bizimlə dialoq və əməkdaşlıq qurmağın əhəmiyyətini bir daha nəzərdən keçirirlər. Buna görə də gün keçdikcə fərqli ölkələr, beynəlxalq təşkilat və qurumlarla dialoq və əməkdaşlıq platformamız böyüyür. Mart ayında keçirəcəyimiz Bişkek Zirvəsində dövlət başçılarımızın tövsiyələri və güclü dəstəyi ilə yolumuza daha inamlı şəkildə davam edəcəyik.

COP29