!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BNA rəhbərliyi və yol polisi “77”nin sahibindən qorxur, yoxsa onların bu marşrut xətti ilə bağlı maraqları var?

!Reklam – Yazi

Sərnişinlərin çoxsaylı müraciət və şikayətlərinə ((Bakı Nəqlyyat Agentliyinin (BNA) sosial şəbəkə hesablarında belə müraciət və şikayətlər olduqca çoxdur) baxmayaraq, 77 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobularla bağlı narahatlıq yaradan hallar aradan qaldırılmır. Bu marşrut xətti üzrə avtobusların sürücüləri qaydaları pozmaqda davam edir.

Avtobusların salonunda isə antisanitar vəziyyət hökm sürür. Avtobuslarda sərnişin sıxlığı olduqca çoxdur. BNA tərəfindən bu marşrut xətti ilə bağlı qəbul edilən qərarlar da icra olunmamış qalıb.

Belə ki, 77 nömrəli marşrut xətti üzrə avtobusların hərəkəti başlanğıc dayanacaqları Yeni Yasamalda “Şuşa şəhər 1 saylı tam orta məktəbi” və metronun “İçərişəhər” stansiyasının yaxınlığında “Axundov bağı” (marşrut xətti üzrə fəaliyyət göstərən dayanacaqlarla və avtobusların hərəkət trayektoriyası ilə bu link vasitəsilə tanış ola bilərsiniz: https://2gis.az/baku/route/29414740778627766) olmaqla təşkil edilib. Qrafikə əsasən, “Axundov bağı”ndan Yeni Yasamal istiqamətində hərəkət edən avtobuslar “Su Nəqliyyatında Polis İdarəsi” dayanacağına getdikdən sonra başlanğıc dayanacağa, yəni  “Şuşa şəhər 1 saylı tam orta məktəbi”nə sürülməlidir. Lakin müşahidələrimiz zamanı məlum olub ki, sürücülər avtobusları “Su Nəqliyyatında Polis İdarəsi” dayanacağına daxil etmirlər. Onlar avtobusları həmin dayanacağın yaxınlığında, 3 yol ayrıcında, yolun hərəkət hissəsində saxlayırlar. Bununla da, yolu kəsərək digər nəqliyyat vasitələrinin hərəkətinə mane olur və qəza şəraiti yaradırlar. Bu hal həm də sərnişinlərin həyatı üçün təhlükəli olur. Buna oxşar hal Abbas Mirzə Şərifzadə və Əsəd Əhmədov küçələrinin kəsişməsində, “Günəş Petrol”un yaxınlığında da baş verir. Belə ki, ərazidə yerləşdirilmiş yol nişanlarına əsasən, A.M.Şərifzadə küçəsi ilə metronun “İnşaatçılar” stansiyasının qarşısından “20 Yanvar” stansiyası istiqamətində hərəkət edən nəqliyyat vasitələri “Günəş Petrol”un yanındakı dördyoldan deyil, bir qədər irəliyə getdikdən sonra qarşı tərəfdəki yola keçərək yenidən geriyə doğru, sonra isə Yeni Yasamal istiqamətində sürülməlidir. 77 nömrəli marşrut xətti üzrə avtobus idarə edən sürücülər isə bu qaydanı pozurlar. Onlar avtobusları qarşıya sürmədən, birbaşa “Günəş Petrol”un yanındakı dördyoldan Yeni Yasamala sürürlər. Bu hal da digər nəqliyyat vasitələrinin hərəkətinə mane olur və qəza şəraiti yaradır. Eyni zamanda salondakı sərnişinlərin həyatı üçün təhlükəli olur.

Müşahidələrimiz və sərnişinlərlə söhbət zamanı, həmçinin aydın olub ki, sürücülər bu marşrut xətti üzrə avtobusları tez-tez təhlükəli idarə edirlər. Həmçinin avtobusları əks yola çıxarır və digər qayda pozuntularına yol verirlər. Dövlət Yol Polisinin əməkdaşları tərəfindən isə bu qayda pozuntuları ilə bağlı tədbirlər görülmür.

Eyni zamanda 77 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobularların salonu, xüsusilə də oturacaqları çirklidir. Ayrı-ayrı sərnişinlər tərəfindən açıq şəkildə olan ev heyvanlarının, məsələn, itlərin daşınmasına isə tez-tez rast gəlinir. Sürücülər belə sərnişinlərlə bağlı qanunvericliyə uyğun tədbirləri görmürlər. Eləcə də sürücülər salonda sərnişinlər olan zaman siqaret çəkir, yüksək səslə musiqiyə qulaq asır, sərnişinlərlə kobud davranır və digər bu kimi hallara yol verirlər.

Bu marşrut xətti üzrə hərəkət edən avtobuslarda sərnişin sıxlığı da olduqca çoxdur. Günün pik saatlarında bir çox sərnişin bu avtobuslara sıxlıq səbəbindən daxil ola bilmir. Avtobuslarda sıxlıq isə əsasən “İnşaatçılar metrosu” və “Su Nəqliyyatında Polis İdarəsi” dayanacaqları və əks istiqamət üzrə qeydə alınır. Çünki bu avtobuslardan istifadə edənlərin böyük əksəriyyəti Yeni Yasamaldan metronun “İnşaatçılar” stansiyasına və əks istiqamətə gedənlərdir .

77 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda hazırda sərnişinlər tərəfindən ödəniş nağd şəkildə həyata keçirilir. Halbuki BNA-nın tələbinə uyğun olaraq, 05.02.2020-ci il tarixindən bu marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödənilməli idi (Həmin məlumatla bu link vasitəsilə tanış ola bilərsiniz:https://bna.az/az/news/1040). Avtobuslarda bunun üçün elektron cihazlar (validator) da quraşdırılmışdı. Lakin artıq bu cihazlar avtobuslardan götürülüb.

BNA isə bir müddət əvvəl 77 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaların vəziyyətinin narahatlıq doğurduğunu və marşrut xəttinin fəaliyyətinin nəzarətə götürüldüyünü elan edib. Agentliyin mətbuat katibi Mais Ağayev mətbuata açıqlamasında bildirib ki, monitorinqlər nəticəsində 77 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaların təşkilində nöqsanların olduğu müəyyənləşib. Marşrut üzrə texniki cəhətdən nasaz və natəmiz avtobusların istismarda olduğu müşahidə edilib. Eyni zamanda sürücülər tərəfindən normadan artıq sərnişin götürülərək açıq qapılarla hərəkət etməsi, avtobusda sərnişinlərin olmasına baxmayaraq, sürücülərin sükan arxasında siqaret çəkməsi, sürücülərin sərnişinlərlə kobud davranması, digər sərnişindaşıma və yol hərəkəti qaydalarının pozulması halları aşkarlanıb. O, eyni zamanda vurğulayıb ki, daşıyıcı məqsədli olaraq 77 nömrəli marşrut xətti üzrə avtobuslarda nağdsız ödənişin tətbiqinə keçidin icrasını gecikdirir. Sərnişinlərin haqlı narazılığına səbəb olan halların aradan qaldırılması üçün fiziki şəxs Malik Orucova yazılı və şifahi şəkildə xəbərdarlıq edilməsinə baxmayaraq, təsirli tədbirlər görülməyib. M.Orucov I Qarabağ döyüşlərində iştirak zamanı əlil olmasını əsas gətirərək sosial statusundan sui-istifadə etməkdədir.

Əldə etdiyimiz məlumata görə, hazırda sürücülər 77 nömrəli marşrut xətti üzrə hərəkət edən hər bir avtobus üçün sahibinə gündə 360 manat ödəyirlər. Avtobuslarda “BakıKart”dan istifadənin tətbiqi isə onun üçün sərfəli deyil.

Ekspertlər hesab edirlər ki, adətən belə hallar tərəflər arasında əldə olunan “razılaşma” əsasında həyata keçirilir. Lakin bu məsələdə müvafiq qurumlarla “razılaşma”nın əldə edilməsinə oxşar hallar müşahidə olunsa da, sərnişinlər kənarda və narazı qalıblar. Sərnişinlərin narazılığının nəzərə alınmaması və pozuntuların davam etməsi isə ciddi problemlərə səbəb ola bilər. Ona görə də müvafiq qurumlar, xüsusilə də BNA sərnişinlərin narazılığına biganə qalmamalı, 77 nömrəli marşrut xətti ilə bağlı ciddi tədbirlər görməlidir.

“YeniÇağ”ın İnformasiya şöbəsi

www.yenicag.az

107792
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv