Boçarnikovun DİPLOMATİK İSTERİYASI: “Rusiya səfiri bu kimi fikirlər səsləndirməzdən öncə…” – REAKSİYA
“Azərbaycan ictimaiyyəti və mediası 44 günlük Vətən müharibəsi dövründə Rusiya mediasının bizə qarşı hansı münasibətdə olduğunu heç vaxt unutmur”.
Bu fikirləri Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovun ötən gün keçirdiyi brifinqdə yerli medianı “anti-Rusiya isteriyası”nda suçlamasına münasibət bildirən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiyanın nəinki müstəqil mediası, hətta dövlət media orqanlarında da Azərbaycanın dövlət, ictimai və təhlükəsizlik maraqlarına qarşı çərçivələri aşan fəaliyyətə yol verilir:
“Sözsüz ki, Rusiya səfirinin Azərbaycan mediasının fəaliyyəti ilə bağlı dediyi fikirlər reallığa uyğun deyil. Əksinə, azad media qaydalarına, Rusiya-Azərbaycan münasibətlərinə, ikitərəfli əlaqələrin daha da genişləndirilməsi zərurətinə uyğunlaşma baxımından Azərbaycan mediası daha dözümlü və düşünülmüş mövqe tutur, nəinki Rusiya mətbuatı.
Ona görə də Rusiyanın Azərbaycandakı səfirinin bu kimi fikirlər səsləndirməzdən öncə belə yanaşmanın bizim cəmiyyətdə və media cameəsində necə qarşılanacağını düşünməsi daha yaxşı olardı. Çünki Azərbaycan ictimaiyyəti və mediası 44 günlük Vətən müharibəsi dövründə, həmçinin ondan əvvəl Rusiya mediasının Azərbaycana hansı münasibətdə olduğunu heç vaxt unutmur.
Rusiyanın nəinki müstəqil mediası, hətta dövlət media orqanlarında da Azərbaycanın dövlət, ictimai və təhlükəsizlik maraqlarına qarşı çərçivələri aşan fəaliyyətləri görmüşük. Popov, Solovyov, Kiselyov kimilərinin Rusiyanın dövlət kanallarındakı müəyyən proqramlarda Azərbaycana qarşı yol verilən davranışları bir daha xatırlamaq kifayətdir. Buna baxmayaraq, Azərbaycan mediası ölkəmiz əleyhinə fəaliyyət göstərən Rusiya media orqanlarının buradakı yayımının dayandırılması, yaxud da məhdudlaşdırılması tələbi ilə çıxış etməyib.
Əgər səfirin kontekstində söhbət Rusiya-Ukrayna münasibətlərindəki son bir ayda cərəyan edən proseslərə yanaşmasından gedirsə, Azərbaycan mediasından inciməyə dəyməz. Çünki Azərbaycan mediası beynəlxalq hüquq normalarının, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipinin məhz Ukraynaya münasibətin timsalında pozulduğunun fərqindədir, başa düşür ki, bu gün Ukrayna hərbi təcavüzün qurbanıdır. Belə bir şəraitdə Rusiyanın Ukraynaya münasibətdə sərgilədiyi siyasətə Azərbaycan mediasının verdiyi reaksiya qərəzli yox, Rusiyanın apardığı siyasətə obyektiv uyğun olan bir reaksiyadır”.
A.Zeynalov