Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Bölgələrdəki ağır xəstələr niyə birbaşa paytaxta gətirilmir? - PROBLEM  

Səhiyyə sistemində çox əcaib bir vəziyyət yaranıb. Bölgələrdə yaşayan vətəndaşların sözlərinə görə, əzizlərini vaxtında paytaxt xəstəxanalarına çatdıra bilmir və nəticədə, onları itirirlər. Məsələn, Astara təcili tibbi yardım maşınları müalicəsi ancaq Bakıda mümkün olan xəstələri birbaşa olaraq paytaxta gətirə bilməzlər. Xəstə əvvəlcə Lənkəran təcili tibbi yardım mərkəzinə aparılmalıdır. Yalnız ordan kimisə Lənkəran təcili tibbi yardım maşınları ilə Bakıya gətirmək olar. Yəni Astaradan xəstənin təcili şəkildə Bakıya gətirilməsinə icazə yoxdur. Analoji situasiya bütün ölkədə mövcuddur. Belə ki, Qərb sərhədində yerləşən Qazax rayon təcili tibbi yardım stansiyasının maşınları paytaxta gəlməli olan xəstəni ancaq Gəncəyə qədər müşayiət edə bilər. Oradan Bakıya göndərilməsini isə yalnız Gəncədəki həkimlər həyata keçirir. Digər bir məsələ də ondan ibarətdir ki, təcili tibbi yardım maşınları ölkədən kənara çıxa bilməz. Məsələn, hətta vacib halda belə bu maşınlar sərhədi keçib, xəstəni nə qonşu İrana, nə də Gürcüstana apara bilməzlər. Çünki buna qadağa var. Görəsən bu cür qərarın verilməsinə səbəb nədir?

Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov Yenicag.az-a açıqlamasında bildirdi ki, sözügedən qərarın verilməsi xəstənin sağlamlığı baxımından daha vacibdir. Çünki anındaca müdaxilə etmək mümkün olduğu halda kimisə harasa aparmaq mənasızdır:

Mirələm Cəlilov

“Xəstədə hansısa müayinələr, kompüter tomoqrafiyası keçirilməli olduğu halda onu məsələn, Qazaxdan Bakıya 5 saat ərzində gətirməkdənsə, Gəncədə, yaxud da hansısa digər yaxın yerdə müayinədən keçirtmək daha effektlidir. Xəstəni Gəncədə müalicə etmək mümkündürsə, onu 5 saat ərzində Bakıya gətirmək nə dərəcədə düzgündür ki? Çünki xəstənin tez bir zamanda həkim nəzarətinə götürülməsi onun da xeyrinədir. Yalnız Bakıda hansısa əlavə müayinələrin görülməsinə ehtiyac yaranarsa, bu halda xəstəni paytaxta gətirirlər. Analoji vəziyyəti digər bölgələrlə bağlı da söyləmək olar. Ola bilər ki, kimsə kəllə-beyin travması alıb. Bu halda həkim məsləhət bilərsə (əgər bölgədə əməliyyat etmək mümkün deyilsə) onu Bakıya gətirə bilərlər. Qeyd edim ki, cari ildən ölkəmizdə telesəhiyyə xidməti də fəaliyyət göstərir. Ehtiyac yarandıqda Astaradan bizim təcili yardıma müraciət edirlər və məsləhət əsasında da nə etmək lazım gəldiyini və əlavə müayinəyə ehtiyac olub-olmadığını müəyyənləşdiririk. Belədə məsələn, Astaradakı ağır xəstənin birbaşa Bakıya deyil, əvvəlcə Lənkərana aparılmasını kimsə düzgün hesab etməyə bilər, bu, onun subyektiv yanaşmasıdır. Çünki xəstə yaxınları çox şey deyə bilər, çünki nəyin nə cür olduğunu bilmirlər. Digər tərəfdən, ölkədə tibbi baxımdan hər cür şərait yaradılıbsa, xəstənin təcili tibbi yardım maşını ilə qonşu dövlətə aparılmasını istəmək də doğru deyil. Ölkə daxilində insanların müalicəsi üçün hər cür şərait yaradılıbsa, kiminsə məsələn, Qazaxdan Tiflisə aparılmasına ehtiyac qalmır. Çünki gömrükdəki çoxsaylı prosedurlardan keçmək lazım gəlir ki, bu da xəstənin sağlamlığına ziyan gətirə biləcək əlavə vaxt itkisi deməkdir. Azərbaycan səhiyyəsi ümumiyyətlə, Gürcüstan kimi ölkələrin səhiyyəsindən heç də geri qalmır. Ölkəmizdə olan tibbi-texniki avadanlıqlar daha yüksək və müasir standartlara cavab verən səviyyədədir”.

İxtisasca həkim olan Milli Məclisin deputatı Fərəc Quliyevin fikrincə, bu kimi məsələlərdə xəstələrin söylədiklərindən çox, həkimlərin dediklərinə inanmaq lazımdır:

Fərəc Quliyev

“Həkimlər xəstənin vəziyyətinə uyğun olaraq qərar qəbul edirlər. Daha yaxında regional müalicə mərkəzi varsa və orada xəstənin müalicəsilə bağlı tədbirləri görmək mümkündürsə, onun uzaq məsafə qət edərək, Bakıya yönəldilməsinə ehtiyac yoxdur. Ümumiyyətlə, prosedura görə ilkin kiçik müdaxilələr yerli xəstəxanada aparılır, orta mərhələdən sonrakı müalicə mərkəzi xəstəxanada, yalnız sonradan – o da ehtiyac yarandığı təqdirdə, – ağırlaşmaları aradan qaldırmaq üçün xəstə Bakıya gətirilir. Fikrimcə, hər kəsə görə də həkimlərin qərarı fərdi olur. Xəstənin vəziyyətilə bağlı həkimin verdiyi qərarlara da hörmətlə yanaşmaq lazımdır”.

ELÇİN

Yenicag.Az

www.yenicag.az

516
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM