Birləşmiş Ştatlar prezidenti Donald Trampın böyük müşaviri Con Boltonun Cənubi Qafqaz ölkələrinə səfəri qərb mediasının diqqətindədir. Onun görüşlər zamanı hər üç ölkə hökumətlərini Vaşinqtonun İranı təcridetmə siyasətinə qoşulmağa inandırmağa çalışdığı və çalışacağı ehtimal olunur. Belə ki, özü də səfər öncəsi açıqlamasında görüşlərdə İranın nüvə siyasətindən bəhs ediləcəyini gizlətməyib. Lakin Cənubi Qafqaz ölkə rəhbərləri Tehranla münaqişəyə getməkdən ehtiyat edirlər. Tramp administrasiyasının bu regiona etinasızlıq göstərməsi də, bu ölkələrin diqqətindədir.
Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun İrəvan və Tiflisə getməzdən öncə Bakıya təşkil edilən səfəri Tramp administrasiyasının hakimiyyətdə olduğu müddətdə Cənubi Qafqaza edilən ən yüksək-profilli səfərdir. Həm Bakı, həm İrəvan, həm də Tiflisdə Amerika səfiri vəzifəsi vakant qalır. Buna görə də siyasətçilər Amerikanın regionla ciddi məşğul olmadığından şikayətlənirlər.
Bolton deyib ki, onun səfəri çərçivəsində regional təhlükəsizliyə dair məsələlərə diqqət yetiriləcək. O regiona səfər etməmişdən əvvəl Amerikanın “Hyu Hyut” (Hugh Hewitt) radio kanalına verdiyi müsahibədə qeyd edib ki, “Cənubi Qafqazda hər üç ölkə – həm İran, həm Rusiya, həm də Türkiyə ilə qurduğu münasibətlərinin rolunun əhəmiyyətini nəzərdən keçirəcək”.
Xüsusilə, Boltonun İran mövzusunda həssas olduğu bilinir. İran Ermənistan, Azərbaycan və Gürcüstan ilə yaxşı münasibətlər saxlayır. Lakin Tramp administrasiyası əzmkarlıqla İranı təcrid etməyə can atır. Bolton uzun müddətdir ki, İranı əzmək həvəsindədir, Tramp administrasiyasında İranla imzalanan Nüvə Razılaşmasından çıxmağın aparıcı tərəfdarı və İrana qarşı yeni sanksiyaların tətbiq etməyi tələb edən siyasətçidir.
Mənzil-qərargahı Vaşinqton şəhərində yerləşən Karneqi Təminat Beynəlxalq Sülh beyin mərkəzinin Rusiya və Avrasiya Proqramı üzrə böyük elmi işçisi Pol Stronski (Paul Stronski) deyib ki, “mən Boltonun İrandan başqa hansısa digər mövzunu müzakirə edəcəyinə inanmıram”.
Erməni xəbər saytı “Nyus.am”a müsahibəsində vaxtilə Cənubi Qafqazda çalışan və hazırda təqaüddə olan Birləşmiş Ştatlar səfiri Keri Kavano (Carey Cavanaugh) isə deyib ki, “ötən ay Birləşmiş Millətlər Təşkilatında Tramp İranı dayandırmaq üçün beynəlxalq dəstəyə müraciət etdi. Amma onun bu səyləri uğur gətirmədi. İndi Bolton Qafqazda bu dəstəyi təmin etmək istəyir. Lakin Moskva İrana olan təzyiqin əleyhinə çıxır”.
İran əleyhinə apardığı diplomatik və iqtisadi kampaniyada Vaşinqton başqa ölkələri də Tehranla münasibətləri kəsməyi məcbur edir. Eyni zamanda Vaşinqton Cənubi Qafqaz ölkələrinin İranla coğrafi yaxınlığını nəzərə alaraq onların İranla artan əlaqələrinə diqqət yetirir. Şərqdə Azərbaycan ilə qərbdə isə Türkiyə ilə sərhədləri bağlı olan Ermənistana qarşı münasibətdə İran zəruri xilas yolunu təmin edir.
“Bu həmişə mübahisəli məsələdir”, deyən Stronski bildirib ki, “Birləşmiş Ştatların İrana qarşı narahatlıq keçirməsi və sanksiyalar səbəbilə bu üç respublika İranla güclü iqtisadi əlaqələri inkişaf etdirə bilmir. Lakin bu üç dövlətin başqa çıxış yolu olmadığından onlar həmişə tənqidə cavab vermək qabiliyyətindədirlər”.
Eyni zamanda, Tramp administrasiyasının Cənubi Qafqaz ölkələri və İrana qarşı həyata keçirmək istədiyi fəaliyyəti davam etdirməyi aydın deyil. Stronski: “İndi Birləşmiş Ştatların səliqəsiz xarici siyasəti var və Vaşinqton bu xarici siyasəti aydınlaşdırmaqda çətinlik çəkir. Tramp administrasiyasının əksər üzvləri böyük bəyanatlar versələr də, sonradan onlar bu bəyanatların real proseslərə uyğun olaraq davamını məntiqlə düzgün qurmurlar. Amma Bolton və Tramp İrana qarşı həmişə ciddi mövqe tutduğuna görə onlar yenə də İrana qarşı əlavə sərt istiqamət götürəcəklər”.
Hər halda artan təzyiq Cənubi Qafqaz ölkələrini çətin duruma doğru apararaq onları təhlükəli vəziyyətə gətirir.
Onun sözlərinə görə, “Tramp administrasiyasının bu ilin may ayında 2015-ci ildə İranla imzalanan Nüvə Razılaşmasını ləğv etməsi bu üç ölkəni çətin duruma salır”. Stronski: “Birləşmiş Ştatlar – Rusiya münasibətlərinin təhlükəli halda gərginləşməsi hər iki dövlətin siyasətində balans saxlamaqda çətinlik yaradıb. Və bu çətinlik Cənubi Qafqaza da təsir edir. Reallıqda bu ölkələr dağ və sərt yer arasında qalırlar”.
Səfər öncəsi o da ehtimal olunurdu ki, üç respublikanın rəhbərləri ilə görüş vaxtı Boltonun əsasən İran məsələsini müzakirə mövzusuna çıxartdığı zaman onun Cənubi Qafqazdakı həmsöhbətləri müşavirin diqqətini İran mövzusundan uzaqlaşdıraraq özlərinin prioritet məsələlərinə yönəltməyə çalışacaqlar.
Gürcüstan Siyasət İnstitutunun direktoru Korneli Kakaçia deyib ki, “Tiflisdə hökumət rəsmiləri Boltonun diqqətini Birləşmiş Ştatlar-İran münaqişəsi mövzusundan yayındıracaq və Gürcüstan üçün önəmli olan təhlükəsizlik sahəsində əməkdaşlıq məsələsini müzakirə etməyə üstünlük verəcək”.
“Gürcüstan Birləşmiş Ştatların təşəbbüslərinə daima dəstək verib”, deyə Kakaçia bildirib. Daha sonra Kakaçia əlavə edib ki, ”Rusiya tərəfindən edilən daimi təzyiqləri aradan qaldırmaq üçün Gürcüstan İranla praqmatik və balanslaşdırılmış münasibətlər qurur. Ötən 10 ildə olduğu kimi Tiflis özünün regional maraqlarını təmin etmək üçün Qərblə davamlı balans qurmağa çalışacaq”.
Beynəlxalq Böhran Qrupunda çalışan və Azərbaycan hökumətini təmsil edən Zaur Şiriyev bildirib ki, “Bolton ilə aparılan müzakirələrdə Azərbaycan tərəfi Boltonun diqqətinə Birləşmiş Ştatların Azərbaycan və Ermənistan arasında Qarabağ uğrunda aparılan münaqişəylə daha çox məşğul olmağı çatdıracaq”. “Azərbaycan tərəfi İrana dair aparılan siyasətə cəlb olunmaq istəmir. Azərbaycanın Birləşmiş Ştatların İrana dair siyasətinə qoşulması Tehranda qəbul edilə bilməz. Bakı da İranla ikitərəfli münasibətlərə ziyan vurmaq istəmir”, deyə Şiriyev bildirib.
“Bolton Ermənistanda yeni siyasi rəhbərliklə görüşəcək. Ermənistanın yeni siyasi rəhbərliyi gərgin daxili islahatlar aparacağına dair vədlər verib. Lakin Ermənistanın yeni rəhbərliyi xarici siyasətdə dəyişiklik etməyib. Hazırda İrəvan Tramp administrasiyası ilə strateji münasibətləri işləyib-hazırlamağa cəhd edir. Bu strateji münasibətlər Birləşmiş Ştatların ritorik səsləndirdiyi ənənəvi demokratikləşdirmədən yan keçərək “maraqların-bölüşdürülməsi və funksiyaların bölüşdürülməsi”ni bəyan edən neorealist yanaşmanı nəzərdə tutur”, Londonda Ermənistan üzrə araşdırma aparan təhlilçi Eduard Abrahamyan bildirib.
“Ermənistana dair siyasətin perspektivinə görə, burada bir tərəfdən Rusiyanın Birləşmiş Ştatlarla əlaqə saxlayaraq balans yaratmaq üçün real cəhdi, digər tərəfdən Ermənistanın Birləşmiş Ştatların xarici siyasətini nəzərə alaraq İranla münasibətlərdə balans yaratmaq cəhdi daha real görünür. Bu o deməkdir ki, inkişaf etmiş Ermənistan-İran strateji əlaqələri Birləşmiş Ştatların əsas maraqlarına uyğun olaraq şəffaf olmalıdır”, Abrahamyan deyib.
Joshua Kucera, “Eurasianet”
Qeyd: Joshua Kucera 2007-ci ildən Eurasianet.org da çalışaraq Cənubi Qafqaz və Mərkəzi Asiyada baş verən proseslər barədə məqalələr yazır. Bundan əlavə, Joshua Kucera “Nyu York Tayms” (The New York Times), “Atlantik” (The Atlantic) nəşrlərində bir sıra məqalələr yazıb. Hazırda Coşua Kusera jurnalistik fəaliyyəti ilə əlaqədar olaraq İstanbulda yaşayır.