Borclar silinəcək – Qanun qəbul edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Yenicag.az xəbər verir ki, qanun layihəsi barədə Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.

Bildirilib ki, ölkə başçısının təqdim etdiyi layihə sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirlərinə dəstək məqsədi daşımaqla yanaşı hüquqi və sahibkarlıq fəaliyyət ilə məşğul olan fiziki şəxslər üçün əlverişli sığorta mühitinin stimullaşdırılmasına xidmət edir.

Layihədə sığortaedənlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclarının tam məbləğdə silinməsi nəzərdə tutulub. Həmin borcları təhlil etdikdə ötən 12 il ərzində borcu olan sığortaedənlərin heç də hamısının borclarını ödəməyə cəhd göstərmədiyi və ya belə bir imkana malik olmadıqları aydın olur. Bu sahədə görülmüş tədbirlər nəticəsində məhkəmə qərarları vasitəsilə gözlənilən məqsədə kifayət qədər nail olunmayıb.

Hesabat məlumatlarına görə, sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə 1 yanvar 2006-cı il tarixə olan 199,6 milyon manat borcundan yalnız 50 faizi və ya 99,3 milyon manatı 1 yanvar 2018-ci il tarixinədək ödənilib. Beləliklə, sığortaedənlər üzrə 12 il ərzində ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcun məbləği 100,2 milyon manat təşkil edir.

Ümumilikdə isə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi ilə sığortaedənlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında Dövlət Sosial Müdafiə Fondunun uçot sistemində mövcud olan məcburi dövlət sosial haqları və məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış pensiya) üzrə borclarının 155,3 milyon manat hissəsinin silinməsi, 26,7 milyon manat hissəsinin isə tənzimlənməsi nəzərdə tutulur.

Bundan əlavə qanun layihəsi ilə 373,7 min sığortaedənin, o cümlədən 217 min sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin məcburi dövlət sosial sığortası üzrə borcları tənzimlənəcək. Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

COP29