!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Böyük qayıdış”ın addım səsləri - Fərid Şahbazlının yazısı

!Reklam – Yazi

Uzun ayrılıqdan sonra Azərbaycan xalqı işğaldan azad edilmiş yurd yerləri ilə yenidən qucaqlaşır. Qarabağın bir çox şəhər və kəndlərinə həyat qayıdır. 30 il ərzində xarabazara çevrilmiş şəhər və kəndlər yenidən qurulur, yollar salınır, məktəblər, bağçalar fəaliyyətə başlayır. Məscidlərdən azan, dağ yamaclarındakı örüşlərdən çoban tütəyinin səsi eşidilir. Ucsuz-bucaqsız bərəkətli torpaqlar isə əkinçi qardaşımızın alın təri ilə yenidən islanır. Gözün aydın, Azərbaycan! Gözün aydın, Vətən oğlu!

Beş il bundan əvvəl bütün bunlar xəyal idi, əlçatmaz arzu idi. Bu gün isə reallıqdır, gerçəklikdir. 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusu 44 gün ərzində düşmənin belini qıraraq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Hər kəndin, hər şəhərin azad edilməsi bir bayrama, bir el şənliyinə dönürdü, o tarixi günlərdə. Bu müjdəli xəbərləri isə xalqa televiziya vasitəsilə Ali Baş Komandan şəxsən özü çatdırırdı. Oktyabr ayının 4-də Cəbrayılın azad olunması münasibətilə xalqa müraciətində Cənab Prezident demişdi: “Biz bütün şəhərləri bərpa edəcəyik. Ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq”.

Elə də oldu. Mayın 10-da İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada ilk yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. İlkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır.

Elə həmin gün Azərbaycan Respublikasının Prezidenti Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub. Mayın 11-də isə Şuşanın Cıdır düzündə keçirilən VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimində çıxış edən İlham Əliyev dedi: “Biz 28 il Şuşasız yaşayırdıq. Həm şuşalılar, həm bütün Azərbaycan xalqı bu illəri mənəvi əzab illəri kimi öz yaddaşlarında saxlayırlar və saxlayacaqlar. Dünən Şuşa şəhərinin dirçəldilməsi istiqamətində növbəti addım atılmışdır, ilk sakinlər uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıb burada məskunlaşmışlar. Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir. Şuşa, sözün əsl mənasında, dirçəlir”.

Qeyd edək ki, Şuşa Qarabağın sakinlərinin qayıtdığı altıncı yaşayış məntəqəsidir və ilin sonuna qədər ən azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək.

Yol mədəniyyətdir, yol abadlıqdır, yol inkişafdır, tərəqqidir. 30 il ərzində erməni vandalları bütün digər infrastrukturla bərabər, yolları da dağıdıb sıradan çıxarmışdı. Həmin yolların təmirinə hələ Vətən müharibəsinin gedişində başlanıldı. Qısa zaman kəsiyində Şuşaya “Zəfər yolu” çəkildi. Çətin relyef şəraitində Kəlbəcərə ən müasir standartlara cavab verən yolun tikintisinə başlanıldı. 2021-ci ilin oktyabrında təməli qoyulan və inşası sürətlə davam edən Ağdam-Füzuli avtomobil yolu Qarabağ iqtisadi rayonu ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biridir. Bərdə-Ağdam avtomobil magistralının davamı olan bu yolun uzunluğu 64,8 kilometrdir. Xankəndi-Şuşa yolunun təmiri və yenidən qurulması da davam edir.

Qarabağın və Şərqi Zəngəzurun enerji təminatı istiqamətində də nəhəng layihələr həyata keçirilir.
Ötən müddətdə burada bir neçə su elektrik stansiyası inşa edilərək istismara verilib. Hökumətin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı hazırladığı konsepsiyaya əsasən, həmin ərazilərdə istehlak edilən elektrik enerjisinin yalnız bərpaolunan enerji mənbələrindən alınacağı nəzərdə tutulub.

Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun 10 min kvadratkilometrlik ərazisini “yaşıl enerji” zonası elan edib. Dövlət başçısı “Azərbaycan Respublikasının burada “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” 2021-ci il 3 may tarixli Sərəncam imzalayıb. Sənədə əsasən, Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022–2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı Tədbirlər Planı” təsdiq edilib.

Bir sözlə, işğaldan azad edilmiş ərazilərə “Böyük qayıdış”ın addım səsləri hər gün daha ucadan və gur eşidlir. Bu məsələ ölkə prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən edilməsi və müvafiq Dövlət Proqramına daxil edilməsi də çox mühüm faktordur. Bizə də yalnız “Xeyirli-uğurlu olsun” demək qalır.

www.yenicag.az

215
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv