!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Böyük qələbəmizlə yenidən canlanan QARABAĞ: İşğaldan azad olunmuş ərazilərimiz həyata qayıdır - TƏHLİL

!Reklam – Yazi

2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən və Azərbaycanın möhtəşəm qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi ilə ölkəmiz tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail oldu. Bütün cəbhələrdə – istər döyüş meydanında, istər siyasi-diplomatik müstəvidə, istərsə də informasiya cəbhəsində mütləq qalibiyyət əldə edən Azərbaycan tarixinin qızıl səhifələrini yazdı.

Azərbaycan 30 ilə yaxın mövcud olmuş Dağlıq Qarabağ münaqişəsini öz gücü ilə həll etməklə həm də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, ancaq kağız üzərində qalan 822, 853, 874 884 saylı qətnamələrinin icrasını təmin etməyə müvəffəq oldu. Bu isə dünya siyasi tarixinin çox əlamətdar hadisəsidir. Bununla yanaşı, Azərbaycan tarixi zəfər əldə etməklə, olduqca mühüm geostrateji reallıqlar yaradıb. Bu gerçəkliklər regionda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və perspektiv çoxtərəfli əməkdaşlığın təmin olunması üçün həm unikal, həm də universal imkanlar formalaşdırır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində beynəlxalq mediada da qalib Azərbaycanın haqlı, ədalətli və prinsipial mövqeyi açıq şəkildə əks olunub. Beynəlxalq ictimai rəyin ölkəmizin lehinə dəyişməsi yeni mərhələdə Azərbaycanın ardıcıl strateji nailiyyətlər qazanmasını təmin edən mühüm faktorlardan biri kimi çıxış edir. Qeyd edək ki, 44 günlük savaşdan sonra Qarabağ özünün yeni dirçəliş-bərpa dövrünü yaşayır. İşgaldan azad olunmuş Qarabağda minaların təmizlənməsi ilə paralel olaraq dağıdılmış ərazilərin bərpası istiqamətində də genişmiqyaslı işlər həyata keçirilir.

Qarabağda quruculuq işlərinin aparılması üçün 2021-ci ildə olduğu kimi, 2022-ci ilin dövlət büdcəsində də 2,2 milyard manat vəsait nəzərdə tutulub. Bununla paralel şəkildə Azərbaycan prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə “Qarabağ Dirçəliş Fondu” yaradılıb. Bu fond Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.

Eyni zamanda, Qarabağın bərpasında Türkiyə, Pakistan, İsrail, Macarıstan, İran, İtaliya, Böyük Britaniya və başqa dost ölkələrin şirkətləri yaxından iştirak edirlər. Azərbaycan dövləti də həmin ölkələrlə bu sahədə əməkdaşlığın dərinləşdirilməsində maneə olmadığını bəyan edib. Bu çərçivədə vacib məqamlardan biri də budur ki, müasir dövlətlərarası münasibətlər sistemində sülh və təhlükəsizliyin təmin olunması, qarşıdurmaların və silahlı münaqişələrin aradan qaldırılması, ərazi toxunulmazlığı, transmilli cinayətkarlığa qarşı mübarizə müasir beynəlxalq hüququn prioritetlərindən hesab olunur.

Bu fonda Ermənistan siyasi-hərbi rəhbərliyinin 1990-cı illərdən bugünədək Azərbaycan ərazisində və azərbaycanlılara qarşı törətdikləri cinayətkar əməllər barədə bütün sənədlər məhkəmə predmetidir. Belə ki, Qarabağ müharibəsinin aktiv fazası olan 1991-94-cü illər ərzində, həmçinin atəşkəs dövründə, 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-na qədər davam etmiş hərbi əməliyyatların gedişində Azərbaycanın mülki əhalisi, mülki obyektlərinə qarşı cinayətlər törədib. Hazırda müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə müvafiq tədbirlər görülməkdədir.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

692
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv