!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Böyük qumar masasında uduşa qoyulan Ukrayna – Araz Zeynalov yazır

!Reklam – Yazi

Dünyanın təqribən 8 il gözlədiyi müharibə nəhayət, başladı.

Rusiya hamıya bəlli xislətinə uyğun olaraq, Ukraynanı bombardman etməkdədir. Putin bu xain hücumun çoğrafiyasının Donbasla məhdudlaşacağını desə də, Ukraynanın bütün şəhərlərinə raket-bomba yağdırılır. Mülki infrastruktur ağlagəlməz vəhşiliklə məhv edilir, dinc əhali arasında itkilər var, ölkə qorxu və təşviş içərisindədir.

Ukrayna prezidenti geri çəkilməyəcəklərini, işğalçı ilə sona qədər döyüşəcəklərini bildirir. Artıq mülki əhali arasında ərazilər üzrə müqavimət dəstələri yaradılır, könüllülərə silah paylanılır. İnsanların daha təhlükəsiz ərazilərə getmələrinə imkan verilir. Ukrayna mənbələri ehtiyatdakı hərbçilərin sürətli səfərbərliyinin aparıldığını deyirlər. Rusiya dezinformasiya maşınının iddia etdiyinin əksinə, ukraynalılar döyüşdən qaçmırlar.

Yeri gəlmişkən, Rusiyanın hərbi təcavüzündən çox əvvəl başladığı informasiya “savaş”ı yeni sürət yığmaqdadır. Kremldən idarə olunan bu təbliğat-təxribat fəaliyyəti Rusiyanı “qanadsız mələk”, Ukraynaya sabitlik və rifah gətirəcək tərəf qismində göstərir. Amma bu “sülh qoxulu xəbərlər”ə Rusiyada rəsmi təbliğatın zombiləşdirdiyi əhali kateqoriyasından başqa kimisə inandırmaq mümkün deyil. Söhbət Rusiyadan gedirsə, təfərrüata ehtiyac qalmır…

Azərbaycanda da savaşın gedişatı həssaslıqla izlənilir. Sosial şəbəkələrə baxmaq kifayətdir ki, Azərbaycan xalqının Ukraynaya rəğbət və dəstəyini görsün. Rusiyanı bizdən yaxşı tanıyan ölkələr elə də çox deyil axı…

Rusiyanın Ukraynaya hücumu fonunda diqqətlə izlənilən başqa bir istiqamət ABŞ başda olmaqla, Qərb koalisiyasının reaksiyasıdır. Bu ölkələr Rusiya təcavüzünü pisləyir, Kremli yeni sanksiyalarla və digər məsələlərlə təhdid edirlər. Amma sözdən irəli getməyən bu “dəstəyin” Ukraynaya heç bir faydası yoxdur. Aydın məsələdir, Ukrayna hərbi arsenalını və şəxsi heyətin döyüş qabiliyyətini nə qədər gücləndirsə də, Rusiya qarşısında təklikdə şansı yoxdur. Rusiya bu müharibədə qarşısında NATO-nu görmədikcə, çox irəli gedəcək.

Daha irəli gedəcəyi yer isə dünənə qədər Rusiya ilə dil tapmağa çalışan Avropa, onun lokomotivi sayılan Almaniya və Fransadır. Rusiya təhlükəsinin artdığı, hətta ABŞ-nin Ukraynanı silahlandırdığı dönəmdə də Almaniya hücuma məruz qalan ölkəyə silah satmaqdan imtina etdi. Putinlə dil tapmaq üçün Moskvaya gələn Makron isə burnu ovulmuş vəziyyətdə Parisə qayıtdı. Gözlənilən də bu idi. Rusiya önündə onu əzəcək qədər güclü tərəflə toqquşmasa, son dayanacağı la-Manş da ola bilər. Ola bilməz? Putinin Ukraynaya hücum ehtimaalını da çoxları ciddiyə almırdı…

NATO bu gün, bu saat Ukrayna ilə eyni səngərə girməsə, bu davranış böyük bazarlıq şübhələrinin əsassız olmadığını ortaya qoyacaq. Hələliksə supergüclər böyük qumar masasının ətrafına cəmləşirlər. Uduşa qoyulan isə Ukraynadır. Bu oyun pozulmasa, Ukraynanı kimin qamarlayacağı məlumdur…

www.yenicag.az

1373
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv