!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Britaniyada seçki nəticələrinin Ukraynaya müəyyən TƏSİRLƏRİ: "Dəstək Boris Consondan asılı deyil" - ŞƏRH

!Reklam – Yazi

“Böyük Britaniyada baş nazirin kim olmasından asılı olmayaraq Ukraynaya dəstək davam edəcək”.

Bu sözləri Böyük Britaniyanın Baş Naziri Boris Consonun istefası və bu istefanın Ukraynaya verilən dəstəyə təsirinə münasibət bildirən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadə bildirib ki, Boris Consonun istefası Rusiya rəsmiləri tərəfindən hər nə qədər sevinclə qarşılansa da, onlar bu istefanın Böyük Britaniyanın Ukraynaya verdiyi dəstəyə böyük ölçüdə təsir etməyəcəyini də yaxşı başa düşürlər:

“Birincisi, Böyük Britaniyada bu ölkənin Ukraynaya dəstəyi ilə bağlı ciddi fikir ayrılığı yoxdur. İkincisi, Consonun getməsi hakimiyyət dəyişikliyi deyil. Belə ki, onun payızda baş verəcək istefasından sonra belə hakimiyyət Konservatorlar Partiyasında qalacaq. Yəni başqa sözlə, Boris Consonu yenə də Konservatorlar Partiyasından bir başqası əvəzləyəcək. Yəni dəyişən sadəcə fiqurlardır.

Bunu Boris Consonun yerinə iddialı olanların kimliyi də sübut edir. Məlumdur ki, seçki yarışına ilk olaraq 12 nəfər qoşulmuşdu və prosedurlara görə partiyadaxili seçki kampaniyasında iştirak etmək üçün namizədə Mühafizəkarlar Partiyasından azı 20 həmkarının dəstəyi lazım idi. Artıq birinci və ikinci tur seçkiləri başa çatıb və namizədlərin sayı da 5 nəfərə qədər azalıb. Liderliyi isə sabiq maliyyə naziri Rişi Sunak (101 səs) və beynəlxalq ticarət nazirinin müavini Penni Mordont (83) davam etdirirlər. Sonrakı yerləri 64 səslə xarici işlər naziri Liz Truss, 49 səslə bərabərlik və özünüidarə məsələləri üzrə sabiq nazir Kami Badenok və 32 səslə Britaniya parlamentinin xarici işlər komitəsinin rəhbəri Tom Tugendhat tutur. İlkin səsvermələr son iki namizəd qalana qədər davam edəcək və sonda həmin iki namizəd artıq parlamet qrupunda deyil, ümumilikdə partiya üzvləri arasında seçiləcək. Son seçkilər sentyabrın 5-nə planlaşdırılıb.

Hal-hazırda sabiq maliyyə naziri Rişi Sunakın şansları daha çox görünsə də istənilən vaxt dəyişikliklərin olması da istisna edilmir. Belə ki, partiya daxilində hələ də müəyyən nüfuza malik olan Boris Conson partiyadaşlarına müraciətdə Rişi Sunaka səs verməməyə və ondan başqa istənilən namizədi dəstəkləməklə bağlı çağırış edib. Buna səbəb isə Rişi Sunakın xəyanətdə ittiham olunmasıdır. B.Conson və tərəfdarları hesab edir ki, Rişi baş nazirin devrilməsi prosesinə rəhbərlik etmiş adamdır və hökumətdən istefa verən ilk nazir olaraq ona xəyanət edib. Amma yenə təkrar edirəm, söhbət onun və ya hər hansı digər namizədin Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasətinə loyal yanaşmasından getmir. Çünki bu məsələdə hər hansı fikir ayrılığı yoxdur. Dəqiq ifadə etsək, Britaniyanın Ukraynaya dəstəyi Boris Consondan deyil, ictimai rəydən asılıdır və ictimai rəy də ukraynalıların tərəfindədir. Bunun bariz nümunəsi kimi o, Ukrayna bayraqlarının təkcə Londonda deyil, ondan kənarda olan demək olar ki, hər kiçik şəhərdə olmasını göstərə bilərik. Yəni Britaniyanın Ukraynaya dəstək verməsi baş nazirin şəxsi siyasəti deyil, ölkənin siyasətidir və dəyişəcəyini düşünmək sadəlövlük olardı.

Ona qalsa, Boris Conson özü 2015-ci ildə London meri olarkən Krımın ilhaqına və Ukraynanın şərqindəki müharibəyə baxmayaraq, Suriyada terrorçulara qarşı mübarizədə Qərbi Putinlə əməkdaşlığa çağırmışdı. Lakin baş nazir kimi Moskvaya qarşı daha sərt mövqe tutdu və Ukraynanı dəstəkləməyə başladı. İndiki namizədlər də faktiki olaraq eyni mövqedən çıxış edirlər. Xarici işlər naziri Liz Trussun mövqeyi bəllidir və o hesab edir ki, müharibənin dayandırılması üçün Rusiya tamamilə məhv edilməlidir. Penni Mordont isə hələ müharibə başlamazdan əvvəl də Rusiyaya qarşı ən sərt mövqedə olan siyasətçilərdən olub. O bütün çıxışlarında Moskvanı “beynəlxalq nizama və kollektiv təhlükəsizliyimizə təhdid” adlandırır və Qərbi bu təhdidə qarşı var gücü ilə mübarizə aparmağa çağırır.

Sunaka gəldikdə isə o, mənşəcə indusdur, Böyük Britaniyanın ən varlı adamlarından biridir və Vaşinqton tərəfindən də dəstəklənir. Düzdür, Vaşinqton üçün adı çəkilən şəxslərdən kimin baş nazir olmasının böyük ölçüdə elə bir əhəmiyyəti yoxdur. Çünki onların hamısı ABŞ-ni Böyük Britaniyanın ən vacib müttəfiqi olaraq görürlər. Vaşinqtonun Sunaka dəstəyinin kökündə isə başqa maraq dayanır. Məlumdur ki, sanksiyalarla üz-üzə qalan Rusiya faktiki olaraq ən böyük ticarət dövriyyəsini Çin və Hindistanla həyata keçirir. Belə məqamda müəyyən dövr üçün də olsa mənşəcə hindistanlı birinin hakimiyyətdə olması Hindistanı Rusiyanın təsir dairəsindən çıxarmaqda müəyyən rol oynaya bilər. Belə ki, hal-hazırda Hindistanda məhz millətçilər hakimiyyətdədirlər və Böyük Britaniyada hindli birinin baş nazir olması onları İngiltərə ilə münasibətləri inkişaf etdirməkdə maraqlı edə bilər.

Bütün sadalananlar onu deməyə əsas verir ki, Ukraynaya hərtərəfli dəstək Böyük Britaniya Krallığının ümumi xarici siyasət kursu olduğundan, Baş nazirin kim olmasından asılı olmayaraq bu kursun davam edəcəyi şübhəsizdir”.

Səxavət Məmməd

www.yenicag.az

504
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv