!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Brüssel görüşündə fundamental müzakirələrin olacağını belə gözləmək çətindir” – ŞƏRH

!Reklam – Yazi

“Bölgədəki yeni reallıq Azərbaycanın öz gücü və Türkiyə ilə Rusiyanın təsiri əsasında formalaşıb”.

Bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı proqramı çərçivəsində dekabrın 15-də Brüsseldə planlaşdırılan görüşün mümkün nəticələrini dəyərləndirən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, iki ölkə liderinin Brüssel görüşündə ciddi nəticələrin əldə ediləcəyi gözlənilmir:

“Açığı, Azərbaycan və Ermənistan liderlərinin iştirak etdikləri format çərçivəsində onların Brüsseldə planlaşdırılan görüşünün təşkilində növbətçi yanaşmanın olduğunu görürəm. Ona görə ki, Azərbaycan ərazilərinin işğaldan azad olunmasında, Vətən müharibəsindən sonra yaranan yeni reallıqların tanıdılmasında, o cümlədən postmüharibə problemlərinin aradan qaldırılmasında Avropa İttifaqının ciddi iştirakına rast gəlməmişik.

Eyni zamanda, bölgədəki yeni reallıq Azərbaycanın öz gücü və Türkiyə ilə Rusiyanın təsiri əsasında formalaşıb. Belə olan şəraitdə Şərq Tərəfdaşlığı zirvəsi çərçivəsində Azərbaycan prezidenti ilə Ermənistan baş naziri arasında gözlənilən görüşün bölgədə Qarabağ münaqişəsindən sonra yaranmış vəziyyətə aid hansısa məsələnin həlli kontekstində elə bir ciddi nəticə verəcəyini gözləmirəm.

Bu sadəcə, olsa-olsa, Vətən müharibəsindən sonra iki ölkə rəhbərinin növbəti görüşü kimi diqqəti cəlb edə bilər. Əslində, Şərq Tərəfdaşlığı zirvəsində Azərbaycan və Ermənistan liderlərinin görüşündə fundamental müzakirələrin olacağını belə gözləmək çətindir”.

A.Zeynalov

www.yenicag.az

536
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv