!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Brüssel görüşünün İrəvanda ƏKS-SƏDASI: "Ermənistan müxalifətinin əlində bir yol qalır, o da hərbi çevriliş" - ŞƏRH

!Reklam – Yazi

“Azərbaycanın təbii sərvətləri var deyə hakimiyyət dünyanın dediklərinə o qədər də fikir vermir. Bir tək Rusiya ilə hesablaşırıq. Ancaq Ermənistan Rusiya ilə də, Avropa ilə də, ABŞ ilə də hesablaşmalıdır. Çünki onun mövcudluğu xarici ölkələrin xoş münasibətindən aslıdır”.

Bu fikirləri Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün nəticəsini şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında səsləndirib.

Zərdüşt Əlizadə bildirib ki, müharibədən sonrakı dövrdə Azərbaycanın gözləntisi Ermənistanla münasibətlərin tənzimlənməsi, müharibə təhlükəsinin aradan qaldırılması idi:

“Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüş Azərbaycana müsbət nəticələr verdi. Əvvəla, 5 saata yaxın davam edən görüş onu sübut etdi ki, ciddi danışıqlar olub, məsələlər ciddi və təfsilatı ilə müzakirə edilib. Şarl Mişelin dediyi kimi, müsbət irəliləyişlər əldə edilib. Birinci diqqətimi çəkən o oldu ki, demarkasiya və delimitasiya məsələləri ilə məşğul olan komissiya yaradılıb və bu komissiya aprelin sonunda işə başlayacaq. İkinci məsələ o idi ki, sülh müqaviləsinin mətni üzərində iş başlayıb. Onun müxtəlif maddələri müzakirə olunur və razılaşdırılır. Üçüncü məsələ o oldu ki, tərəflər sülhə doğru ciddi şəkildə addımlamaq niyyətində olduqlarını bildirdilər. Şarl Mişel dedi ki, tərəflər söz veriblər ki, gərginlyin azaldılması, sülhün əldə olunması yönündə addımlar atacaqlar. Məncə, Azərbaycan daxilində və Azərbaycan mediasında ermənilərə qarşı aqressiv yazılara və çıxışlara son qoyulmalıdır.

Ermənistan da artıq elan edib ki, nəqliyyat yollarının açılması üçün işlər görəcək. Hətta bu ilin büdcəsində Meğridən dəmiryolun çəkilməsi üçün vəsaitin ayrılması nəzərdə tutulub. O məbləğin mənbəyini müəyyənləşdirmək lazımdır. Çox güman ki, Avropa İttifaqı mənbə olacaq. Ermənistana pul veriləcək. Ermənistanda hansısa şirkət Rusiyanın iştirakı ilə yolu çəkməyə başlayacaqlar. Təxminən bir ildən sonra bizim dəmiryol Mincivana çatanda o yol da hazır olacaq. Beləliklə, biz Zəngəzur deyirik, onlar Meğri deyir, adının nə olmasından aslı olmayaraq, əsas odur, dəmiryol işləsin”.

Politoloqun sözlərinə görə, Türkiyə ilə Ermənistan arasında sərhədin açılması prosesə çox ciddi təkan verəcək:

“Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulmasından sonra sərhədlər açılsa, əminəm ki, türkiyəli iş adamları Ermənistana maraq göstərəcək. Bu, Azərbaycana da çox müsbət təsir edəcək.

Azərbaycanın Ermənistanla iki dəmiryol xətti olacaq. Biri Ağstafa istiqamətindən İcevana, biri isə Zəngilandan Meğriyə. Bundan sonra gediş-gəliş olacaq. Bunun icrasına Ermənistan müxalifəti mane olmağa çalışır. Ayın 5-də 11 mindən çox adamın iştirakı ilə mitinq keçirib bağırırdılar ki, Azərbaycanla heç bir razılaşma olmamalıdır, Qarabağ Azərbaycanın tərkibində ola bilməz. Onlar sadəcə olaraq deyirlər. Artıq Ermənistan dövlətində söz sahibi Paşinyan və onun partiyasıdır. Ermənistan müxalifətinin əlində bir yol qalır, o da hərbi çevriliş, terror aktı. Bunun da dünya tərəfindən necə qəbul ediləcəyini hesablamaq lazımdır. Çünki Ermənistan bir dövlət kimi xaricin münasibətindən çox asılıdır. Xarici ölkələr də deyir ki, Ermənistanla Azərbaycan arasındakı münaqişəyə son qoyulsun. Bir münaqişə dünya gündəmindən silinsin. Bu baş versə, erməni xalqına da, Azərbaycan xalqına da yaxşı olacaq”.

Ermənilərin Qarabağda statusu məsələsinə gəldikdə isə politoloq bunları deyib:

“Əminəm ki, Azərbaycan ermənilərə mədəni muxtariyyət verməyə hazırdır. Mədəni muxtariyyətin tərcüməsi odur ki, öz dillərini, mahnılarını, rəqslərini qorumağa biz tam azadlıq verəcəyik. Qorusunlar. Erməni dilində danışsınlar, erməni dilində oxusunlar, rəqs etsinlər, təki Azərbaycandan torpaq qoparmaq sevdasından əl çəksinlər. Ondan sonra adam kimi yaşaya bilərlər”.

Səxavət Məmməd

www.yenicag.az

604
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv