!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Brüssel müzakirələri gələcəkdə rus sülhməramlılara mandat verilməməsini gündəmdə tuta bilər" - Anar Əsədli

!Reklam – Yazi

“Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri və orada keçirilən görüşlər, aparılan müzakirələr bir çox baxımdan diqqət çəkir”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli bildirib.

“Əvvəla, onu qeyd edək ki, 10 Noyabr Bəyanatından sonra ilk dəfə Azərbaycan və Ermənistan rəhbərlərinin Qərbin vasitəçiliyi ilə Avropada görüşməsi keyfiyyətcə yeni mərhələnin başlandığını göstərir.
Hesab edirik ki, Azərbaycan məsələnin həllini Rusiyanın inhisarından çıxarmaq üçün bundan sonra da Qərb müstəvisində görüşləri, danışıqları davam etdirməlidir. Əsas müttəfiqimiz olan Türkiyənin Rusiyanın dominant statusuna nisbətdə bu istiqaməti dəstəklədiyi də sezilir”, – deyə o əlavə edib.

Anar Əsədlinin fikrincə, görüşdə minalardan təmizlənmə məsələsinin gündəmə gətirilməsi və Aİ-nin texniki yardım təklifini müsbət addım kimi dəyərləndirmək olar:

“Fikrimizcə, saxta xəritələr müqabilində erməni əsirlərin azad edilməsindənsə, qarşılıqlı olaraq əsir məsələsinin gündəmə gətirilməsi daha uyğundur. Nəzərə alsaq ki, Azərbaycanın hələ I Qarabağ müharibəsi dövründən 4 min nəfərdən çox itkin düşmüş vətəndaşı var, bu məsələ mina xəritələri çərçivəsini aşıb müstəqil maddəyə çevrilməlidir.

Aİ-nin ilk dəfə olaraq müharibə itkinləri məsələsinin gündəmə gətirməsi vurğulanmalıdır. Orada Azərbaycandan 4 min itkinin olduğu diqqətə çatdırılıb”.

Partiya Başqanı qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə baş tutan birgə görüşünün Putinin liderliyi ilə keçirilən danışıqlardan vizual fərqi də vurğulanmalıdır. Masanın dəyirmi olması, 1=2 formatında deyil, 1+2 və ya 1+1+1 formatında bərabərliyin, siyasi-diplomatik ifadə azadlığının təmin edilməsi müsbət başlanğıc və nəticə üçün vacib şərtdir.

“Demilitasiya məsələsi ilə baglı razılığa gəlinməsi və işçi qruplarının yaradılıcağı barədə qərarın qəbulu müsbət dəyərləndirilməlidir.

Ermənistan öz ərazisindən keçəcək dəmir yolunu ən yaxın vaxtlarda çəkməyə başlayacağı ilə bağlı öhdəlik götürdü.
Bu görüşdəki müzakirələrin nəticəsi gələcəkdə rus sülhməramlı qüvvələrinə mandat verilməməsi məsələsini də gündəmdə tuta bilər.

44 günlük savaşdan sonra ilk dəfə olaraq dövlət başçılarının təkbətək görüşməsi və görüşün 4 saat yarım çəkməsi ciddi faktdır.
NATO-nun Azərbaycanın ərazi bütövlüyünü tanıması və təsdiq etməsi bizə diplomatik-siyasi müstəvidə yeni imkanlar açır.

Dəfələrlə vurğulamışıq ki, Rusiya da, Qərb də bu münaqişənin həllində indiyə qədər maraqlı olmayıb. Onların maraqlarına, sadəcə, dondurulmuş münaqişə uyğun olub və bu, faktdır. Ancaq Azərbaycan Türkiyənin də dəstəyi ilə və birgə siyasi, diplomatik fəaliyyət yürüdərək bü münaqişədə faktiki olaraq status-kvonu dəyişdi və qalib tərəf oldu. Yeni siyasi situasiyada artıq Rusiya da bölgəyə yerləşdi. Buna görə də biz istər-istəməz manevr imkanlarımızı genişləndirməliyik. Bu baxımdan münaqişənin birdəfəlik həlli üçün Rusiyanın neytrallaşdırılması və böyük sülhə gedən yolda bizə sərf edən variant Qərbin vasitəçiliyidir. Cənubi Qafqazda qonşuluq münasibətlərinin normallaşmasının və münaqişələrin bitməsinin tək yolu Rusiyanı neytrallaşdıra biləcək Qərblə münasibətləri daha da genişləndirməkdən ibarətdir.

Təbii ki, 30 ildə Qərb də bir işə yaramadı, biz bunu gördük. Fransa daim Ermənistanın yanında oldu, Amerikada erməni lobbisi at oynatdı. Ancaq vurğuladığımız kimi, yeni siyasi situasiya yaranıb. Belə olduğu halda Cənubi Qafqazın gələcək inkişafı, əminamanlığı Azərbaycanla Ermənistanın böyük sülh müqaviləsindən keçir.

Bəli, biz qonşuyuq, qonşu ölkələr arasında münaqişələr yaşana bilər. Ancaq münaqişə sonlanmalıdır və buna da tək maneə Rusiyadır. Məhz bu maneəni aradan qaldırmaqdan ötrü Qərblə münasibətlərdən manevr imkanları üçün daha səmərəli istifadə etmək lazımdır”, – deyə Anar Əsədli fikrini yekunlaşdırıb.

www.yenicag.az

450
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv