!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu addım bir çoxlarını hərbi xidmətdən uzaqlaşmaq məcburiyyətinə gətirəcək” – Hərbi ekspertdən XƏBƏRDARLIQ

!Reklam – Yazi

“Bütün hallarda işğaldan azad edilmiş bölgələrdə xidmət keçən hərbçilərin maaşını iki dəfə azaltmaq doğru addım deyil”.

Bu sözləri Yenicag.az-a açıqlamasında ön xətdə xidmət keçən hərbçilərin maaşlarının bir qata endirilməsi haqda sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov deyib.

Tərlan Eyvazov bildirib ki, hərbi qulluqçuların maaşlarının artırılıb-azaldılması bir qurumun qəbul edə biləcəyi qərar deyil:

“Fəaliyyətdə olan nazirlərimizi Ali Baş Komandandan nümunə gətirməyə çağırıram. Əgər maliyyə naziri Samir Şərifov özü bir dəfə də cəbhə bölgəsində olmayıbsa, belə qərarları necə qəbul edə bilir? Samir Şərifov nə etdiyinin fərqindədirmi?

Qalib orduya istər dövlətimiz, istər cəmiyyətimiz əlindən gələn yardımı göstərib və göstərməkdədir. Hərbçilərimizin hər yerdə hörmət gördüyü bir dönəmdə belə qərarın verilməsi nə qədər doğrudur? Bu məsələ müəyyən hüquqi prosedurlardan keçməlidir.

Təkrar edirəm, buna bir nazirlik qərar verə bilməz. Əgər hökumət belə bir qərar qəbul edibsə, bunun normal izahı olmalıdır. Maaşların bir qata endirilməsini bu cür əsaslandırırlar ki, müharibə bitib. Ancaq məsələ ondadır ki, cəbhə xətti genişlənib.

Əvvəllər həmin bölgələrdəki hərbçilər kazarmalarda, hərbi şəhərciklərdə yaşayırdılar, lakin indi çadırlarda yaşayırlar, çünki o ərazilərin relyefi çox mürəkkəbdir.

Bütün hallarda işğaldan azad edilmiş bölgələrdə xidmət keçən hərbçilərin maaşını iki dəfə azaltmaq doğru addım deyil. Azərbaycanla Ermənistan arasında böyük sülh sazişi imzalanarsa, müharibə vəziyyəti tamamilə aradan qalxarsa və hərbçilər üçün normal şərait yaradılarsa, o zaman bu məsələni müzakirə etmək olar.

Hərbçilərin əksəriyyəti aldıqları maaşı öz ailələrinə göndərirlər, faktiki olaraq indi onların bir yerdə yaşamaq imkanı yoxdur. Maaşların azaldılmasıl cəbhə bölgəsində xidmətdə olan MAXE və gizirlərə böyük zərbədir.

Eyni zamanda, maaşların azaldılması bir çoxlarını hərbi xidmətdən uzaqlaşmaq məcburiyyətinə gətirəcək. Bunu başa düşmək lazımdır. Heç kim 500-600 manata dağda-daşda, sərt iqlim şəraitində xidmət etməyə razı olmayacaq.

Bununla belə, rəsmi qaydada belə bir qərarın verildiyinə inanmaq istəmirəm. Çox ciddi narazılıqlar baş verə bilər. Ona görə də, bu məsələ üzərində ciddi düşünmək lazımdır”.

Xatırladaq ki, bu barədə daha əvvəl yayılan xəbərlərə bir neçə gün öncə münasibət bildirən Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı hərbçilərin maaşının azaldılmasına dair iddiaları təkzib etmişdi.

Səxavət Məmməd

www.yenicag.az

6213
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv