!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu arqumentlər ABŞ-ın əlindən alındı: Hərbi əməliyyatların PƏRDƏARXASI

!Reklam – Yazi

“Əgər “Rəfah əməliyyatı” baş tutarsa, bu Benyamin Netanyahu hökumətinin düşündüyü kimi, “hər şeyin başa çatacağı” anlamına gəlməyəcək. Çünki artıq 33 mindən çox insan – bunların 50%-dən çoxu uşaqlardır – İsrail ordusunun bombardmanları nəticəsində qətlə yetirilib”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

Müsahibimiz İsrailin baş naziri Benyamin Netanyahu tərəfindən başladılması gözlənilən “Rəfah əməliyyatı”nın region üçün nəticələrindən söz açıb.

N. Miriyə görə, İsrailin etdikləri, əslində, soyqırımı hadisəsidir və bu yöndə İsraili dəstəkləyən dövlətlərin sayı minimuma düşüb.

“Əksinə, İsraili ittiham obyektinə çevirən dövlətlərin sayı getdikcə artmaqdadır. Bu da təbii olaraq İsrail və onu dəstəkləyən ABŞ üzərində qlobal səviyyədə bir təzyiq yaradır. Çünki bir tərəfdən İsrail Qəzzada soyqırımı törədərkən, digər tərəfdən də BMT Təhlükəsizlik Şurasında ABŞ-nin İsraili müdafiə etmək imkanları azalır. Ona görə ki, müdafiə etmək üçün konkret səbəblər və arqumentlərə ehtiyac var ki, sözügedən arqumentlər artıq ABŞ-nin əlindən alınıb”, – deyə o bildirib.

Analitik əlavə edib ki, İsrailin apardığı əməliyyatların pərdəarxasında çoxlu suallar var:

“Bunların içərisində 33 minə yaxın insanın öldürülməsi və öldürülənlərin böyük əksəriyyətinin uşaqlar olması ilə bağlı sualların isə cavabı yoxdur. Yəni bir tərəfdən, İsrailin terrora qarşı mübarizəsi arqument olaraq istifadə olunursa, başqa tərəfdən də ölən uşaqlarla bağlı sualın cavabı mövcud deyil. Ona görə də ABŞ-nin İsraili müdafiə etməsi getdikcə çətinləşir.

Bu xüsusda baş verənlər həmçinin prezident seçkilərinin keçirilməsi fonunda Bayden administrasiyasının da ciddi şəkildə nüfuzdan düşməsi anlamına gəlir. Çünki ABŞ-də yaşayan İslam ümməti növbəti seçkilərdə Baydenə səs verməyəcəklər. Ona görə də ABŞ hakimiyyəti ciddi şəkildə bunlardan narahatdır. Çünki “Rəfah əməliyyatı” başlayacağı təqdirdə, bu, digər bölgələrdən qaçıb Rəfaha sığınan fələstinlilərin kütləvi qırğınına gətirib çıxara bilər ki, bu da, əslində, yeni bir müharibə dalğası deməkdir. Bu yöndə konkret Rəfah qapısı ilə həmsərhəd olan Misirin də açıqlaması var. Fikrimcə, Misirin sərhədləri boyunca belə bir əməliyyatın keçirilməsi yüz minlərlə fələstinlinin Misir torpaqlarına köç etməsi anlamına gəlir ki, bu da humanitar faciəyə yol aça bilər”.

Siyasi təhlilçinin qənaətinə görə, əslində, İsrail və ABŞ-nin pərdəarxasındakı istəyi ondan ibarətdir ki, Qəzzadakı fələstinliləri sıxışdıraraq, Misirə doğru yönəltsinlər və onlar Sinay yarımadasında yerləşdirməklə Qəzzanı fələstinlilərdən təmizləsinlər:

“Həm Misir, həm də Səudiyyə Ərəbistanı bu plana qarşıdırlar. Ona görə də “Rəfah əməliyyatı” region üçün böyük təhlükə yaradır. Əgər regionda Türkiyə və İran kimi geosiyasi amilləri də buraya əlavə etsək, nəticədə Yaxın Şərqdə böyük bir faciənin yaranması istisna edilmir.

Əslinə qalsa, ABŞ hakimiyyəti bu narahatlıqları bölüşür və bununla bağlı Netanyahu hökumətinə də xəbərdarlıq edirlər. Ancaq görünən odur ki, Netanyahu iqtidarı hələlik bu cür çağırışlara o qədər də fikir vermir”.

Rafi Müslümov

www.yenicag.az

168
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv