Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu parlament seçkilərinə namizədliyini irəli sürüb.
Yenicag.az xəbər verir ki, o, bu barədə şəxsi “Facebook” hesabında yazıb. ”Parlament seçkilərində iştirak edirəm, seçicilərimi, media ictimaiyyətini və dostları dəstəyə səsləyirəm” – deyə, qeyd edən Arifoğlu, beləliklə, iddialı namizəd İqbal Ağazadəyə rəqib olub.
Sözü gedən açıqlamanın mətnini təqdim edirik:
”Dəyərli dostlar.
Bu gün seçki hüququmdan istifadə edərək, 35 saylı Xətai 3-cü seçki dairəsindən deputatlığa namizədliyimi irəli sürdüm. Bunun üçün lazım olan sənədləri səlahiyyətli nümayəndəm DSK-ya təqdim etdi.
– Niyə Xətai, niyə 35?
– Bu dairə kimindir? Passiv seçki hüququ olan hər bir Azərbaycan vətəndaşının, indiki deputat Araz Əlizadənin, dostum İqbal Ağazadənin, yoxsa mənim?
– Kimin şansı nə qədərdir?
– Arifoğlu gəldi, Əlizadə gedəcəkmi, parlament əlizadəçilik utancından qurtulacaqmı?
– Seçkilərin gedişində kiminsə xeyrinə namizədliyimdən imtina edə bilərəmmi?
Bu və başqa suallara növbəti statusumda cavab yazacam. Detallı və səmimi!
İndi isə bu bəyanımı edərək, bütün dostları, media ictimaiyyətini, Xətai 35 saylı 3-cü Seçki Dairəsində yaşayan Facebook istifadəçilərini dəstəyə səsləyirəm.
Seçki təcrübəsi olan fəalları, siyasi texnoloqları, ziyalıları, gənc könüllüləri, tələbələri seçki qərərgahıma dəvət edirəm. Gəlin Azərbaycan üçün, demokratiya və haqlar uğrunda birgə çalışaq!
Birlikdə Azərbaycanda ən nümunəvi bir kampaniya keçirdək! Yeni ilin ən gözəl hadisəsini bərabər hazırlayaq!
Sayğılarla, Rauf Arifoğlu, Yeni Müsavat Media Qrupunun rəhbəri
(Daha detallı və bütün suallarla bağlı irəliləyən saatlarda yazacam)”.