!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu gün dahi bəstəkar Asəf Zeynallının anım günüdür

!Reklam – Yazi

Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır. Bu gün dahi bəstəkarın anım günüdür.

Yenicag.az xatırladır ki, Asəf Zeynallı 1909-cu ildə Dərbənddə doğulub. Yeddi yaşı olanda anası onu Dərbənd Realnı məktəbinə qoyub. O, burada uşaq xorunda oxumağa başlayıb, klarnet çalmağı öyrənib. Həmin illərdə Dərbənddəki nəfəsli orkestr yay axşamlarında şəhər parkında konsert verirdi. Asəf də hərdənbir orkestrin tərkibində klarnet çalmağa dəvət edilib.

Asəfin 11 yaşı olanda ailəsi Bakıya köçüb. O, əvvəlcə hərbi məktəbin nəzdindəki nəfəsli orkestrdə truba çalmağı öyrənib, sonra Bakı Musiqi Texnikumunun truba, violonçel, fortepiano siniflərində təhsil alıb. “Truba üçün pyes”ini 14 yaşında texnikumda özü ifa edib.

Asəf Zeynallı 1923-26-cı illərdə Bakı musiqi texnikumunu, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində Üzeyir Hacıbəyovun sinfini bitirib. 1929-1931-ci illərdə türk (Azərbaycan) fəhlə teatrında musiqi bölməsinin müdiri və Azərbaycan proletar musiqiçiləri birliyinin sədri işləyib. Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olublar.

23 il ömür sürməsinə baxmayaraq, Asəf Zeynallı milli musiqi sənətində silinməz iz qoyub. Milli romans, piano və simfonik musiqinin banisidir. Onun “Ölkəm”, “Sərhədçi”, “Çadra”, “Sual”, “Seyran” romansları milli vokal musiqimizin inciləridir. Piano üçün “Uşaq süitası” silsiləsi, “Çahargah” pyesi, skripka və piano üçün “Muğamsayağı”, iki fuqa, simfonik orkestr üçün “Fraqmentlər”, teatr tamaşalarına musiqi, xalq mahnıları işləmələrinin müəllifidir. Azərbaycan musiqi folklorunun toplanıb nota köçürülməsi və işlənməsi sahəsində böyük iş aparıb. “İbtidai not savadı” adlı dərslik tərtib edib.

O, həmçinin türk (Azərbaycan) fəhlə teatrında oynanılan Cəfər Cabbarlının “Sevil”, “Qayıdış”, X.Nəzirli və S.Rüstəmin “Alov”, A.Həmidin “Hind qızı”, V.Kirşonun “Küləklər şəhəri” əsərlərinə musiqi bəstələyib, “Uşaq süitası” əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repertuarının əsasını qoyub. Asəf Zeynallı 70-ə yaxın Azərbaycan xalq mahnısını nota alıb. Cəfər Cabbarlının sözlərinə bəstələdiyi “Ölkəm” romansı ən məşhur əsəri hesab olunur.
A.Zeynallı Azərbaycan musiqi folkloru nümunələrinin toplanması üçün Qarabağa səfər edir və orada da ağır xəstələnir. Qarın yatalağına tutulan bəstəkar müalicə almaq üçün Bakıya qayıdır. O, xəstəxanada olarkən otağının divarına son simfoniyasını yazır və qardaşından əsərinin divardan kağıza köçürülməsini xahiş edir. Təəssüf ki, onun son vəsiyyətini heç kim yerinə yetirmir…

Beləcə, Asəf Zeynallı 27 oktyabr 1932-ci ildə, yaradıcılığının inkişaf etdiyi bir dövrdə, yatalaq xəstəliyindən vəfat edir. Çəmbərəkənd qəbiristanlığında dəfn olunur, sonralar qəbri “Qurd qapısı” qəbiristanlığına köçürülür. Məzarının baxımsız vəziyyətdə olması bir neçə dəfə Azərbaycan mediasında gündəmə gəlib və tənqid edilib.

Asəf Zeynallı musiqiçi Kövkəb Səfərəliyeva ilə nişanlı olub. Asəf Zeynallı 1932-ci ildə 23 yaşında vəfat etdikdən sonra Kövkəb xanım ondan sonra heç vaxt ailə həyatı qurmayıb.

Bakı Musiqi Kolleci və paytaxtın küçələrindən biri bəstəkarın adını daşıyır.

www.yenicag.az

184
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv