!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Bu halda vətəndaşlar öz haqlarından lazımi səviyyədə yararlana bilməz - Əldə qalan özəlləşdirmə çeklərinin aqibəti necə olacaq?

!Reklam – Yazi

1997-ci il yanvarın 1-dək anadan olan hər bir Azərbaycan Respublikası vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verilib.

Özəlləşdirmə çeklərinin hər birinin dəyəri eynidir – 1/32 milyonda hissədir. Eyni zamanda, bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Beynəlxalq hüquqa, Konstitusiya və qanunlara, Ulu Öndər Heydər Əliyevin və dövlətin tarixi sosial ədalət siyasəti prinsiplərinə əsaslanaraq hüquq ekspertlərinin yekdil qərarına görə, qanunla miras Əmlak Payı – mülkiyyət hüququnu təsdiq edən sənəd kimi Özəlləşdirmə Çekləri dövlət qiymətli kağızı kimi birincili olaraq yerləşdirildiyindən sonra bütün özəlləşdiriləcək dövlət əmlaklarının 65 faizlik (50+15) mülkiyyət hüququ vətəndaşlara məxsusdur. Qanunla dövlət bir emitent kimi buraxdığı və birincili olaraq yerləşdirdiyi qiymətli kağızların təsdiqlədiyi mülkiyyət hüquqlarının sahibi deyil. Konstitusiya və qanunlarla dövlət artıq qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrdən vətəndaşlara məxsus olan 65 faiz əmlak payını – mülkiyyət hüququnu kompensasiya etmədən və vətəndaşlarla razılaşdırmadan heç kimə satıla bilməz.

Mövzu ilə bağlı Azərbaycan Milli Məclisinin I və II çağırış üzvü, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında bildirib ki, özəlləşdirmə çeklərindən istifadə məsələsi qanunvericiliklə müəyyən olunub və tənzimlənib:

“Bu, ümumi ictimai mülkiyyətdən hər bir vətəndaşın payının ayrılması deməkdir. Əgər xeyli sayda vətəndaş hər hansı səbəbdən sahib olduğu özəlləşdirmə çeklərindən istifadə etməyibsə, ədalət naminə onların da həmin mülkiyyətdə olan payı tanınmalıdır. Yəni istifadə olunmamış çeklərin yenidən dövriyyəyə çıxarılması ilə əlaqədar qərar verilməlidir. Çünki özəlləşdirmə çekləri həmin şəxsin mülkiyyətdə olan payını müəyyənləşdirir. Bu payın az və ya çox olması o qədər də əhəmiyyət kəsb etmir. Lakin istənilən halda çeklərin tədavülü yenidən bərpa olunarsa, bu, insanlara fayda verə bilər”.

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov isə öz növbəsində vurğulayıb ki, özəlləşdirmə çekləri ilə bağlı məsələ zamanla tez-tez gündəmə gəlir. Bu məsələ zamanında dövlət tərəfindən insanlarımıza münasibətdə atılmış müxtəlif addımlardan biridir ki, Sovetlər Birliyi süquta uğrayandan sonra dövlətə məxsus olan əmlakların özəlləşdirilməsi prosesində vətəndaşlarımızın iştirakına münbit şərait yaradılsın:

“O vaxt bəzi xoşagəlməz hallar nəticəsində bir çox insanlarımız prosesdən kənardan qaldılar. Belə ki, həmin çeklərin ucuz qiymətə alınmasına nail olan bir sıra şəxslər özəlləşdirmə çeklərindən yararlanmalı olan vətəndaşların hüquqlarını pozmağa yol açan addımlar atdılar. Bu gün çekləri əllərində qalan və dövlətin onlar üçün yaratdığı imkandan istifadə etməkdən məhrum olan vətəndaşlar var. Təbii ki, bununla bağlı zamanla müəyyən çağırışlar edilir. Unutmayaq ki, bu məsələ dövlətin səlahiyyətində olan məsələlərdən biridir. O vaxt özəlləşdirmə çeklərinin bir əldə cəmlənməsinə şərait yaradan və insanların çekləri dəyər-dəyməz qiymətə satılmasına imkan yaratmış şəxslərin də günahı az deyil. Bu gün özəlləşdirmə çeklərinin istifadəsi mümkün olmasa da, zamanla bu problemin öz həllini tapacağını düşünürəm.

İkinci Qarabağ savaşından sonra vətəndaşlarımızın Azərbaycan dövlətinə, dövlətçiliyinə və ölkə başçısına etimadı getdikcə artmaqdadır. Ölkə başçısı özünün müvafiq çıxışlarında vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması istiqamətində fikirlər səsləndirir və bu istiqamətdə müxtəlif sənədlər qəbul edilir. Eyni zamanda, dövlət tərəfindən müxtəlif addımlar atılır. Hesab edirəm ki, özəlləşdirmə çeklərinin tədavülə buraxılması da vətəndaşların sosial rifahının daha da yaxşılaşdırılmasına təkan verə bilər. Bu istiqamətdə addımın atılması əlində çeki qalan vətəndaşların maddi rifahına müsbət təsir göstərəcək və bu, çox yaxşı bir hal olar. Fikrimcə, dövlətin müvafiq qurumları bu məsələdə əvvəllər yaşanmış sui-istifadə hallarından vətəndaşları sığortlamaq şərtiylə, növbəti addımlar ata bilərlər. Çünki bu prosesin yenidən kortəbii həyata keçirilməsi növbəti dəfə bəzi fürsətcil qüvvələr üçün şərait yarada bilər və nəticədə pay sahibi olan vətəndaşlar öz haqlarından lazımi səviyyədə yararlana bilməzlər. Bu halda vətəndaşların etimadı sarsıla bilər”.

Özəlləşdirmə çekləri ilə bağlı ətrfalı məlumatla BURADAN tanış ola bilərsiniz.

www.yenicag.az

867
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv