!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

"Bu, Laçın dəhlizi ilə bağlı addım atılacağına dair mesajdır" - Hərbi ekspert

!Reklam – Yazi

“Məlumatın kütləviləşdirilməsini növbəti mərhələdə Laçın dəhlizi ilə bağlı addım atılacağına dair mesaj kimi qiymətləndirmək olar”.

Bunu Laçın dəhlizindən Qarabağa hərbi texnika daşınmasını və bunun səbəblərini şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elxan Şıxəliyev bildirib ki, ermənilər və ruslar, belə desək, dəhlizin ağını çıxarıblar:

“Dövlət Təhlükəsizlik Xidmətinin açıqlamasından da əlavə, Müdafiə Nazirliyinin döyüş növbətçiliyi aparan postlarından da Laçın dəhlizindən texnikaların daşınması müşahidə olunur.

Açıq daşına bilən, kamufilə edilərək daşınan, bir də TIR-ların içərisində daşına bilən texnikalar var. Onlar çalışırlar ki, texnikaları gecə vaxtı və üstüörtülü formada müşahidə vasitələrimizlə müşahidə edə bilməyəcəyimiz vəziyyətdə daşısınlar.

Bilirik ki, Rusiya sülhməramlıları oradakı qeyri-qanuni birləşmələri yenidən maksimum təşkilatlandırırlar. Xüsusən də, ermənilərin Birinci ümumqoşun ordusunun şimal cəbhəsindəki 10-cu dağatıcı diviziyası müharibədən əvvəl harada idisə, indi də öz yerlərində qalıb. Cənub cəbhəsindəki 18-ci diviziyası isə geri çəkiləndən sonra Ermənistanda əvvəlki böyük ümumqoşun ordusunun mini variantı formasında Qarabağ ərazisində təşkilatlandırdılar. Qarabağda bir diviziya qədər qüvvə var. Ordunun tərkibində diviziya, alaylar, taborlar olur. Orada artıq hərbi ştat strukturu yaradıblar. Müharibə zamanı həmin bölmələrin texnikaları və texniki vasitələri müharibədə istifadə olunub. Çoxunu da Azərbaycan hava vasitələri və artilleriya ilə sıradan çıxarıb. Əgər hərbi birlik (biz ona qeyri-qanuni birləşmə deyirik), onun ştat strukturu varsa, ştatına görə də silahlanması olmalıdır. Müharibə vaxtı məhv edilmiş, Azərbaycan tərəfindən qənimət götürülmüş texnikaların yerini doldurmalıdırlar.

Qeyri-qanuni hərbi birləşmə yaradıblar, şəxsi heyəti müqaviləli formada cəlb etməklə ştatdakı yeri doldura bilirlər. Qarabağda kişi qismində nə varsa, hamısı həmin “ordu”nun müddətdən artıq xidmət edənləridir.

Hazırda ümumi desək, olmayan texnikaların yerini doldururlarsa, komplektləşirlərsə, bu, günün birində Azərbaycana qarşı istifadə etmək planının tərkib hissəsidir.

Laçın dəhlizindən mülkilərin gediş-gəlişi başa düşləndir. DTX rəsmisinin bunu açıqlaması o anlama gəlir ki, erməni tərəfinin etdiklərindən dövlət xəbərdardır və onların, belə desək, dəhlizin ağını çıxarıblar. Məlumatın kütləviləşdirilməsini növbəti mərhələdə addım atılacağına dair mesaj kimi qiymətləndirmək olar”.

Səxavət Məmməd

www.yenicag.az

207
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv