“Bu seçkilərdə QHT Şurasının xətti ilə layihələrin icrasına vaxt çatmayacaq” – Məhərrəm Zülfüqarlı

“Bizə bu barədə sual verənlərin əksəriyyəti xaricdən iri həcmdə qrant alan QHT-lərin təmsilçiləri olurlar”.

Bu fikirləri Yenicag.az-a müsahibəsində QHT-lərin 11 aprel seçkilərində müşahidəçilik fəaliyyətinin təşkilinə yönəlik vəziyyətə münasibət bildirən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib.

– Növbədənkənar prezident seçkilərinin təyin edilməsi bir çox siyasi qüvvələrlə yanaşı, seçki monitorinqi ilə məşğul olan QHT-ləri də faktik olaraq seytnota saldı…

– Əksinə, mən belə hesab edirəm ki, növbədənkənar prezident seçkilərində müşahidəçiliyin təşkil edilməsi üçün kifayət qədər vaxt var. Bilirsiz, bir təşkilat uzun müddət seçkilərin monitorinqi ilə məşğuldursa, ölkənin bütün regionları üzrə yerli strukturlarını yarada bilibsə, bu məsələdə çətinliyi olmamalıdır. Növbədənkənar seçki elan olunan kimi, biz AVCİYA olaraq, yerlərdəki strukturlarımızı hərəkətə keçirtdik və artıq bölgələrdə seminarların təşkilinə başlamışıq. Hansı təşkilatın zəruri imkanları yoxdursa, vaxt məsələsi onlardan ötrü sadəcə, bəhanədir.

– Dediyiniz seminarları hansısa layihə çərçivəsində həyata keçirirsiz, yoxsa öz imkanlarınız hesabına?

– Bizim təşkilatın fəaliyyət imkanlarını nüfuzlu beynəlxalq qurumlar da yaxşı bilirlər. Çoxları təşkilatımızın konkret fəaliyyəti ilə maraqlanmaqdansa, hər zaman soruşurlar ki, bu işləri hansı maliyyə hesabına həyata keçirirsiz? Təbii ki, istənilən qeyri-hökumət təşkilatı ya öz imkanları, ya da ki donorların dəstəyi əsasında fəaliyyət göstərir, müxtəlif layihələr icra edir. Əsas odur ki, AVCİYA 10 ildən artıqdır ki, dövlətçiliyi əsas götürərək, bu missiyanı yerinə yetirir və seçkilərdə müstəqil müşahidəçiliyi təşkil edir. Bütün bu işlər isə həm müəyyən donorların maliyyə dəstəyi, həm də ki öz imkanlarımız hesabına görülür. Maraqlıdır ki, bizə bu barədə sual verənlərin əksəriyyəti xaricdən iri həcmdə qrant alan QHT-lərin təmsilçiləri olurlar. Lakin AVCİYA xarici mənbələrdən maliyyələşən qurum deyil. Xaricdən maliyyələşən QHT-lər adətən, bəlli mərkəzlərin sifarişlərini yerinə yetirirlər və bu üzdən də bizə qısqanclıqla yanaşırlar.

– Yenə vaxt məsələsinə qayıdıram. Siz problem olmadığını desəz də, bu işlərin təşkili xeyli zaman tələb edir…

– Seçkilərdə monitorinqin təşkili və MSK-nın fəaliyyətinin müşahidəsi üçün vaxt var. Bu fəaliyyətin mühüm elementlərindən biri prosesin mövcud qanunvericiliyə uyğun qaydada aparılmasının izlənməsidir ki, bunu da həyata keçirtmək imkanındayıq. Bundan başqa, namizədlərin irəli sürülməsi, onların qeydiyyata alınması, təşviqat kampaniyasının və səsvermə günü müşahidənin aparılması işi təşkil olunmalıdır. Yəni bu işlərin görülməsi ilə bağlı vaxt azlığından şikayətlənmək artıq təcrübəsizliyin əlamətidir.

– Yaxşı, vaxt və icraçı kontingent var, ancaq monitorinq fəaliyyətinin həyata keçirilməsinə maliyyə də lazımdır axı…

– Əlbəttə, maliyyə lazımdır. Bu məqam mənə bəzi siyasətçilərin seçkidə iştirakdan imtina etmələrini qeyri-ciddi surətdə əsaslandırmağa çalışdıqlarını xatırlatdı. Onlar gurultu ilə deyirdilər ki, seçkiləri boykot edirlər, yaxud iştirakdan imtina edirlər. Ancaq seçkini boykot etməkdən o təşkilat danışa bilər ki, onun seçkidə iştirak üçün minimum gücü olsun. Seçkiyə qatılacaq namizədin ən azı beş min müşahidəçisi olmalıdır. Tək bu məqamdan çıxış etsək deməliyik ki, o namizəd ən azı beş min adama maaş verməlidir. Bundan başqa, digər xərcləri də nəzərə alanda seçkidə iştirakın nə qədər geniş resurs tələb etdiyini görərik. O baxımdan, hakim partiyadan başqa hansısa digər qüvvənin belə geniş imkanlara malik olduğu inandırıcı görünmür. Bəlkə də tanımadığımız bu və ya başqa namizədin belə bir imkanı var, ancaq bu barədə yalnız ehtimal üzərində danışa bilərik. Sözsüz ki, seçkilərin müşahidəsi ilə məşğul olan təşkilat da bu işləri əliboş vəziyyətdə həyata keçirə bilməz. Bax, məsələn, sabah bölgələrə səfərimiz var – Yevlax, Mingəçevir, Ağdaş və Naftalanda seminarlarımız keçiriləcək. Ora gedib çıxmaq, seminar üçün normal yer tutmaq və digər məqamlar vəsait tələb edir. Bu məsələlərin öz imkanımız hesabına həll olunması təşkilatın gücünün göstəricisidir. Beynəlxalq qurumlar da AVCİYA-nın bu fəaliyyətini qiymətləndirirlər.

– Onda belə anlaşılır ki, vaxt amilinə görə əsas milli donor olan QHT Şurasının xətti ilə sırf seçkilərə yönəlik layihələrin həyata keçirilməsi mümkün olmayacaq…

– Bəli, QHT Şurasının qrantı əsasında seçki ilə bağlı nəsə layihə həyata keçirtmək istəyirlərsə, bu, alınmayacaq. Şura yəqin hələ Novruz Bayramı ərəfəsində qrant müsabiqəsini elan edəcək. Qəbul ediləcək layihələrin maliyyələşdirilməsinə isə artıq seçkilərdən sonra başlanılacaq.

A.Zeynalov

COP29