Bu şəxslərə pulsuz psixoloji yardım göstəriləcək

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Psixoloji yardım haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilib.

Yenicag.az xəbər verir ki, layihə 6 fəsil, 22 maddədən ibarətdir.

Qanun layihəsi Azərbaycanda psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.

Layihə səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.

Layihəyə görə, psixoloji yardımın bu növləri var:

psixoloji profilaktika və maarifləndirmə -psixoloji problemləri yaradan amillər və şəraitlər haqqında məlumatlanma;

psixoloji məsləhət (konsultasiya) – şəxsin psixoloji problemlərini başa düşməsi və həll etməsi üçün göstərilən yardım prosesi;

psixoloji dəstək – şəxsin adaptasiya qabiliyyətinə təsir edə biləcək psixoloji problemlərin aşkar edilməsi və qarşısının alınması;

psixoloji diaqnostika – psixoloji problemlərinin öyrənilməsi məqsədilə şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətlərinin qiymətləndirilməsi;

psixoterapiya – psixoloji metodlardan istifadə edərək psixi pozuntuların müalicəsi;

psixoloji reabilitasiya və psixoloji korreksiya – psixi sağlamlıq problemləri olan şəxsin psixososial uyğunlaşması və səmərəli sosial davranışının bərpa olunması və ya inkişafı;

psixoloji ekspertiza – müvafiq qanunvericiliyə uyğun olaraq şəxsin müxtəlif məqsədlərlə bağlı olan psixi vəziyyətinin qiymətləndirilməsi;

psixoloji treninq (psixoloji təlim) – psixologiya sahəsi ilə əlaqəli olan yeni biliklərin, vərdişlərin və münasibətlərin inkişafına yönəlmiş aktiv öyrənmə üsulu.

Psixoloji yardımın formaları bunlardır:

psixoloji yardım alan şəxslə mütəxəssis arasında qarşılıqlı əlaqənin formasından asılı olaraq – bilavasitə və vasitəli (telefon, internet və digər texniki vasitələrdən istifadə etməklə);

iştirakçıların sayından və tərkibindən asılı olaraq – fərdi, cütlük, ailə, qrup;

davam etmə müddətindən asılı olaraq – təcili, birdəfəlik, qısamüddətli (12 məşğələyə qədər), uzunmüddətli (12 məşğələdən çox).

Psixoloji yardım dövlət büdcəsinin vəsaiti hesabına (ödənişsiz) və ya yardım alan şəxsin vəsaiti hesabına (ödənişli) göstərilir.

Bu hallarda şəxsin ödənişsiz psixoloji yardım almaq hüququ var:

şəxsin yaşayış yeri və ya olduğu yer üzrə dövlət ambulator-poliklinika müəssisəsində və ya həmin müəssisənin göndərişi ilə ixtisaslaşdırılmış dövlət tibb müəssisəsində;

məktəbəqədər və orta təhsil müəssisələrində – təhsilalanların;

tutulmuş və həbs edilmiş şəxslərin;

penitensiar müəssisələrdə cəza çəkən şəxslərin, eləcə də cəza çəkməkdən azad edilmiş və psixoloji yardıma ehtiyacı olan şəxslərin;

dövlət yardım mərkəzlərində məişət zorakılığından zərər çəkmiş şəxslərin (zəruri hallarda zərər çəkmiş şəxslər üçün psixoloji reabilitasiya kursları daxil olmaqla);

Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət keçən hərbi qulluqçuların;

hərbi əməliyyatlar zamanı zərər çəkmiş şəxslərin;

sosial xidmətə cəlb olunmuş şəxslərin;

fövqəladə hallar zamanı zərər çəkmiş şəxslərin, onların ailə üzvlərinin, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslərin;

peşə fəaliyyəti yüksək təhlükə mənbəyi ilə bağlı olan şəxslərin – işəgötürənin vəsaiti hesabına;

tibbi-sosial reabilitasiyası zamanı əlilliyi olan şəxslərin və onların ailə üzvlərinin.

COP29