Azərbaycan ordusunun martın 12-dən başlayan irimiqyaslı hərbi təlimlərinin Ermənistanda ciddi narahatlıqla izləndiyini və ekspert çevrələrində geniş müzakirə olunduğunu xəbər vermişdik. Stokholmda mənzillənən beynəlxalq sülh problemləri İnstitutu SIRRI tərəfindən silah ixracına dair açıqlanmış hesabatın bu təlimlərlə eyni vaxta təsadüf etməsi də düşmən ölkədə narahatlığı artırıb.
Həmin hesabatdan məlum olurdu ki, Azərbaycan 2016-2017-ci illərdə Rusiyadan 36 vahid “Solntsepyok” TOS-1A ağır odsaçanları (daha əvvəl isə 18 vahid alınmışdı), 800 vahid tank əleyhinə yüksək dəqiqlikli “Xrizantema” raketi, o cümlədən İsraildən 220 vahidə yaxın “Spike NLOS” tank əleyhinə raketləri də daxil olmaqla çoxsaylı yeni silah-texnika alıb. Bunlar hələ açıq mənbələrdə yer alan məlumatlara əsasən hesabata daxil edilib.
Virtualaz.org qeyd edir ki, Azərbaycanın silahlanmanı yüksək templə davam etdirməsi və 25 minlik canlı qüvvə, yüzlərlə tank və zirehli texnika, 1000-ə yaxın artilleriya-raket sistemləri cəlb etməklə irimiqyaslı təlimlər keçirməsi Ermənistanda Bakının seçkilərdən sonra Qarabağda müharibəyə başlaya biləcəyinə dair narahatlıqları artırıb. Baxmayaraq ki, Azərbaycan ordusu ilk dəfə deyil bu cür irimiqyaslı təlimlər keçirir.
“Armworld” erməni saytında dərc edilən və ruscaya tərcüməsi inosmi.ru portalında yerləşdirilən məqalədə müəllif Vardan Qriqoryan Azərbaycan Müdafiə Nazirliyinin təlimlərlə bağlı məlumatına istinad edərək ssenarinin Ermənistan üçün çox qorxunc olmasından bəhs edib. Belə ki, təlimlərin ssenarisinə əsasən Azərbaycan ordusu əvvəlcə düşmənin cəbhə boyu irimiqyaslı hücumunun qarşısını alır, atəş zərbəsi ilə onu tələfata uğradır, müdafiəni əlverişli xətt üzrə bərpa edir. Və daha sonra irimiqyaslı əks-hücum əməliyyatlarına başlayır.
Müəllifə görə təlimlərin ssenarisi Azərbaycanın Qarabağda müharibəyə başlayarkən hansı taktikaya üstünlük verəcəyini nümayiş etdirir. İddia edilir ki, Bakı erməni tərəfinin birinci hücum etdiyi barədə rəy yaradacaq, bu məqsədlə hətta ola bilsin bəzi mövqeləri bilərəkdən tərk edəcək. Bununla da irimiqyaslı əks-hücuma keçmək üçün legitim haqq təmin edəcək.
Məqalədə deyilir ki, təlimlərin ssenarisinin üçüncü bəndinə əsasən Azərbaycan real döyüş əməliyyatları zamanı əks hücuma keçərək Ermənistan ordusunun Qarabağdaı arxa cəbə obyektlərinə, kazarmalara və Qarabağı Ermənistanla birləşdirən yollara güclü zərbələr endirəcək. Hazırda erməni birləşmələrinin nəzarətində videomüşahidə vasitələri olduğuna görə erməni mövqelərinə xəlvəti yaxınlaşmaq mümkün deyil. Ona görə də eyni zamanda bütün cəbhə boyu-Naxçıvandan Qazaxa qədər təzyiq göstəriləcək. Lakin Zəngəzur və Qazax-Gədəbəy istiqamətlərində zərbələr daha çox Qarabağ istiqamətində əsas zərbələrdən diqqəti yayındırmağa xidmət edəcək.
Habelə Azərbaycan ordusu erməni qoşunlarını əsas istiqamətlərdə mühasirəyə almaq üçün arxa cəbhəyə desant ata və ağır texnikanın tətbiqi imkanları qazana bilər. Müəllif bildirir ki, bu təlimlərin ssenarisi 2016-cı ilin apreli ərəfəsində keçirilən təlimlərin ssenarisinə oxşayır. Ona görə də Ermənistan indidən beynəlxalq təşkilatların diqqətini bu təlimlərə cəlb etməlidir.
Ötən gün Müdafiə Nazirliyi təlimlərin döyüş atışlı mərhələsinə dair qısa videoroliki yayıb. Bu görüntülərə əsasən Azərbaycan ordusu hücuma keçən düşmənin qarşısını güclü artilleriya, minomyot, reaktiv artilleriya sistemləri və tank zərbələri ilə alır. Daha sonra aviasiya düşmən birləşmələrinə zərbələr endirir və ardınca tank və digər zirehli texnikanın dəstəyi ilə irimiqyaslı əks-hücum başlayır.
Qeyd etmək lazımdır ki, 2016-cı ilin aprel döyüşlərindən sonra Qarabağ hərbi əməliyyatlar teatrında gözlənilməzlik effekti həqiqətən azalıb. Azərbaycan silahlı qüvvələrinin Baş qərargahında da bunu nəzərə alırlar və həmin vaxtdan bu yana keçirilən təlimlərdə əsas diqqət düşmənin müdafiə xəttinin bütün atəş vasitələri tətbiq edilməklə kütləvi zərbələrlə darmadağın edilməsinə yönəldilir. Məhz bu səbəbdən son iki ildə silahlanmaya yeni artilleriya və reaktiv sistemlər daxil edilir, beləliklə də atəş vasitələri sarıdan düşmən üzərində üstünlük daha da artırılır. Eyni zamanda tank əleyhinə raketlərin arsenalı o dərəcədə genişləndirilir ki, düşmənin döyüş meydanında zirehli texnikadan istifadə etmək şansı demək olar qalmasın.