!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Camaatın uşağı - Aqil Bəkir yazır

!Reklam – Yazi

Dünən Belçikada 11 yaşlı Loran Simonsun Anvers Universitetinin Fizika fakültəsinin üç illik proqramını bir ilə tamamlayaraq ali məktəb məzunu olması barədə məlumat verildi. İQ səviyyəsi 145-ə bərbər olan oğlan bununla da 11 il qabağa düşdü. Genetika və digər səbəbləri bir kənara qoysaq, xüsusi bilik və bacarığa sahib uşaqlarla özəl məşğul olmağın, yetişdirməyin nə qədər vacib olduğunu görmüş olduq.

Bəs o əjdahadan niyə bizdə yoxdur?

Azərbaycanda təhsilin durumu ilə bağlı müxtəlif səpkili yazılar qələmə alsaq da, “Sözümüz var”ın böyük hissəsini bu mövzuya ayırsaq da, təəssüf ki, nə tası dəyişirlər, nə hamamı yeniləyirlər. Aşıq gördüyünü çağırdığı kimi təhsilin inkişaf etdirilməsindən məsul qurumlar da elə hey bildiyini edir. İctimai rəyə nə fikir verən var, nə də vecinə alan…

Amma və lakin bütün günahı da dövlət qurumlarının üstünə ata bilmərik. Uşaq birinci evdə, sonra isə məktəbdə mövcud sistem çərçivəsində formalaşır. Bu mənada, neçə ailə övladının inkişafı üçün vaxt ayırır, cədvəl qurur və ya onun düşüncəsini formalaşdırmaq üçün xüsusi yanaşma sərgiləyir? Ataların “Qabında nədirsə, odur” misalı var, ancaq valideynlər o qabı doldurmağa cəhd edirlərmi? Yanlış üsullarla və ya üsulsuz yetişdirilmiş uşaqların gələcəyini qaranlığa qərq etdiklərinin fərqində deyillərmi? Zənnimcə, bu sualların cavabı bəllidir.

Sistemlər sisteminin yetim təhsili

Başdan yanlış yetişdirilən, bilgidən yoxsun buraxılan uşaqlara bir zərbə də təhsil sistemindən vurulur. Daha doğrusu, kağız üzərində sistemli görünən, fəqət sistemin “s”si belə olmayan zaddan.

Kurikulum adlanan yeni təhsil proqramının tətbiqindan başlayaq. Ənənəvi tədrisdən yeni tədrisə keçid zamanı yaşanan qarışıqlıq hələ də şagirdləri “kəsir”. Bu proqrama məktəblərimiz, müəllimlərimiz hazır deyildi. Proqramın adi İKT şərti paytaxtın mərkəzi məktəblərində belə ödənməzkən ucqar dağ kəndindən danışmağa dəyməz.

Məktəblərin kommunikasiya ilə təchizindən daha ciddi problem isə sırf bu proqram üzrə ixtisaslaşmış müəllimlərin olmamasıdır. Pedaqoji kadrlar hazırlanan neçə universitetdə müəllimlər məhz bu proqram əsasında dərs keçir? 3-5 aylıq kursla və ya proqramın müddəalarını əzbərləməklə olmaz bu işlər. Gərəkdir ki, gələcəyin müəllimləri bu proqramı universitetdə oxuduqları müddət ərzində öyrənsinlər, mənimsəsinlər. Məktəbi qoyaq bir kənara, universitetlərdə bunu təmin edəcək şərait varmı? Təəssüf!

Bütün bu sadalananlar və deyilməyən daha neçə naqisliklər sonda proqramın kurikulum, tədrisin ənənəvi olması ilə nəticələnir. Ən ciddi zərbə isə şagirdlərə vurulur.

Sonra isə lazımi biliklə təmin edilməmiş abituriyentlərin universitetlərə qəbulunu asanlaşdırmaq üçün qəbul imtahanları iki dəfə keçirilir və bu, “ikinci şans” kimi ictimaiyyətə sırınır. Savadsızlaşdırmanın harası ikinci şansdır? Universitetlərdə yerlərin tam dolması üçün bir milləti savadsızlıq uçurumuna yükləmək ancaq milli kimlik və düşüncələrdən uzaq şəxslərin əməli ola bilər.

Hörmətli Dövlət İmtahan Mərkəzi bakalavriaturaya və magistraturaya qəbul imtahanlarını iki dəfə keçirməklə yetinməyərək Azərbaycan dili fənni üzrə daha əvvəl keçirilən imtahanlardan qeyri-məqbul qiymət alan abituriyentlər üçün yenidən imtahan keçirmək qərarına gəlib. Bu nə məntiqdir belə? Ümumiyyətlə, bütün bu addımlar hansı əsaslarla atılır axı?!

Suallar, suallar, suallar…

Hər şeydə dünyadan geri qala bilərik, ancaq milliləşdirmədə yox. Kurikulumu milliləşdirdik, Boloniyanı milliləşdirdik…

Boloniya sistemini tamamilə mahiyyətindən uzaqlaşdırıb əcaib və amorf bir sistemsizlik ortaya çıxardılar və bu gün tələbələrin əksəriyyəti, hətta deyərdim, böyük çoxluğu bu sistemin əsas müddəalarını bilmir. Bunu qoyaq bir kənara, neçə tələbə universiteti 4 ildən daha tez bitirə biləcəyindən xəbərdardır?

Bütün bu suallar zəncirinin yekununda Üzeyir Hacıbəyovun “Təhsil” satirik hekayəsindən misal gətirmək yerinə düşər:

“Yoldaşlarımızın içində bir dələduzu vardı, dedi:

– Axund, hesab elmi oxumaq haramdır, yoxsa halal?

Dedi:

– Haramdır.

Dedi:

– Bəs bu elm necə ki, məsələn, mən istəyirəm biləm, cibimə nə qədər pul qoyum ki, putu altı manatdan iki kəllə qənd və girvənkəsi iki manatdan beş girvənkə çay alıb, üstünə nəqd on beş manat pul qoyub bir axunda göndərim.

Axund dedi:

– O cürə elmi oxumaq nə haramdır, nə halal, ancaq savabdır”.

“Camaatın uşağı”nın əldə etdiyi uğurun nədən qaynaqlandığı aydın oldumu?

www.yenicag.az

681
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv