Cavid Qurbanovun yeni “Parlament fraksiyası”: Dəmiryolunun “şef”i kimlərə mandat “qazandırmaq” istəyir?

İki dəfə – III və IV çağırış 123 saylı Kəlbəcər Seçki Dairəsindən Milli Məclisin deputatı seçilən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanovun bu dəfə namizədliyini irəli sürməsə də, parlamentdə “öz fraksiyası”nı yaratmağa cəhd etdiyi iddia olunur.

Belə ki, Cavid Qurbanovun 9 fevral seçkilərində Milli Məclisə iki namizəd keçirmək planını həyata keçirməyə çalışdığı söylənilir.

Həmin namizədlərdən biri Qurbanovun qohumu, hazırda Kəlbəcər rayon icra hakimiyyətinin başçısı olan Aqil Məmmədovdur. Aqil Məmmədovun deputatlığa namizədliyi 123 saylı Kəlbəcər Seçki Dairəsindən qeydə alınıb.

İşğal altındakı rayonun icra başçısı Aqil Məmmədovun fəaliyyətini əks etdirən məlumatlar heç də birmənalı deyil. Ölkə mətbuatında onun haqqında ən çox yazılan mövzu isə Məmmədovun xidməti istifadə üçün aldığı avtomobillərin qiyməti ilə bağlıdır. Avtomobillərə xüsusi marağı ilə seçilən başçı gah 13 min, gah da 250 min dollara maşın almaqla uzun müddət gündəmdə qalmışdı.

Baxın, icra başçısı rəhbərlik etdiyi rayon rayon işğal altında olduğu bir şəraitdə korrupsiya qoxulu satınalmalara əl atırsa, görün, o, Kəlbəcər işğal edilməsəydi, hansı “kombinasiyalar” qurardı…

Kəlbəcər sakinlərinin Aqil Məmmədovdan müxtəlif instansiyalara göndərdikləri şikayət məktubları qalaq-qalaqdır. İcra başçısı olan zaman rayon sakinlərinin heç bir problemini həll etməyən bu “kiçik padşah” deputat mandatına sahibləndikdən sonra seçicilərinə nə gün ağlaya bilər?

Prezidentin bu və ya başqa bir rayonun icra başçısını vəzifəsindən azad etməsi haqqında sərəncamı açıqlananda, ən çox ürəyi çırpınan Aqil Məmmədov üçün toxunulmazlıq statusu olan deputatlıq 5 illik “sığorta” da sayıla bilər.

Məsələ ondadır ki, Məmmədovu Milli Məclisin yeni tərkibinə salmağa çalışan fiqurun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov olduğu deyilir.

Qohumunu vəzifədə irəli çəkən Cavid Qurbanov bu dəfə onu “rüşvət və korrupsiya bataqlığı”ndan çıxararaq, parlamentdə oturtmaq niyyətindədir. Bu, həm də, Cavid Qurbanovun özünə yenidən qismət olmayan deputat mandatını Məmmədova “ötürmək” cəhdi kimi də başa düşülə bilər.

Lakin Cavid Qurbanovun Milli Məclisdə “oturtmaq” istədiyi tək namizəd Aqil Məmmədov deyil. Onun özünə daha yaxın birini – “Azərbaycan Dəmir Yolları” QSC-də maliyyə və iqtisadiyyat idsrəsinin rəis müavini Vəsilə Abdulovanı da parlamentdə görmək istədiyi də deyilir.

Vəsilə Abdulova 99 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizəddir. Abdulovanın rəsmi vəzifəsi “Azərbaycan Dəmir Yolları” QSC-də maliyyə və iqtisadiyyat idsrəsinin rəis müavini olsa da, onu idarədə “paket paylayan” kimi tanıyırlar.

Belə ki, idarədə işləyən şəxslərdən əldə etdiyimiz məlumata görə, Vəsilə Abdulova Cavid Qurbanova yaxın olan şəxslərə aylıq “paket” verməklə məşğuldur. Başqa sözlə, Cavid Qurbanov vəzifə pillələrində yüksəltdiyi Abdulovanı bu də Milli Məclisə “yerləşdirməyi” planlaşdırır.

Vəsilə Abdulovanın həmin seçki dairəsində ciddi bir rəqibi də yoxdur.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) 99-cu dairədən irəli sürdüyü namizəd Nurlan Həsənov tanınmış şəxs deyil.

Belə anlaşılır ki, Cavid Qurbanov özünün səs hüququ olmayacaq yeni parlamentdə “iki səs”lə təmsil olunmaq istəyir. Onun bu iddiasının haradan qaynaqlandığını isə ancaq Qurbanovun özü bilir…

COP29